Əbədi şeirin yaşarı Müşfiq…backend

Əbədi şeirin yaşarı Müşfiq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində repressiya qurbanı olmuş görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

İnterpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil olunan tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Əbədi şeirin yaşarı Müşfiq” mövzusunda məruzə ilə çıxış edib.

R.Hüseynov 1930-cu illərdə xalqın quruculuq əməllərinin ilhamlı tərənnümçüsü olmuş həyatsevər Müşfiqin poeziyasının gözəlliyindən bəhs edib, milli fikir və düşüncənin məhvinə yönəlmiş repressiya illərinin məşum siyasi oyunlarını yada salıb. Qeyd edilib ki, vaxtilə haqsız təqiblərə hədəf olmuş Müşfiq şəxsiyyəti və yaradıcılığı bu gün müstəqil Azərbaycan dövlətinin tarixi yaddaşa diqqət və qayğısının nəticəsi olaraq layiqli dəyərini almaqdadır. Mikayıl Müşfiq XX əsrin əvvəllərində milli poeziyamızı yaratmış və inkişaf etdirmiş görkəmli şairlər nəslinə mənsubdur. Qısa ömür yolunda cəmi on il poetik fəaliyyətlə məşğul olmasına baxmayaraq, onun qələminin məhsulu olan lirik şeirlər və poemalar, dünya ədəbiyyatından tərcümələr bədii irsimizdə dərin və silinməz izlər qoyub.

Sonra muzeyin əməkdaşlarının “Qəlblərdə yaşayan sənətkar”, “Müşfiq poeziyasında gənclik eşqi”, “Əbədilik qazanmış Müşfiq obrazı yaddaşlarda və sənətdə” mövzularda məruzələri dinlənilib. Məruzələrdə nakam şairin həyat və yaradıcılığından söz açılıb.

İnterpress.az