“Prezidentin çevik, sürətli, çoxvektorlu taktikası…” – Millət vəkilibackend

“Prezidentin çevik, sürətli, çoxvektorlu taktikası…” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu nöqteyi-nəzərdən Rusiyaya səfər heç şübhəsiz ki, bütün dünyanın diqqətində idi:

“Bu səfər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövlətinin xarici siyasəti balanslı, çoxvektorlu, tarazlaşdırılmış siyasətdir. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətə daha bir hücum taktikası da əlavə edib. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Dövlətimizin başçısı həmin siyasəti çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq, davam etdirməkdədir. Rusiyaya səfər də bu baxımdan diqqəti cəlb edir. Səfər çərçivəsində 15-dən çox mühüm sənəd imzalandı. Bu sənədlərdən mütləq əksəriyyəti iqtisadi əlaqələrin inkişafını özündə ehtiva edirdi. İki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə inkişafı ilə bağlı yol xəritəsi müəyyənləşdi. Nəzərə alsaq ki, bugünkü dünyamızda dövlətlərin gücü heç də onun diviziyalarının sayı ilə ölçülmür. İlk növbədə onun iqtisadi və texnoloji gücü ilə ölçülür. Bu baxımdan Azərbaycan və Rusiya ilə iqtisadi əlaqələrin çox sürətlə inkişaf etdiyi həqiqəti ortaya çıxdı. Məlum oldu ki, 2,5 milyard dollarlıq ticarət dövriyyəsini 10 milyard dollar həcminə qaldırmaq əsas hədəflərdən biridir. Bu istiqamətdə bu gün geniş imkan və potensialımız var. Bu səfər göstərdi ki, həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, humanitar sahədə əlaqələrin inkişafı, enerji sektorunda münasibətlərin dinamizmi, eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsində də imkan və potensialın böyüklüyü diqqətdən yayınmır. Təsadüfi deyildir ki, hərbi texniki sahədə ölkələrimiz arasında olan əməkdaşlığın inkişafı Ermənistanda çox böyük təşviş və vahimə ilə qarşılandı. Hesab edirəm ki, bu səfər çərçivəsində səsləndirilən bəyanatlardan dərhal sonra Ermənistan Baş naziri Nikol Paşinyan tələsik Rusiya paytaxtına yollanması təsadüfi sayılmamalıdır”.

Millət vəkili qeyd edib ki, bundan başqa, ölkə prezidentinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında iştirakı da türkdilli dövlətlər arasında əlaqələrin inkişafının vacib məsələlərdən biri olduğunu nümayiş etdirdi:

“Bu istiqamətdə Azərbaycanın atdığı addımlar əslində nümunə sayıla bilər. Azərbaycan türkdilli dövlətlərlə əlaqələrin inkişafına konkret töhfələr verib və Azərbaycan prezidenti öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz ilk növbədə qarşılıqlı investisiya qoyuluşu məsələlərinə önəm verməliyik. Türkdilli dövlətlər arasında bu sahədə əməkdaşlıq daha geniş olmalıdır. Cənab prezident bu baxımdan Rusiya və Türkiyə arasındakı əlaqələri bir nümunə, model kimi qeyd edib. Digər dövlətlər arasında da bu əməkdaşlığın olması çox vacibdir. Türkiyə təxminən dünyanın müxtəlif ölkələrinə 430 milyard dollarlıq investisiya qoyub. Təəssüf ki, bunun cəmi 1%-ə qədəri türkdilli ölkələrin payına düşür. Yəni burada bir pis balans var və bu səviyyəni artırmaq əsas hədəflərdən biridir. Bunu Türkiyənin iqtisadiyyat naziri hələ iki il bundan öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat nazirlərinin Bakıda keçirilən toplantısında səsləndirmişdi. Bu baxımdan türkdilli dövlətlər arasında onlayn (online) ticarətin olduqca böyük əhəmiyyəti var. Nəzərə alsaq ki, təkcə Çinin onlayn ticarətdə tanınmış şirkətlərindən biri bir gün ərzində 18 milyard dollar qazanc əldə edib. Bunu türkdilli dövlətlər də öz aralarında daha da genişləndirməlidir. Eyni zamanda, hər dəfə keçirilən sammitlərdə müxtəlif məsələlər diqqət mərkəzində saxlanılır. Almaatıda, Bişkekdə, Qəbələdə, Astanada keçirilən sammitlərdə iqtisadiyyat, elm, təhsil, mədəniyyət, nəqliyyat, turizm, humanitar sahələrin inkişafı məsələləri gündəmdə saxlanılır. Budəfəki sammitdə isə idman sahəsində əməkdaşlıq xüsusi prioritet məsələ kimi nəzərdən keçirildi. Azərbaycan bu sahədə də kifayət qədər uğurlara malikdir. Cənab prezident çıxışında vurğuladı ki, idmana yalnız idman hadisəsi kimi yanaşmaq düzgün olmazdı. Çünki bu sahə həm də siyasi çəkisi olan bir məsələdir. İdman insanları yaxınlaşdırır, birləşdirir. Türkdilli dövlətlər arasında bu sahədə əməkdaşlığın inkişafı xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasını şərtləndirən amildir”.

Millət vəkili vurğulayıb ki, dövlət başçımızın Xorvatiya səfəri dünyanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində idi:

“Bu da səbəbsiz deyil. Çünki Xorvatiya 2009-cu ildən NATO, 2013-cü ildən Avropa İttifaqı ölkəsidir. Bu ölkə ilə Azərbaycanın əlaqələri həm də ona dəlalət edir ki, ölkəmizin xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq prioritet məsələlərdən biridir. Təsadüfi deyildir ki, bu ilin 6 ayının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa ön sıradadır. Ticarət dövriyyəsi son 6 ay ərzində 5,2 milyard dollar səviyyəsinə gəlib çatıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən cəhətdir. Bu səfər çərçivəsində hər iki ölkənin prezidenti vurğuladı ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Fundamental məsələlərdə eyni mövqeyə malikik ki, bu da bizi əsl tərəfdaşa, dosta çevirir. Xorvatiya ilə siyasi dialoq sahəsində əlaqələrimiz yüksək səviyyədədir. 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri olmuşdu. Bu səfər çərçivəsində ikitərəfli münasibətlərimizə dair strateji tərəfdaşlıq haqqında bəyannamə, eyni zamanda, həmin səfər çərçivəsində müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdı. Bundan sonra 2016-cı ilin oktyabr ayında Xorvatiyanın xanım prezidentinin Azərbaycana səfəri oldu. Bu səfər çərçivəsində də münasibətlərimizin inkişafı üçün yeni imkanlar açıldı. Azərbaycan prezidentinin budəfəki səfəri isə bir daha onu göstərdi ki, iqtisadi sahədə əlaqələrimizin inkişafı üçün çox böyük potensial var. Amma təəssüf ki, bundan hələ lazımi səviyyədə istifadə edilməyib. Xüsusilə qeyri-neft sektorunda əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Təbii ki, əsas hədəflərdən biri enerji sahəsində əməkdaşlıq məsələləridir. Nəzərə alaq ki, Xorvatiyanın enerjidən çox ciddi asılılığı var. Özünün nefti, qazı olsa da, bunların həcmi olduqca azdır. Ölkənin cəmi 11 SES, 8 İES-i var. Belə olan halda Xorvatiya dövləti maraqlıdır ki, müxtəlif enerji mənbələrindən istifadə etsin. Ona görə də Azərbaycana çox ciddi tərəfdaş kimi yanaşır. Xorvatiya prezidenti bu dəfə də qeyd etdi ki, onlar səbirsizliklə TANAP, TAP layihələrinin reallaşmasını, Cənub Qaz Dəhlizinin işə düşməsini gözləyirlər”.

Millət vəkilinin sözlərinə görə, Xorvatiya Cənub Qaz Dəhlizinin əsas iştirakçılarından birinə çevrilə bilər:

“Xorvatiya Cənub Qaz Dəhlizində iştirak edən 7 dövlətin sırasında hələ ki, deyil. Amma o, potensial iştirakçıdır”.

Millət vəkili bildirib ki, ən mühüm məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır:

“Xorvatiya münaqişənin beynəlxalq hüquq prinsipləri, ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Bu məsələdə Xorvatiya Azərbaycanın yanında olduğunu faktiki olaraq göstərdi. Bütün bunlar bu gün Xorvatiya və Azərbaycan arasında olan münasibətlərin strateji xarakter kəsb etdiyini göstərir”.

İnterpress.az