İraqda internetə girişə qadağa qoyuldu: həyat dayandıbackend

İraqda internetə girişə qadağa qoyuldu: həyat dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, internetə girişə qadağa qoyulduqdan sonra sosial həyatın bütün sahələrində getdikcə dərinləşən böhran yaranıb.

İraqda internetin kəsilməsi iqtisadiyyata gün ərzində 40 milyon dollar zərər vurur.

Sosial şəbəkələrə giriş bloklandıqdan sonra vətəndaşlar müxtəlif proqramlar vasitəsilə daxil ola bilirdilərsə, artıq hökumət həmin proqramlara da blok qoyub.

Bağdad idarəçiliyinin heç bir əsas olmadan internetə girişi əngəlləməsi bank sektoru, hava yolları şirkətiləri və internet xidməti göstərən GSM şirkətlərinə milyonlarla dollar zərər vurub.

Türkiyənin Anadolu Xəbər Agentliyinin müxbirinə danışan İraq Hava Yolları rəsmilərindən Brisem Təmimi internetin İraqda həyatın bir parçası olduğunu və xüsusilə hava yolları sektorunda önəmindən danışıb. O, internetə girişə qadağa qoyulduqdan sonra şirkətin ciddi maddi itkilərə məruz qaldığını söyləyib.

Başqa bir hava yolları şirkətinin işçisi Əli Hişam isə hökumətin bu addımının ölkə iqtisadiyyatına da ciddi zərbə vurduğunu diqqətə çatdırıb.

İraq Media Azadlıqları Nəzarət Şurasının sədri Ziyad Acili də sözügedən məsələyə münasibət bildirib.

\”Bir hökumət ki, xalqın internetini kəsir, o hökumətdə diktaturaya meyillər ola bilər. Biz 2003-cü ildən bəri belə bir problemlə qarşılaşmamışıq. Bu, ilk dəfərdir. Hökumət ölkə miqyasında bütün internet şəbəkəsinin fəaliyyətini dayandırıb\”, – Z.Acili deyib.

İŞİD-in İraqda güclü olduğu zamanlarda belə internetin kəsilmədiyinə diqqət çəkən Acili hökumətin bütün dövlət və özəl şirkətlərə internetə girişi dayandırmaq barədə tapşırıq verdiyini və bunu zorla həyata keçirdiyini söyləyib.

İraq Enerji Nazirliyinin sözçüsü Müsab əl Müdərris verdiyi açıqlamada İranın yığılan borclar səbəbindən İraqa elektrik verilişini dayandırdığını deyib və Meysan, Zikar və Bəsrədə enerji kəsintisinin müddətinin uzandığını diqqətə çatdırıb.

İran rejimi hər fürsəttə Bağdada ən yaxın ölkənin özləri olduğunu vurğulasa da, yığılan borclar səbəbindən elektrik verilişini dayandırdığı üçün İraqın cənubunda vətəndaşlar çətin durumda qalıb və tempraturun 50 dərəcədən yüksək olması həyatı çətinləşdirsiyi üçün insanlar küçələrə axışıb.

İranın enerji naziri Rza Ərdəkaniyan isə öz ölkələrində yaranmış enerji böhranı səbəbindən Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə enerji verilməsini dayandırdıqlarını açıqlamışdı.

Qeyd edək ki, aksiyalar Bəsrə, Musenna, Zikar, Meysan və Nəcəfdən sonra paytaxt Bağdada da sıçrayıb. Təhlükəsizlik qüvvələri aksiyalara müdaxilədə arabir odlu silahdan da istifadə edir. Bu səbəbdən bəzi etirazçılar həyatını itirib və bəziləri də yaralanıb.

İnterpress.az