“Son illər ərzində aparılan islahatlar bəhrəsini verib”backend

“Son illər ərzində aparılan islahatlar bəhrəsini verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan hökumətinin neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsini də diqqət mərkəzində saxlaması mühüm əhəmiyyət kəsb edir. Paytaxtda, eləcə də regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin elektrik enerjisi, su və qaz ilə təchizatının gücləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi və s. istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Sosial sahəyə irihəcmli investisiyalar yönəldilir.

Bu isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlılığını şərtləndirir. Bu məsələyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında toxunaraq qeyd edib ki, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bilib: “Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik”.

Dövlət başçısı bu ilin göstəricilərinə əsaslanaraq deyib ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir: “Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir”.

İqtisadiyyat üzrə ekspert Elvin Babayev “İnter press”ə bildirdi ki, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi tərəqqinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir: “Azərbaycanda neftdən əldə olunan gəlirlər hesabına infrastrukturun modernləşdirilməsi, qeyri-neft iqtisadiyyatına sərmayə yatırılması, ümumi daxili məhsulun həcmindən artıq strateji valyuta ehtiyatlarının yaradılması, biznes mühitinin daha da yaxşılaşması və ölkəmizin beynəlxalq tranzit imkanlarının çoxalması nəticə etibarilə iqtisadi inkişafa təkan verib. Respublikada elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib. Nazirlər Kabinetinin müşavirəsində cənab Prezidentin dediyi kimi, son illər ərzində aparılan islahatlar öz gözəl bəhrəsini verib”.

Onun fikrincə, məqsəd qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempini məqbul səviyyədə saxlamaqdır: “Respublikada yaranmış sabitlik və normal iqtisadi mühit mövcud tərəddüdləri aradan qaldıraraq təbii sərvətlərlə zəngin olan ölkəmizə marağı artırmaqdadır. Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi və s. tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur”

İnterpress.az