İlham Əliyev Rusiyaya gedir – Üç mühüm məsələbackend

İlham Əliyev Rusiyaya gedir – Üç mühüm məsələ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu \”Teleqraf\”-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Rusiya – Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirən politoloq qeyd edib ki, bu, son zamanlar Rusiya və Azərbaycan arasında təmaslarda da özünü göstərir:

“Rusiya mediasında Azərbaycanla bağlı müsbət fikirlərin yer alması münasibətlərin inkişaf etdirilməsi üçün münbit şəraitin yarandığına edilən işarədir. Çox güman ki, prezidentin səfəri çərçivəsində Azərbaycan üçün fundamental əhəmiyyət kəsb edən məsələ – Azərbaycanın ərazi bütövlüyünün bərpası müzakirə ediləcək. İstər ATƏT-in Minsk qrupunun həmsədri kimi, istərsə də işğalçı Ermənistana təsir edə bilən ölkə olaraq Rusiyanın münaqişənin həll prosesində oynadığı rol mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, səfər çərçivəsində bu məsələlərə diqqət ayrılacaq”.

Elçin Mirzəbəylinin sözlərinə görə, səfərdə tərəflər arasındakı münasibətlərin, xüsusilə də iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı investisiyaların yatırılması məsələlərinin də müzakirə ediləcəyi ehtimal olunur: “Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və nəzərdə tutulmuş üçtərəfli formatların inkişaf etdirilməsi haqda müəyyən müzakirələr aparıla bilər. Söhbət Rusiya – Azərbaycan – İran, Rusiya – Azərbaycan – Türkiyə formatlarından gedir. Bu baxımdan Azərbaycan prezidentinin Rusiya səfəri mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu, təkcə regionun yox, bütün dünyanın diqqət mərkəzinə düşən səfər olacaq”.

Xəzərin təkinin bölüşdürülməsi məsələsinə toxunan Elçin Mirzəbəyli bildirib ki, bu, Azərbaycan, Qazaxıstan və Rusiya arasında həll edilib: “Bu məsələnin yenidən hansısa formada Rusiya ilə müzakirə edilməsi gözlənilmir. Türkmənistan və İran tərəfinin iddialarına gəlincə, Azərbaycan bununla bağlı öz təkliflərini irəli sürüb. Xəzərin hüquqi statusuna dair imzalanmış konvensiyada Xəzərin təkinin bölüşdürülməsi məsələsinə dair açıq formada beynəlxalq hüquqa istinad olunur. Bunlar BMT-nin Kontinental Şelf və Dəniz Hüququna dair Konvesiyasından irəli gələn prinsiplərdir. Bu, orta xətt prinsipi ilə həyata keçirilməlidir. İran istəsə də, istəməsə də bu məsələ beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır.

Yaxşı olardı ki, konvensiyada Xəzərin təkinin bölünməsi ilə bağlı orta xətt prinsipi öz əksini tapardı. Amma görünən budur ki, indiki halda həlli mümkün olan məsələlərə daha çox diqqət ayrılır. İndi diqqət olunan əsas məsələ Xəzəryanı dövlətlər istisna olmaq, digər bir ölkənin hərbi kontingentinin bu su hövzəsinə daxil olmamasıyla bağlıdır”.

Politoloq vurğulayıb ki, konvensiyada sahilyanı dövlətlərin bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşması məsələsi də öz əksini tapıb: “Xəzərin Azərbaycan sektoru Azərbaycan ərazisi sayılır və digər dövlətlər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.

İlham Əliyev Rusiyaya gedir - Üç mühüm məsələ

Azərbaycan bu günədək Xəzərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Konvensiyanın imzalanmasında Azərbaycanın böyük töhfəsi var”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabr ayında Rusiyaya səfər edəcəyi bildirilib.

İnterpress.az