Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanıldıbackend

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb.

DİN-in Mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İnterpress.az