Avtobusa verməyə pul tapa bilmirdi, indi milyonları varbackend

Avtobusa verməyə pul tapa bilmirdi, indi milyonları var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anası Qloriya Mari Ceyms onu dünyaya gətirəndə hələ 16 yaşı var idi. Atası isə həbsdə olub və Ceyms heç vaxt onun kim olduğunu bilmir. Hər gün müxtəlif işlərdə çalışan Qloriya oğlu ilə birlikdə tanışlarının evlərində qalır. Lebron tez-tez parklardakı oturacaqlarda gecələməli olub.

4-cü sinifdə 100 gündən artıq məktəbi buraxmalı olur. Çünki avtobusa verməyə pul tapa bilmir. Ancaq Ceyms hər dəfə uşaqlığını xatırlayanda özü-özünə bunları deyir:

“Məni mən edən, buralara gəlməyimə səbəb olan şeylər, o zamanlar yaşadığım çətinliklərdir”

Həm futbolçu, həm də basketbolçu olur

Ceyms basketbol ilə ilk dəfə 9 yaşında tanış olur. O zaman bölgə basketbol məşqçisi onu gənclər komandasına daxil edir. Orta məktəbdə oyunlara çıxan Lebron hər kəsi heyran edir. Elə o vaxtdan onu Kral adlandırmağa başlayırlar. Yerli qəzetlər onun haqda “Kral”, “Seçilmiş şəxs” başlıqlı xəbərlər hazırlayır. Bundan başqa basketbol ilə paralel Lebron futbol da oynayır, məktəb komandasının aparıcı oyunçularından olur. Artıq bir çox futbol komandasının radarında olan Lebronun bəxti gətirmir və zədələnir. Bu zədə onun futbol karyerasını başlamadan bitirməsinə səbəb olur. Lakin zədə onu basketbol oynamaqdan çəkindirə bilmir.

NBA-ya keçid

“İdman məni cinayətkar olmaqdan xilas etdi, mənim çıxış yolum oldu” – deyən Lebron 2003-cü ildə “Klivland” forması ilə ilk NBA oyununa çıxır. İlk oyununda 25 xal, 9 asist, 6 ribaunt ilə oynayan Lebron artıq necə bir oyunçu olacağını hər kəsə göstərir. 21 yaşında Ceyms komandasını play-off mərhələsinə daşıyır. Ən güclü beşliyə seçilir və ilin All-star MVP-si adına layiq görülür. Burada “Nike” ilə 90 milyon dollarlıq müqavilə imzalayır.

Lebron komandasının ondan çox geri qaldığını anlayır, öz hədəflərinə bu komanda ilə çata bilməyəcəyini qərara alır və “Mayami” klubuna keçir. Qəzəbli “Klivland” azarkeşləri Lebronun formalarını yandırır.

İlk çempionluq

2012-ci ildə Lebron yeni komandası ilə ilk çempionluğunu qazanır və yenidən ilin MVP-si seçilir. 2013-cü ildə yenidən çempionluq və ilin MVP-si mükafatını qazanır. Burada çempionluqlar yaşayan Lebron öz doğma şəhərinə də bu çempioluqları daddırmaq qərarına gəlir və yenidən “Klivland” klubuna qayıdır.

Rekordlar qırır

“Hər gün məşqlərdə bütün gücümlə çalışdım. Bütün gücümü ortaya qoya bilmədiyim zaman özümü qınadım”

Komandasına liderlik edən Lebron nəhayət burada da çempion olur və “Klivland”-ın 52 illik çempionluq lənətini məhv edir. 2016-cı ildə NBA-nın ən çox gəlirli oyunçusu olur. Bir çox statistikaya görə NBA-nın bütün oyunçularını qabaqlayır.

Qazandığı pulları öz şəhərinə xərcləyir. Uşaqlar üçün məktəblərdə təqaüdlər ayırır. Lebron bütün bunları edərkən özü üçün tək bir məqsədə çalışır və bunu özünə dəfələrlə deyir: “Mən bütün gücümü, tanrının verdiyi vergini tək bir şey üçün, bu həyatı daha yaxşı etmək üçün istifadə edəcəyəm” (minval.info)

İnterpress.az