Məşhur erməni Azərbaycana gəldi, elə bir məqalə yazdı ki…backend

Məşhur erməni Azərbaycana gəldi, elə bir məqalə yazdı ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumat Vanyanın özünün “Southcaucasus.com” saytında yayımladığı məqalədə yer alıb. Vanyan məqaləsində əvvəllər Azərbaycana özünün də həmmüəllifi olduğu Tekali prosesi çərçivəsində getmək istədiyini, amma bunun mümkün olmadığını deyib:

“Azərbaycana başqa yolla – Tekali prosesi vasitəsilə gələcəyimi düşünürdüm. Yəni Azərbaycan, Ermənistan və Gürcüstan sərhədindəki üçbucaq minalardan təmizlənəcək və ölkələrimizin rəhbərlikləri Qarabağla bağlı danışıqlara başlayacaqlar. O zaman sərhəd zonasının əhalisi üçün xüsusi pasport rejimi tətbiq ediləcək ki, bu da müəyyən günlərdə sərhəd kəndlərinin əhalisinin görüşməsinə, kəndlər arasında əlaqənin bərpasına, su, ticarət məsələlərinin həllinə yardım edəcək. Bir müddət əvvələ qədər təsəvvür edirdim ki, özüm də Ermənistan-Azərbaycan sülhməramlı sərhəd məntəqəsi açılanda bu yolla Azərbaycana keçəcəyəm. Lakin Tekali prosesi başlamadan güc yoluyla dayandırıldı”.

O, Azərbaycana dostu Zərdüşt Əlizadəni ziyarət etmək üçün gəldiyini və buradan Azərbaycanla Ermənistan arasında artıq həqiqi sülh prosesinin başladılması gərəkdiyi çağırışı etmək istədiyini bildirib:

“Mən Azərbaycana Zərdüşt Əlizadənin dəvətiylə getdim. Bizim beyinlərimizdəki divarlar konfliktin həlli yollunda bizə maneədir. Əslində bu divarlar sadəcə uydurulub və onlar reallıqda yoxdur. Ciddi şəkildə barışmaq öz azadlığını informasiya müharibəsi aparanlara güzəştə getməmək deməkdir. Keçmişdə və gələcəkdə baş verən müharibələrdən imtina etmək və ya məsuliyyəti üzərindən atmağın mənası yoxdur. Onsuz da bu məsuliyyət bizim çiyinlərimizdədir”.

Səfərinin qapalı olduğunu deyən Vanyan Azərbaycanın heç bir erməni üçün təhlükəli və qapalı məkan olmadığını söyləyib:

“Mənim səfərim ictimai xarakterli olmadı. Yəqin ki, azərbaycanlı dostlarına qonaq getməkdə maraqlı olan erməni gənclər məhz bunu arzu edirlər. Bunu həmçinin öz doğma yerlərini tərk edən ermənilər də arzu edirlər. Onlar ilkin şərtsiz, KİV-lər və ya hansısa mənfi nəticə ilə qarşılaşmadan yalnız özləri üçün “düşmən” ölkəyə yox, qonşularına getmək istəyirlər.

Mən göstərmək istədim ki, Azərbaycana getmək imkanına sahib olmaq üçün Ermənistanda siyasi təqibə məruz qalan biri olmaq məcburi deyil. Bunun üçün dostunun dəvəti də yetərlidir.

Mən Azərbaycanda hər yerdə – Ermənistanda, Gürcüstanda, Almaniyada, Türkiyədə, Rusiyada olduğum kimi, tam sərbəst idim. İki insan – dəvət edən və dəvəti qəbul edib gedən arasındakı etibar bütün divarları dağıdır. Belə imkan hər bir Ermənistan vətəndaşı üçün var. Mən hər zaman bilirdim və indi də təcrübəmlə əmin oldum ki, Azərbaycanın ermənilər üçün qapalılığı və təhlükəli olması yalnız informasiya müharibəsi zonasında mövcuddur”.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycana gediş prosesi tam leqal prosedurlarla gerçəkləşdirilir:

“Ermənistan vətəndaşlarının Azərbaycana səfəri ilə bağlı leqal prosedur, həmçinin bu prosedurdan sonra vətənə qayıdan zaman nə ilə qarşılaşacağı çoxlarını maraqlandırır. Mən Qırmızı Körpüdən vizasız əsasla Azərbaycana getdim, amma təbii ki, bunun üçün əvvəlcədən icazə aldım. Gürcüstan tərəfində soruşdular ki, həqiqətən sərhədi keçmək istəyirsinizmi? Bu standart suallardır və onlar Sadıqlı postundan Ermənistana gələn Azərbaycan vətəndaşlarına da verilir. Azərbaycan tərəfdə məni xüsusi xidmət orqanlarının əməkdaşları gözləyirdilər, hansı ki, məni yolda müşayiət etməliydilər.

İki analoji proseduru müqayisə etmək imkanlarından istifadə etmək istəyirəm. Səfərim zamanı Azərbaycanın sərhəd-keçid məntəqəsində giriş və çıxışla bağlı pasportuma möhür vuruldu. Azərbaycandan Ermənistana gedən şəxslərə isə bu möhür vurulmur. Belə güman edirəm ki, bununla bağlı Gürcüstan sərhədçiləri ilə qeyri-formal razılaşma var. Belə ki, Gürcüstan tərəfi pasport çıxış haqqında möhür vurur və insanı hansısa boşluğa göndərir, daha sonra isə giriş möhürü vuraraq, həmin boşluqdan adamı Gürcüstana qəbul edir. Azərbaycanda isə belə absurd nüanslar yoxdur. Bunu isə mənim pasportumdakı möhür sübut edir. Bu, həm də legitim proseduru təsdiq edir və göstərir ki, Azərbaycan Ermənistan vətəndaşları üçün açıqdır.

Sərhəd-keçid məntəqələri haqqında məsələni sonlandırmaq üçün Azərbaycana səfərimin nəticələri haqqında danışacağam. Səfərimdən iki gün keçdi. Evə dönüşüm heç bir problemsiz başa çatdı və mən yenidən yola düşməli oldu. Bu dəfə Gürcüstan vasitəsilə Rusiyaya getməli, kəndçilərimi buradakı iş yerlərinə çatdırmalı idim. Ermənistandan çıxanda məni sərhəd-keçid məntəqəsində bir saat gözlətdilər. Burada müəyyən suallara cavab verməli oldum. Mənə Azərbaycanda olub-olmamağım, nə vaxt getməyim, nə iş görməyim soruşuldu. Evə geri dönəndə də eyni proses yaşandı. Mən növbə rəisinə deyəndə ki, bu cür söhbət artıq olub, o bunun əhəmiyyət daşımadığını dedi və bu prosesin hər dəfə təkrarlanacağını söylədi. Mənim öz taleyimlə barışmağıma yardım etmək üçün o mənə bunun haqqında Azərbaycana getməzdən qabaq düşünməyim gərəkdiyini dedi”.

O, erməni vətəndaşlarının Azərbaycana səfəri zamanı təhlükəsizlik məqsədilə müşayiət olunması məsələsinə də aydınlıq gətirib:

“Düşünürəm ki, ağıllı insanlar mənim izahım olmadan belə bunun mahiyyətini anlayırlar. Məişət səviyyəsində baş verən kiçik hadisə belə konfliktin alovlandırılması üçün bəhanə şəklinə gətirilə bilər. Mən Azərbaycanda azərbaycanlıların, Ermənistanda ermənilərin olduğu kimi, rejim altında olmamışam. Məni yalnız yolda müşayiət edirdilər. Mənim insanlarla danışıqlarım nəzarət altında baş vermirdi. Mən istirahət edib, qonaq gedir, restoranda yemək yeyirdim. Bunu azad, müşayiətsiz edirdim.

Bakıda mən küçəyə çıxanda xüsusi “erməniyəm” plakatı ilə gəzmirdim. Lakin Qaraçinar kəndinə gedəndə mənim erməni olduğumu bilirdilər. Mən yad insanlarla görüşə erməni kimi gedirdim. Bunu çətin ki, şəxsi görüş adlandırmaq olar. Bununla belə, biz azad şəkildə danışırdıq, ətrafımızda heç kim dayanmırdı, heç kim bizi tələsdirmirdi.

Bu, xalqın və dövlət strukturlarının vacib mədəniyyət nümayişidir. Biriləri qonağı evə qəbul edir, digərləri isə ölkəyə gəlişinə izn verilən insanı nümayişkaranə nəzarətlə təhqir etmirlər”.

Qeyd edək ki, Vanyan dəfələrlə Qarabağın Azərbaycana qaytarılması gərəkdiyi ilə çıxış edib. İllərdir Qarabağ konflikti istiqamətində sülhməramlı fəaliyyətlər aparan Vanyan dəfələrlə Ermənistan hakim dairələrinin sərt təzyiqlərinə məruz qalıb.

Vanyanın əslən Azərbaycandandır. O, 1963-cü ildə Goranboyun Qaraçinar kəndində anadan olub. (Axar.az)

İnterpress.az