Qaqaş – Tanınmış aktyordan Rövşən Lənkəranski ilə bağlı ağır yazıbackend

Qaqaş – Tanınmış aktyordan Rövşən Lənkəranski ilə bağlı ağır yazı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir adda minlərlə insan var, amma elə olur ki, o adı bir nəfər daşıyır, sevdirir, tanıdır və əbədiləşdirir. Həmin ad çəkilən kimi, hamı bilir söhbət kimdən gedir.

Son illər Rövşən adı çəkiləndə çoxları söhbətin Rövşən Lənkəranskidən getdiyini anlayırlar.

Rövşənin düşdüyü yol ilə çoxları gedib, çox məşhurları olub, bu yolda öləni, yolundan çıxanı, yolda qalanı, hörmət qazananı, ad qazanıb və ad qoyub gedəni də olub. Rövşən də ad qazanıb, ad qoyub məkanını dəyişənlərdəndir, adını əbədiləşdirənlərdəndir – hələ də haqqında danışılır, adını çox yerdə çəkirlər, adı gələndə ayağa qalxanlar, yerini dəyişənlər, geri çəkilənlər, qorxu keçirənlər yenə də var və olacaq.

Kimisinin haqqında az, kimisinin haqqında çox danışılıb. Çoxu bu yolu tutanda, bu yola qədəm qoyanda kimsənin ondan xəbəri olmayıb, yəni ilk cinayətini edəndə, etdiyi cinayət sıradan olub, məna kəsb etməyib, anlam yaratmayıb, ya da cinayəti, əməli rəğbət doğurmayıb.

Bu yolda ad çıxaranlar çoxu kiçik-böyük cinayətlər ediblər, kimilərinin nə vaxt cinayət etdiyi, nə vaxt həbs olunduğu, nə vaxt ilk həbsə girdiyi və çıxdığı çoxluğa, topluma bəlli olmayıb, daha doğrusu, ictimai şüura, rəyə təsirsiz olub, toplumu bu hadisə maraqlandırmayıb.

İlk etdiyi cinayəti ilə ad çıxaranlar azdır, amma Rövşən ilk etdiyi cinayət ilə səs-küy saldı, kimsə tərəfindən qınanılmadı, çoxluq belə oğula “Halal olsun!” dedi, rəğbət qazandı. Hətta qərar verən də bu “cinayətə” və “cinayəti edənə” rəğbət bəslədi.

İlk cinayəti ilə həm cəmiyyətdə, həm də cinayətkar aləmdə adından söz etdirdi. Kimisi onun ürəkli olmasından, kimisi yaraşıqlı olmasından, kimisi tərbiyəsindən, kimisi əliaçıqlığından, kimisi dostluğundan, kimisi yaxşı qardaş olduğundan danışmağa başladı və bu başlama öz başlanğıcını onun atasına necə oğul olmasından və bu borcu necə yerinə yetirməsindən, Əzrayılı qabaqlamasından irəli gəldi və ilk dəfə də Əzrayıl ilə tanışlığı belə başladı, Əzrayılı çaş-baş qoydu, onun rəğbətini qazandı, Əzrayıl hələ belə can almaq görməmişdi, gənc bir oğlan günahsız atasının qatilinin canını necə aldısa, Əzrayıl da ürəkləndi, işini tez bitirdi. Çoxları dərs götürdü, yazılmayan dərsliklərin hamısında bu hadisə birinci oldu, hər yerdə bu hadisədən danışıldı. Haqqında danışdıra-danışdıra, haqqında söz etdirə-etdirə böyüdü – çoxlarının “keçmədiyi”, ürək etmədiyi yerlərdən keçdi, öz yerini aldı.

Bilmirəm, bu müraciət forması necə yaranıb, düşünürəm ki, yəqin ilk olaraq ailə içində olub, amma ilk səbəbini bilmirəm…

Çoxlarının bildiyi budur ki, kimisə ailədə əzizləmək üçün belə çağırırlar, amma doğulduğun yurdda, sonra bütün ölkədə və ən əsası yad ölkədə yaşayan həmvətənlərinin Qaqaşına çevrilmək, millətin (xaricdə azərbaycanlılar bir-birinə belə müraciət edir) səni özünün Qaqaşı bilməsi, Qaqaşına güvənməsi, Qaqaşını çox istəməsi, əzizləməsi başqa aləmdir, tanındığın aləmdə çoxluğun ailə üzvünə çevrilmək, çoxluğun Qaqaşı olmaq hər kəsə nəsib olmur. Onu insanlara bu qədər sevdirən nə idi?

Heç kim bilmir sabah başına hansı hadisə gələcək – eyni hadisə müxtəlif insanların “başına” gələ bilər, cavablar da müxtəlif ola bilər, cavabın fərqliliyi insanın kimliyini ortaya qoyur, həm də – kişiliyini. Bir damcı mürəkkəb bir stəkan suyun rəngini dəyişdirdiyi kimi, bir hadisə də bir insanın tam həyatını və həyat tərzini dəyişdirə bilər və dəyişdirir.

İnsanın həyatını dəyişdirə bilən hadisəni – çox vaxtı həmin insan özü seçmir, amma ondan sonra necə yaşayacağını və hadisəyə necə cavab verəcəyini özü seçir.

Qanun insanlar arasındakı münasibətləri müəyyən edir, əgər bu qanunu dəyişən başqa “qüvvələr” varsa – məsələn, vəzifə, pul – onda alternativ qanunlar və bu qanunlarla yaşayan insanlar toplumu yaranır, hansı qanun daha çox qorunursa, həyata tez keçirilirsə, toplum ona doğru üz tutur, ondan yararlanır. Bir hərəkət gələcəkdə baş verəcək yüzlərlə eyni tip mənfi hadisələrin baş verməsinin qarşısını alırsa, belə hərəkət rəğbət qazanır. Bir şey bir neçə dəfə təkrar olunursa, qanuna çevrilir, belə “şeylərin” qanuna çevrilməməsi üçün, yəni təkrar olunmaması üçün fərd öz iradəsini, əzmini, xarakterini ortaya qoyur, qoymur haqsız olan haqq qazansın. Birinin atası bir quldur tərəfindən öldürülürsə, atasız qalırsa, bütün arzularının üstündən xətt çəkilirsə, bəlkə də, həmin gəncin arzusu daha böyük idi, daha dərin idi və başqa yol idi, arzularının üstündən xətt çəkib atasının qisasını alır və həyatı, arzuları dəyişir. Heç kimin etmədiyini edir, gələcəkdə neçə belə haqsız öldürülə biləcək ataları xilas edir, qanun yox – nümunə yaradır. Nümunə yaradanlar, nümunə olanlar – qəhrəmandırlar! Belə nümunələrdən qorxmayın, belə nümunələr təkrar olunmur, bu fərdin seçimi deyil, kimsə istəyi-arzusu ilə nümunəyə çevrilə bilmir, bir daha deyirəm, bunun üçün – xarakter lazımdır, o da çoxluqda olmur.

Bir insanın “ölümü” bu qədər insanı bir yerə yığırsa, birləşdirirsə, özü də – “ölümündən” sonra… Yəni insanlar bunu sabahları naminə etmirlər, maraq güdmürlər, səmimi edirlər, borc bilirlər, ölümü ona yaraşdırmırlar. Təbiətin dəyişməz qanununa birgə etiraz edirlər.

Şəxsi mənada heç bir yaxşılıq görməyən insanlar da başqalarına olan yaxşılığı qiymətləndirir, özünün imkanı olsa da etmədiyini başqası edəndə onun böyüklüyünü dərk edir, əməl sahibinin özündən fərqli olduğunu görür, fərqə hörmət edir. Sevgini yaradan – fərqdir, az qala iki ildir ki, hamının axtardığı sevginin yaranma səbəbi – FƏRQ! Qaqaşa olan sevgi – onun fərqli olması idi, çoxlarının atasını qoruyan fərqli hərəkəti, “haqsız öldürülən atanın qisası alına bilər” mesajı idi! Kimin atası varsa, kim atasını sevirsə, kim atasını qorumaq istəyirsə, o – Rövşəni sevir. Rövşənin qisası qorxu, nifrət yaratmadı, rəğbət və sevgi yaratdı.

Onun imkanları çoxaldıqca imkansızlara daha çox yaxın oldu, onların problemlərini sevə-sevə həll etdi, sevildi. İmkanı, pulu olan adamın necə sevilə biləcəyinin modelini yaratdı. Çoxluğun pullu və imkanlı adamlara nifrət etdiyi dövrdə onun əldə etdiyi pullar, imkanlar ona sevgi qazandırdı.

O qədər insanın onu dəfn etməsi onun göstəricisi idi ki, Rövşən haqsız bir iş görməyib, kiminsə haqqına girməyib, haqqı yeyilənləri müdafiə edib.

Deyirlər – “Rövşən çox adam öldürüb”, adı çəkilən adamların ölümü isə ona nifrət yox, sevgi qazandırıb. Rövşənın “öldürülməsi” isə nifrət ilə qarşılandı, kimsə bununla fəxr edə bilmədi və edə bilməyəcək!

Rövşənin içində olduğu dünya çöldən görünməyən kimi görünür, bu dünyanın tanınmış isimlərinin ölümləri onlar haqda əfsanələr yaradıb, insanlar düşünürlər ki, ölənlər, öldürülənlər onların özü deyil – bunlar cinayətkar aləmin müasir dövrdə yazılmamış qanunlarıdır, qurulmuş oyunlardır!

O, insanlar tərəfindən o qədər sevilirdi ki, çoxluq onun ölmədiyinə özünü inandırmaq istəyirdi.

İnsanlar onun ölümünə inanmasalar da, tabutun duruşundan bilinirdi ki, içindəki – Rövşəndir!

P.S. Ölkəmizdə baş verən son hadisələr göstərdi ki, Rövşənin yeri boşdur, o yeri kimsə tuta bilməyəcək. Rövşən olan yerdə və dövrdə hansısa cinayətkar ünsürlər Azərbaycan dövləti üçün təhlükə yarada bilmədi və bilməzdi!/Azxeber/

Qaqaş - Tanınmış aktyordan Rövşən Lənkəranski ilə bağlı ağır yazı

RZA RZAYEV
Rejissor, Aktyor
İnterpress.az