Evindən oğurluq edilən tanınmış xanım idmançı ifadə verdi: “Evimdə pul olduğunu bilirdilər”backend

Evindən oğurluq edilən tanınmış xanım idmançı ifadə verdi: “Evimdə pul olduğunu bilirdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinə davam etdirilib. Hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Nicat İsrafilov oğurluq hadisəsindən sonra Lerik rayonu ərazisindən sərhəddən qanunsuz olaraq İrana keçib. Oradan da qaçaq yolla Türkiyənin Iğdır şəhərinə gedib. Daha sonra Ərzurum şəhərinə gedən zamanı polis tərəfindən sənədləri olmadığı üçün saxlanılıb. N.İsrafilov Azərbaycana deportasiya edilib.

Məhkəmədə Nicat İsrafilov özünü tam təqsirli bilib. Nərgiz Fərəcova isə özünü qismən təqsirli bildiyini söyləyib. Nicat İsrafilov ifadəsində oğurluğu tək etdiyini, Nərgizin bu işdən xəbərsiz olduğunu deyib.

O, bildirib ki, Nərgizlə sevgi münasibətləri olub və birlikdə yaşayıblar: \”Nərgiz Fəridəni tanıyırdı. Onun evinə gedib-gəlirdi. Evin açarı da onun çantasında idi. Nərgizdən gizlin açarları götürdüm. Aqşin adlı tanışımla həmin evə getdik. Seyfi götürüb Gəncəyə getdik. Seyfi orda açdıq. Aqşin dedi ki, 40 min pul var. 20 mini bölüb, evə getdim\”.

N.İsrafilov ölkədən çıxmasını da danışıb. Deyib ki, ölkədən qaçmaq üçün Lənkərana gedib: \”Oradan da məni qaçaq yolla keçirəcək adam tapdım. Tanımadığım şəxs idi. 9 min manatı ona vetdim ki, məni ölkədən çıxarsın. Lerikdən sərhəddi keçdim. Oradan da Iğdıra getdim\”.

Daha sonra Nərgiz Fərəcova məhkəmədə ifadə verib. Deyib ki, Nicat İsrafilovun oğurluq etmək planından xəbəri olsa da həmin cinayətdə iştirak etməyib: \”Mən özümü qismən təqsirli bilirəm ki, Nicatın planı barədə məlumat verməmişəm. Nicat deyirdi ki, həmin evə oğurluğa getmək istəyirdi\”.

Amma Nərgiz bu dedikləri ilə məhkəməni və prokuroru inandıra bilməyib. Ona sual verilib ki, Fəridənin evdə olmaması, evdə seyf olması, seyfdə külli miqdarda pul olmasını Nicat haradan bilib?

Nərgiz Fərəcova bu barədə Nicata məlumat vermədiyini deyib: \”Biz ailəli yaxın idik. Fəridənin imkanı olduğunu bilirdik. Mükafatlar almasından xəbərdar idik. Fəridə bizə də kömək edirdi. Nicat mənim Fəridənin evinə getməyimi istəmirdi. Nicatın açarı bu məqsədlə götürdüyünü düşünmüşdüm. Amma sonra Nicat açarı mənə verdi. Oğurluq etdiyini bilmədim. Bölməyə gələndə bildim\”.

Məlum olub ki, Nərgiz Nicatla yazışmasında ona Fəridənin evinin fotosunu da göndəribmiş. Nərgizin buna izahı da məhkəməni qane etməyib. O, deyib ki, evin fotosunu göndərməkdə məqsədi başqa olub: \”Nicata yazdım ki, bu evə girə bilməzsən\”.

O da məlum olub ki, Nərgiz Fəridəyə 53 min pul ödəyib. Bu zərəri ödəmək üçün Nərgizgil evlərini satıblar. Daha sonra məhkəmədə Fəridə Əzizova ifadə verib. Deyib ki, Nərgiz rəfiqəsinin bacısıdır.

Fəridə Əzizova söyləyib ki, həmin ərəfədə Ukraynada yarışda olub. Ölkədən gedərkən evində iki pişiyi olub. Açarı da Nərgizə bu məqsədlə verib ki, pişiklərə yemək versin. Amma qayıdanda mənzilindən oğurluq edildiyini bilib.

Təqsirləndirilən şəxslərin ifadələrinə inanmadığını deyən Fəridə Əzizova qeyd edib ki, hər iki şəxs birlikdə oğurluq ediblər: \”Mən bilirəm ki, birlikdə ediblər. Nicat Nərgizi müdafiə etmək istəyir. Seyfi kodsuz açmaq bu qədər asan məsələ deyil. Əgər Nigar evin yerini deməsəydi, Nicat ora gələ bilməzdi\”.

Fəridə Əzizova deyib ki, ona dəymiş zərərin 53 min manatı ödənilib. O, 14500 manat zərəri tələb etdiyini söyləyib.

Onun sözlərinə görə, Nərgiz istintaq dövründə də onu aldadıb: \”Evdən oğurluq ediləndə bildik ki, qapı açarla açılıb. Mən Nərgizə zəng elədim. Dedim ki, Nicata denən seyfi gətirsin. Dedi ki, bu işlə əlaqəsi yoxdur. Mən Qubadan gələnə qədər \”102\”yə məlumat verdik. Onu polisə gərirdilər. Sonra Nərgizgil evlərini mənim adıma keçirəcəklərini dedilər. Mən də adam tapmışdım ki, evi 75 minə satım. Amma sonradan evi adıma keçirmədilər. Özləri evi 40 minə satdıqlarını dedilər. Onlardan 13 min də borc almışdım. Ümumi 53 min ödənilib. Mənim evimdə pul olduğunu bilirdilər. İslam oyunlarında mükafat aldığımı hamı bilirdi\”.

Fəridə Əzizova qalan məbləği Nərgizdən tələb etdiyini bildirib, hər ikisinə də ağır cəza verilməsini istəyib. Məhkəmədə o da məlum olub ki, Nicat İsrafilovun dostu Aqşin adlı şəxs axtarışa verilib. İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. N.İsrafilovun əvvəllər məhkumluq həyatı yaşadığı elan olunub.

Xatırladaq ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb. Bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Daha sonra Nərgiz Fərəcova ev dustaqlığına buraxılıb. Məlum olub ki, Nərgiz Fərəcova idmançı Fəridə Əzizovanın rəfiqəsinin bacısıdır.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. (Musavat.com)

İnterpress.az