Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” – MÜSAHİBƏbackend

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az-ın əməkdaşları Ukraynaya səfər zamanı azərbaycanlılarla görüşlərini davam etdiriblər. Növbəti müsahibimiz Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov olub. Əməkdaşlarımız azərbaycanlı diaspor rəhbərinin ofisində Hikmət Cavadovdan maraqlı müsahibə alıblar.

– Hikmət müəllim, öncə ondan başlayaq ki, Ukraynanın mərkəzində bu cür ofis açdığınızı gözləmirdik. Bunu öz hesabınıza etmisiz?

– Əlbəttə. Ofisdə nə görürsüzsə, öz gücümüzə nail olmuşuq. Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, bizim ofis Ukraynada yaşayan azərbaycanlıların qərargahı kimi fəaliyyət göstərir. Ofisdə azərbaycanlılara pulsuz hüquqi yardım göstərən hüquqşünasımız çalışır. Bundan başqa UABD-nin saytı, Diaspor TV də burada yerləşir.

– Ofisi icarəyə götürmüsünüz, yoxsa şəxsi mülkünüzdü?

– İcarəyə götürmüşük. Artıq 5 ildir burda otururuq. Əvvəlki ofisimiz Maydanda yerləşirdi. Sadəcə, ora gedib-gəlmək müəyyən çətinliklər yaradırdı. Maydan hadisələrindən sonra ofisin yerini dəyişdik. Oturduğumuz ofisdə hər şeyi sıfırdan başlamışıq. Burda gördüklərinizin hamısını özümüz etmişik. Mən böyük fəxarət hissi ilə deyə bilərəm ki, bizim ofisimiz Avropada ən böyük və texniki təchizatı yüksək olan ofislərdən biridir.

– Ukraynada yaşamaq maddi cəhətdən də əlverişli deyil. Ofisin icarə haqqını və digər məsələləri necə həll edirsiz?

– Hamısını şəxsi hesabımıza edirik. Əlbətdə, çətinlikllrimiz var. İstədiklərimizin hamısını həyata keçirə bilmirik. Amma buna baxmayaraq Azərbaycan adina gücümüz çatan her şeyi etməyə çalışırıq. Elə layihələr var ki, mövcud imkanlar onları reallaşdırmaq çətinliklər yaradır. Düşünürük ki, yeni yaranan Diaspora Dəstək Fondu Azərbaycanın maraqları naminə reallaşdırmaq istədiyimiz layihələrin həyata keçirilməsinə yardımçı olacaq. Biz bu vaxta qədər gördüyümüz işlərin müqabilində nə Azərbaycan dövlətindən, nə də ki ölkəmizin buradakı səfiriliyindən heç bir maddi dəstək almamışıq. Doğrusu, belə bir istəkdə də olmamışıq.

– Bir çox diaspor rəhbərləri ictimai işi milli mətbəximizin təqdim olunması kimi başa düşürlər. Bu yolla Azərbaycanı tanıdacaqlarını düşünürlər. Bəs, bu kimi məsələlərə siz necə yanaşırsız?

– Bunun üçün diaspor təşkilatına ehtiyac yoxdur. Ukraynada yetərincə Azərbaycan restoranları var. Milli yeməklərimiz də öz adı ilə təqdim olunur. Biz hələ də dolma davası aparırıq. Dolma davası aparmaq lazım deyil. Əgər həmin ölkədə diaspor təşkilatı güclüdürsə, həmin ölkənin siyasi həyatına qarışmalı, siyasi proseslərdə iştirak etməlidir. Riskə getməli, mövqe nümayiş etdirməlidir. Əlbəttə, bu, təkcə vəzifə üçün deyil. Baxmayaraq ki, cənab Prezident İlham Əliyev diaspor təmsilçiləri ilə son görüşündə bu məsələ üzərində xüsusi dayanmış, xaricdə yaşayan azərbaycanlıların dövlət qurumlarına inteqrasiyası məsələsini də gündəmə gətirmişdi. Biz cənab prezidentin bu tövsiyəsini əldə rəhbər tutaraq, həmin vəzifələrə ictimai-siyasi prosesləri keçməklə nail olmaq istəyirik. Ola bilər ki, hansısa diaspor təşkilatı fəaliyyət göstərdiyi ölkənin müxalif siyasi partiyası ilə də bu və ya digər dərəcədə əməkdaşlıq etsin. Gəlin nəzərə alaq ki, bu gün müxalifətdə olan təşkilat sabahın iqtidarıdır. Biz bunu öz təcrübəmizdə görmüşük. Məsələn, konkret olaraq bizim təşkilat həm birinci, həm də ikinici Maydan hərəkatında yaxından iştirak edib. Həmin hərəkatların nəticəsində əvvəlcə Yuşenko, daha sonra isə Poroşenko iqtidarı meydana gəlib. Məhz bu fəaliyyətimizə görə biz indiki hakimiyyət komandası və parlament üzvləri arasında xeyli dostlar qazanmışıq. Bu baxımdan Ukrayna kimi ictimai-siyasi həyatı həssas olan ölkələrdə diaspor təşkilatları təkcə hakim dairələrlə əməkdaşlıq etməməlidirlər. Bunun üçün səfirlik var və dövlətin siyasi xəttini də məhz onlar həyata keçirir.

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ

– Kənar müşahidələrə görə xaricdə yaşayan azərbaycanlılar, xüsusən də imkanlı soydaşlarımız diaspora dəstək vermirlər. Bu qənaətlərlə razısınızmı?

– Siz də bilirsiz ki, bizim diaspor tariximiz yenidir. Hansı ki, Yusif Vəzir Çəmənzəminlidən tutmuş Ağabəyzadəyə kimi bu sahədə müəyyən işlər görülüb. Diaspor işi ictimai-siyasi fəaliyyətdir. Kimisə məcburən bu işlərə cəlb etmək olmaz. Təşkilatımızda müxtəlif təbəqələri təmsil edən insanlar var. Onların hər biri Azərbaycana könüllü şəkildə xidmət edirlər. Görüşlərimizdə, tədbirlərimizdə və digər layihələrimizdə iştirak etməklə diaspor hərəkatına öz töhfələrini verirlər. İmkanlı şəxslərə gəlincə, deyə bilərəm ki, bu fakt təəssüf ki, var. Biz illərdir bu tilsimi qırıb Ukraynada yaşayan imkanlı azərbaycanlıları diaspor işinə daha yaxından dəstək vərməyə cəlb etməyə çalışırıq. Təəssüf ki, bu, müəyyən səbəblərdən alınmır. Səbəblərdən biri görülən işlərin layiqincə qiymətləndirilməməsi və diqqətsizlikdir. Ukraynada bir çox diaspor təşkilatları var. Onların fəaliyyətini araşdırsanız, görərsiz ki, bir çoxunun yalnız adı var. Lakin bəzən bu kimi adı var, özü yox təşkilatlara hansısa qüvvələrin maraqları daxilində daha çox diqqət göstərilir. Bu da əslində real işlə məşğul olan, Azərbaycana xidmət edən təşkilatlarda təmsil olunan soydaşlarımızda haqlı narazılıqlar yaradır, insanları diaspor işindən uzaqlaşdırır. Haqlı olaraq deyilir ki, “onsuz da iş görənlə görməyən arasında fərq qoyulmur, niyə öz resurslarımızı boş yerə xərcləməliyik?”. Mən illərdir bu kimi suallarla qarşılaşıram.

Elə məhz bu kimi məsələlərə görə əvvəllər Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazı olmuşam və bunu açıq-aşkar demişəm. Əvvəlki rəhbərliyin tutduğu ədalətsiz mövqe insanları ruhdan salırdı. Təsəvvür edin, sözün düzünü dediyimizə görə, təşkilatımızın və mənim adımı Dövlət Komitəsinin əvvəlki saytından çıxartmışdılar. Düşünürəm ki, bu, cılız hərəkət idi. Amma indi Diaspor Komitəsinin rəhbərliyi dəyişib, ölkənin yeni diaspor strategiyası müəyyənləşdirilib, inanırıq ki, hörmətli Fuad Muradovun sədrliyi ilə Komitə diaspor təşkilatları ilə münasibətləri onların malik olduğu potensiala, resurslara və iş əmsalına görə quracaq.

– Diaspor təşkilatları ilə səfirlik arasında koordinasiya olmalıdırmı? Bizdə elə düşünürlər ki, səfirlik hər bir məsələdə diaspor təşkilatına dəstək verməlidir.

– Məsələnin hüquqi tərəfi var. Azərbaycan səfirliyi dövlətin xarici siyasətini həyata keçirməklə yanaşı, burada yaşayan soydaşlarımızın probləmləri və konsulluq məsələləri ilə də məşğul olur. Yəni diplomatik missiyasını yerinə yetirir. Götürək elə diaspor təşkilatlarını. Əgər bizim təşkilat Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş olsaydı, onların və digər strukturların qarşısında hər hansı öhdəliyi yaranardı. Bizim təşkilat Ukraynada qeydiyyatdan keçib və bu ölkənin qanunları ilə fəaliyyət göstərir. Diaspor təşkilatı ilə səfirliyin mütləq fərqi var. Səfirlik Azərbaycanın dövlət büdcəsindən maliyyələşir və burada çalışanlar gördükləri işə görə dövlətdən yüksək məbləğdə məvacib alır, digər imtiyazlara sahibdirlər. Diaspor təşkilatlarına gələnlər isə könüllülərdir. Yəni vaxtını, pulunu və əsəblərini sərf edib maddiyyat güdmədən çalışanlardır.

Səfirliyin dəstəyinə gəlincə, hesab edirəm ki, qarşılıqlı əməkdaşlıqda fayda var. Ümumi anlamda biz hamımız Azərbaycan dövlətinə xidmət edirik. Lakin səfirlik bizim fəaliyyətimizin istiqamətlərini müəyyənləşdirə, təsir göstərə və işimizə müdaxilə edə bilməz, sadəcə təklif verə bilər. Yəni, mənim dəyişməz mövqeyim budur ki, diaspor təşkilatı səfirliyin alt qurumu deyil. Bizim fəaliyyətimizi ancaq Diasporla iş üzrə Dövlət Komitəsi tənzimləyə bilər. Amma dediyim kimi, əməkdaşlıq mütləq olmalıdır və biz buna həmişə açıq olmuşuq.

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ

– Bir az konkretləşdirək. Səfirlik nələrə müdaxilə edir, təsir göstərir? Güman ki, görünməyən tərəflər var.

– Bundan əvvəlki səfirimiz Eynulla Mədətlinin fəaliyyət göstərdiyi dövrdə bir yerdə çalışdıq, tədbirlər keçirdik, kitablar çıxartdıq və s. Maydan hadisələrinin 3-cü günü çıxış etdim ki, Azərbaycan diasporu Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyir. Səfir mənə dedi ki, “Ukraynanın 5-ci kanalında sənin çıxışını göstəriblər. İnanmadım. Bu doğrudurmu?!\”. Hadisədə iştirak etdiyimi təsdiqləyəndə, “niyə mənə bu barədə heç nə deməmisən” deyə sual verdi. Cavab verdim ki, \”desəydim, etiraz edəcəkdiz, ona görə də öz bildiyimi etdim\”.

İndi isə səfir Azər Xudiyevdir. Azər müəllimə qədər biz bu ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişik, əlaqələr qurmuş, ayrı-ayrı yerli təşkilatlarla birgə layihələr gerçəkləşdirmişik. Maydan hadisələrində də 3 ay gecə-gündüz rahatlığın nə olduğunu bilməmişik. Həyatımızı riskə atmışıq. Sübut etmişik ki, bu ölkədə yaşayan azərbaycanlılar Ukrayna xalqının yanındadırlar. Belə çıxır ki, hər 4-5 ildən bir səfir dəyişəcək və biz də öz fəaliyyətimizi yeni gələn səfirin istək və arzularına uyğun qurmalıyıq… Belə olmamalıdır. UABD oturuşmuş diaspor təşkilatıdır. Biz ciddi diaspor təşkilatından danışırıqsa, bu halda hər bir qurum öz mandatına uyğun fəaliyyət göstərməlidir. Qohumluq, dostluq, tanışlıq prinsipləri ilə işləmək olmaz.

Sizə maraqlı bir fakt açıqlayım. Bu yaxınlarda səfirimiz Azərbaycan mətbuatına müsahibə verib ki, guya mənə görə onu Ukrayna Xarici İşlər Nazirliyinə çağırıblar. Müsahibəni oxuyan kimi dərhal Xarici İşlər Nazirliyinə məktub yazdım. Cavab verdilər ki, sizin səfirinizə bu barədə heç nə deməmişik. İndi soruşuram: təsir necə olur?! Yaxud da Ukraynanın milli təhlükəsizlik naziri mənim deportasiya olunmağım barədə qərar vermişdi. Halbuki, məni deportasiya etməyə ixtiyarları yoxdur, daimi oturum iznim var. Haqqımda çıxarılan məktubu götürüb mətbuat konfransı keçirdim. Çox uzatmayacam. Bu məktuba görə bir neçə nəfəri işdən azad etdilər ki, etdiyiniz siyasi təqibdir. Daha sonra mənə dedilər ki, \”bizdən nə istəyirsiz?! Bunların arxasında sizin səfiriniz durub\”. Yənə soruşuram: təsir necə olur?!

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ

– Maydan hadisələri zamanı avrointeqrasiyanın tərəfdarı oldunuz və Ukraynada hökumət dəyişikliyi baş verdi. Amma sadə vətəndaşlarla ünsiyyət zamanı belə anladıq ki, heç də yeni hökumətdən razı deyillər. Bu hadisələrdə Ukrayna daha çox uduzdu. Siz bu barədə hansı düşüncədəsiz?

– Biz Avrointeqrasiyaya qarşı getmirik. İndi Avrointeqrasiya üçün seçilmiş hökumət gəlib. Təəssüf ki, onlar öz funksiyalarını yerinə yetirmirlər. Rüşvət baş alıb gedir. İnsanların nə əmək haqqı qalxdı, nə də rifahı yaxşılaşdı. Biz onlara deməmişdik ki, pis də olsaz, yaxşı da olsaz sizinləyik. Biz də bu cəmiyyətin bir hissəsi olaraq nələrinsə yaxşılığa doğru dəyişməsini arzulayırıq. Burada o imkanlar var və bizim təşkilat da proseslərdə iştirak edir.

– Saakaşvilinin Ukraynaya ikinci dönüşü zamanı siz də yanında oldunuz. Demək ki, onunla bağlı çox şeyləri bilirsiz. Saakaşvili doğrudanmı Ukraynada vəzifəyə gəlmək istəyirdi?

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ

– Əlbəttə gəlmək istəyirdi. Elə ona görə çalışırdı. Sadəcə, burada prezident ola bilməz. Timoşenko ilə ona görə barışmalı oldu ki, parlamentin 25%-i onun deputatlarıdır. Ukrayna Ali Radasında 450 millət vəkili var. Yarısı proporsional, yarısı da majoritar qaydada seçilir. Saakaşvilinin partiyasından bir neçə nəfəri çıxsaq, qalanı ukraynalıdır. Saakaşvili sıradan biri deyil. 9 il bir ölkənin prezidenti olmuş siyasətçidir. Yəni dediyim odur ki, biz yoldan keçənin birinə dəstək verməmişik. Yuxarıda bu məsələyə toxundum. Bu gün məni Ukraynadakı müxalif hərəkata dəstək verməkdə ittiham edənlər görünür unudurlar ki, biz indiki iqtidarın hakimiyyətə gəlməsində də rol oynamışıq.

Sizə bir məqamı da açıqlayacam. Saakaşvili hələ Odessaya qubernator təyin olunmamışdan qabaq Kiyevdə böyük mitinq oldu. Onu o dövrdən tanıyıram. Saakaşvili ilə birinci dəfə görüşəndə bizim haqqımızda məlumatlı idi. Bizi görüşdürən adama sual vermişdi ki, gələnlər – yəni biz İlham Əliyevə qarşı deyil ki? Qeyd etmişdi ki, İlham Əliyev onun dostudur.

Bütün Maydan hadisələrinin fəal iştirakçısı olmusuz. Sizin bu aktivliyiniz ailəniz tərəfinden necə qarşılanırdı?

– Çox çətindir. Doğmalarımın hamısı bilir ki, harada haqq varsa, mən orada olacam, qaçıb gizlənməyəcəm. Əlbəttə, ailə ilə bu işləri görmək çətindir, çünki övladlarım çox kiçikdir. Maydan hadisələrində tüstüdən göz-gözü görmürdü. Evə gələndə balaca qızım hisli paltarlarımı götürüb deyirdi: \”Ata, bu nə pis qoxudur?\”. Əlbəttə, bu proseslərin içində uşaqlar da bu və ya digər mənada kənar qalmayıb.

– Ukraynada yaşayan azərbaycanlıların problemləri nədən ibarətdir? Sizə əsasən nə ilə bağlı müraciət edirlər?

– Burda yaşayan azərbaycanlıların problemləri yoxdur desək, səhv etmiş olarıq. Problemlər müxtəlif ola bilir və əsas odur ki, soydaşlarımız bizim də qatqımızla onların öhdəsindən gələ bilirlər. Adətən Bakıdan gələn azərbaycanlılar Ukrayna qanunvericiliyindən xəbərsiz olurlar. Nəticədə qeydiyyat və sairə kimi məsələlərə görə problemləri yaranır. Bilirsiniz ki, Avropa İttifaqına daxil olmaq üçün Ukraynanın qarşısına nə qədər şərtlər qoyublar. Əgər Ukrayna Avropaya daxil olsa, bura gəlib-getmək də çətinləşəcək.

Bundan başqa, soydaşlarımız Ukrayna cəmiyyətinə inteqrasiya sahəsində də çətinlik çəkirlər. Sanki gəldikləri gün də gedəcəkləri gün haqqında düşünür, bir sözlə hamı ölümünü Azərbaycanda fikirləşir. Ölən kimi mütləq Azərbaycanda dəfn etməlisiz.

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ

– Maraqlı cümlə işlətdiz: \”Azərbaycanlılar burda yaşasalar belə, ölümlərini Azərbaycanda düşünürlər\”. Səhv etmirəmsə, 14 ildir ki, Ukraynada yaşayırsız. Bəs siz bir azərbaycanlı olaraq, qocalığınızı harada təsəvvür edirsiz?

– Harada özümü faydalı bilirəmsə, orda yaşamaq istəyirəm. Əlbəttə, bilsəm ki, orada faydalı olacam, gedib Azərbaycanda canla-başla çalışaram. Hələlik dövlətimə və xalqıma burada xidmət edirəm. Qocalıq haqqında düşünmək isə hələ tezdir.

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ

İnterpress.az