Enerji qəzası iqtisadiyyata milyonlarla zərər vurubbackend

Enerji qəzası iqtisadiyyata milyonlarla zərər vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 3-4-də Mingəçevir İES-də baş verən qəza, enerji təchizatında yaranmış fasilələr Azərbaycan iqtisadiyyatına ciddi zərər vurub.

Belə ki, hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamən dayanıb.

Elektrik təchizatı təmin olunandan sonra bu müəssisələrin fəaliyyəti tədricən bərpa edilir. Prezident yanında keçirilən müşavirədə verilən məlumatdan aydın olur ki, neft emalı zavodunda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Baş nazirin birinci müqavini Yaqub Eyyubovun sözlərinə görə, katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcək: “İlkin ehtimala görə, görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcəkdir. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir”.

“İki gün ərzində elektriklə bağlı problem ölkə iqtisadiyyatına on milyonlarla ziyan vurub”. Bu barədə qaynar.info-ya iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, dəymiş zərərin tam hesablanması üçün müxtəlif sahələrlə bağlı rəqəmlərin olmasına ehtiyac olduğunu bildirib: “Dəymiş zərəri tam hesablamaq hələlik mümkün deyil. Bunun üçün müxtəlif sahələrdən – ticarətdən, xidmət sahəsindən, istehsaldan, nəqliyyatdan və s. rəqəmlər daxil olmalıdır ki, ümumi rəqəm çıxarılsın. Amma hadisənin miqyasını nəzərə alsaq, düşünürəm ki, burada on milyonlarla manatdan söhbət gedəcək. Çünki elektrik enerjisinin kəsilməsi bütün ölkə ərazisini əhatə etmişdi və bütün sahələrdə problem yaşanmışdı. Bunun dəqiq hesablanması üçün bütün sahələrlə bağlı əlimizdə rəqəmlər olmalıdır. Açığı, tezliklə belə rəqəmlərin olacağını düşünmürəm”.

Dövlət müəssisələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən özəl qurumlar da elektrik kəsintisindən zərərlə çıxıblar. Bütün iri müəssisələrin işi dayanıb, ticarət obyektlərində, anbarlarda soyuducu sistemləin işləməməsi məhsulların xarab olmasına gətirib çıxarıb. İstehsalın, satışın dayanması özəl müəssisələri zərərə salıb.

Elektrikin olmaması mobil rabitə şirkətlərinin fəaliyyətində də problemlərə səbəb olub. Bir sıra ərazilərdə müştərilərə xidmət göstərmək mümkün olmayıb.

Göründüyü kimi, elektrik təchizatında yaranan fasilələr həyatın bütün sahələrində, xüsusilə də iqtisadiyyatda zərərə səbəb olub. Böyük ehtimalla, dəyən zərərin miqdarını hadisəni araşdıran Dövlət Komissiyası dəqiq müəyyənləşdirəcək. Ona qədərsə görünən budur ki, Mingəçevir İES-dəki yanğının fiziki nəticələri ilə birlikdə dəyən zərər yüz milyonlarla manatı ötüb keçir.

İnterpress.az