“Beynəlxalq Media Forumunun keçirilməsi böyük hadisədir” – Bəhruz Həsənovbackend

“Beynəlxalq Media Forumunun keçirilməsi böyük hadisədir” – Bəhruz Həsənov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb.

Forumda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov tədbirin keçirilməsində əsas məqsədin iki ölkə arasında media əlaqələrinin qurulması olduğunu bildirib: “Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, biz bir millət iki dövlətik. Bu, bizim münasibətləri özündə əks etdirən ən böyük şüardır. İndi bütün sahələrdə Azərbaycan və Türkiyə bir-birini dəstəkləyir. Bu tarixi bir zərurətdir. Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı daha da dərinləşir. Bu çox vacibdir. Təbii ki, media yenilənir, kosmik bir çağda yaşayır. Onlayn media trenddir. Bu baxımdan sosial medianı xüsusi ilə qeyd etməliyəm. Mütəmadi olaraq düşmənlərimiz sosial şəbəkələr vasitəsi ilə bizlərə qarşı müxtəlif kampaniyalar aparırlar. Məsələ ilə bağlı saatlarla danışmaq olar. Son olaraq onu da qeyd edim ki, bu forumun keçirilməsi çox böyük hadisədir. Bu, bir ilkdir. İnanıram ki, bu səfərlər qarşılıqlı olacaq”.

Dövlət rəsmisi Gəncədə baş verən son hadisələr zamanı Azərbaycan mətbuatının işini də yüksək qiymətləndirib: “Həmin hadisələr zamanı yerli media xalqla dövlət arasında körpü rolunu oynadı. Buna görə də Azərbaycan mətbuatına təşəkkür düşür. Azərbaycan dövləti terrorun hər növünü pisləyir”.

İnterpress.az