Xınalıqda 2500 yaşı olan “ölülər şəhəri” tapıldı – FOTObackend

Xınalıqda 2500 yaşı olan “ölülər şəhəri” tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, Xınalıq arxeoloji ekspedisiyası institutun elmi arxivinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi altında həyata keçirilib.

Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, İdris Əliyevin bildirdiyinə görə, dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin, “Xınalıq” tarixi-memarlıq və etnoqrafik qoruğu ərazisində yerüstü, o cümlədən, memarlıq abidələri qeydə alınıb. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmayıb.

İ.Əliyevin məlumatına görə, onun rəhbərlik etdiyi Xınalıq arxeoloji ekspedisiyası tərəfindən bu ilin tədqiqat mövsümündə Xınalıq kəndinin cənub-şərqindəki ərazidə e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən nekropol aşkar edilib. Coğrafi şəraitdən və relyefdən qaynaqlanan obyektiv çətinliklərə baxmayaraq, ekspedisiya əhəmiyyətli nəticələrə imza atıb.

İlkin aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, daş plitə parçaları ilə divarları üzlənmiş və üzəriləri daş plitələrlə örtülüb. Aşkar edilmiş skeletlər əsasən sağ, həmçinin sol böyürü, həm də beli üzərində uzadılmış vəziyyətdədirlər. Onların kəllələri şimal-qərbə istiqamətlənmişdir. Skeletlər və onlardan nümunələr antropoloji və d. çeşidli analizlər üçün götürülüb.

Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkar edilib. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar (nizə, ox ucluqları və d., o cümlədən, iskitlərə xas ox ucluğu), tuncdan bəzək əşyaları (qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr — alınlıqlar, saç sancaqları və d.), çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və d. maddi mədəniyyət nümunələri qeyd edilib. Maddi mədəniyyət nümunələri ərazinin müasir Azərbaycanın Şimali-Qərb və Şimali-Şərq regionları,, həmçinin, müasir Dağıstan (Rusiya Federasiyası) ilə öz dövründə intensiv mədəni əlaqələrə malik olmasını bariz nümayiş etdirməkdədir.

Xınalıqda 2500 yaşı olan "ölülər şəhəri" tapıldı - FOTO

“Nekropolda hələki tədqiq edilmiş 12 qədim qəbirin tarixini təqribən e.ə. I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə, e.ə. V-III əsrlərə aid etmək olar. Bu ehtimalı qəbirlərin quruluşu, dəfn inventarındakı materiallar əsasında irəli sürə bilərik. Amma gələcəkdə ərazidə daha geniş arxeoloji və arxeometrik araşdırmalar nekropolun sərhədlərini və zaman çərçivəsini dəqiqləşdirəcək. Digər tərəfdən, nekropolun mövcudluğu yaxınlıqda həmdövr qədim məskənlərin də olmasına işarə edir”.

Xınalıqda 2500 yaşı olan "ölülər şəhəri" tapıldı - FOTO

Əliyevin bildirdiyinə görə, Xınalıq nekropolunun aşkar edilməsini, Azərbaycan arxeoloji xəritəsində daha bir “boşluğun” aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünüməxsus coğrafi mövqeyinə və relyefinə görə bu zonanın qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Kəşfin və tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş materiallara görə, son-tunc — ilk dəmir dövrünün sonu ilə antik dövrün ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikri irəli sürmək mümkündür. (publika.az)

Xınalıqda 2500 yaşı olan "ölülər şəhəri" tapıldı - FOTO

İnterpress.az