Tiflisdə ilk Şərq Tərəfdaşlığı Avropa Məktəbi fəaliyyətə başlayırbackend

Tiflisdə ilk Şərq Tərəfdaşlığı Avropa Məktəbi fəaliyyətə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gürcüstanın paytaxtı Tiflisdə ilk Şərq Tərəfdaşlığı Avropa Məktəbinin açılışı olub. 2020-ci ilə qədər 20 praktiki nəticələrdən biri kimi məktəb Aİ-nin altı Şərqi tərəfdaş ölkəsindən olan tələbələri mütərəqqi dərs proqramı ilə təmin etməklə yanaşı, çoxmədəniyyətli mübadilə və əməkdaşlığı təşviq edəcək.

Bu gün ilk Şərq Tərəfdaşlığı Avropa Məktəbi öz qapılarını Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynadan olan 30 tələbənin üzünə açıb. Avropa İttifaqının Komissarı Yohannes Han və Gürcüstanın Baş naziri Mamuka Baxtadze yeni tədris ilinin başlanğıcını qeyd etmək üçün məktəbin rəsmi açılışında iştirak ediblər.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han bildirib: “İlk Şərq Tərəfdaşlığı Avropa Məktəbinin açılışını etmək üçün bu gün Tiflisdə olmaqdan qürur duyuram. Bu layihə ilə şəxsən tanışam. O Avropa İttifaqının Şərqi tərəfdaş ölkələri ilə əməkdaşlığında yeni dövrün başlanğıcıdır. Gənclərə yüksək keyfiyyətli təhsil vermək, tələbələrin, onların ölkələrinin və güclü və davamlı tərəfdaşlığımızın gələcəyinə investisiya yatırmaq deməkdir. Məktəbin açılışı həmçinin Şərq Tərəfdaşlığının ana xəttini təşkil edən 2020-ci ilə qədər 20 praktiki nəticənin həyata keçirilməsində göstərdiyimiz qətiyyətin sübutudur və vətəndaşlara nəzərəçarpacaq dərəcədə səmərə verəcək\”.

2017-ci ilin noyabrında keçirilən Şərq Tərəfdaşlığı Sammitində bütün Aİ-yə Üzv Dövlətlər və altı Şərqi tərəfdaş ölkələsi Şərq Tərəfdaşlığı Avropa Məktəbinin yaradılmasını ən mühüm prioritet kimi qəbul edərək regionda yaşayan gənclərə və təhsilə dəstəyi gücləndirməyə sadiq olduqlarını nümayiş etdiriblər. Sözügedən məktəb, son Sammitdə liderlər tərəfindən qəbul edilən 2020-ci ilə qədər 20 praktiki nəticələrdən biridir və həmçinin gənclərə dəstək məqsədilə ayrılan 340 milyon avro dəyərində geniş həcmli dəstək paketinin bir hissəsidir.

Şərq Tərəfdaşlığı Avropa Məktəbində təqdim olunan əvəzsiz diplom proqramı Avropa məktəblərinin təhsil sistemindən ilhamlanan ixtisaslaşmış tədris ilə nəzəri bacarıqları birləşdirir. Məktəbin 16-17 yaşlı tələbələri çoxdilli və çoxmədəniyyətli mühitdə keçirilən dərslərdə iştirak edərək Avropa və Avropa İttifaqı haqqında biliklərini artıracaqlar. Bundan əlavə, onların dərslərdən kənar zəngin proqram çərçivəsində baş tutacaq Aİ ilə bağlı mövzuları əhatə edən yüksək səviyyəli konfranslarda iştirak etmək imkanları olacaq. Tələbələr məktəbi Avropaşünaslıq ixtisası üzrə beynəlxalq bakalavr dərəcəli diplomla bitirəcəklər.

Tarixçə

Şərq Tərəfdaşlığı (ŞT) Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və altı şərq qonşusu -Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. Şərq Tərəfdaşlığı Avropa Qonşuluq Siyasətinin xüsusi müstəvisidir. Onun məqsədi demokratiya, rifah, sabitlik və güclənən əməkdaşlığı paylaşmaq üçün ümumi bir sahə yaratmaqdır.

Ətraflı məlumat üçün:

Şərq Tərəfdaşlığı ölkələrində Aİ-nin gənclərə göstərdiyi dəstəyi əks etdirən məlumat bülleteni

Şərq Tərəfdaşlığında 2020-ci ilə qədər 20 praktiki nəticəyə dair məlumat bülleteni

Şərq Tərəfdaşlığı Sammiti 2017 Güc birlikdədir

Şərq Tərəfdaşlığına dair internet səhifə

İnterpress.az