“Azərbaycan çox sabit ölkədir” – Prezident İlham Əliyevbackend

“Azərbaycan çox sabit ölkədir” – Prezident İlham Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə üçün bütün neft-qaz kəmərləri var və onun tikintisi davam edir. Yeni sənaye müəssisələri ilə bağlı investisiyalar üçün nəqliyyat imkanları çox genişdir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, gözəl investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır”.

İnterpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumunda deyib.

Dövlət başçısı bildirib ki, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq:

“Bildiyiniz kimi, biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik. Bu barədə də qısa məlumat vermək istərdim. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. Nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsinin ikinci fazası – bu layihə başa çatıb. Cənubi Qafqaz Qaz Kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstan istiqamətinə göndərir. Trans-Anadolu qaz kəməri – TANAP, bu da Türkiyə ərazisindən çəkilən qaz kəməridir və Trans-Adriatik qaz kəməri – TAP. Bu dörd layihədən üçü artıq reallaşıb. Bu ilin may ayında Bakı şəhərində Cənub Qaz Dəhlizinin, iyun ayında isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışları olmuşdur. Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb”.

“Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, mən hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir. Əlbəttə, xarici qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər”, – deyə, dövlət başçısı əlavə edib.

İnterpress.az