“Kimə sərf edir bu siyasi meymunluqlar?” – Sabir Rüstəmxanlıbackend

“Kimə sərf edir bu siyasi meymunluqlar?” – Sabir Rüstəmxanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oxuyub bitirmək üzrə olduğum sonuncu kitab \”XXI yüz il üçün 21 dərs” adlanır. Son yüz ilin ən böyük filosoflarından biri bu gün yer üzündə elmi, texnoloji dəyişikliklərin, biomühəndislik axtarışlarının insanoğlunu hansı gözlənilməz sorun və faciələrlə üzləşdirə biləcəyini incələyərək, doğrudan-doğruya, qeyri-adi dərəcədə dərin və kürəsəl bir baxışla oxucusuna 21 dərs verir. Bu kitabı yekunlaşdırarkən birdən xatırladım ki, son zamanlarda oxuduğum kitabların çoxunda dünya üçün belə bir rahatsızlıq ruhu var. Bədii əsərlərin, dünya klassiklərinin yanı- başında demək olar ki, hər gün din və mifologiya tarixindən başlamış elmi-texniki yeniliklərə qədər biri-birindən fərqli mövzularda yazılmış əsərləri vərəqləmək mənim vərdişimdir. Strateji dünya tarixi, nüvə, ekologiya, savaş fəlakətləri, kürəsəlləşmə ilə milli təfəkkürün qarşılaşması, kainatın sirləri… Dünyada ağıllı adamlar çoxdur və araşdırılmalı sahələr də saysız-hesabsızdır. Bu rəngarənglik mənim oxu coğrafiyamın genişliyindən yox, dünyanın fikir sahiblərini maraqlandıran mövzuların genişliyindən xəbər verir.

Böyük ağılın və ilhamın, dərin təcrübənin və ciddi axtarışların nəticəsi olan bu kitablardan sonra yenə öz evimdən – Vətənimdən ayrıla bilmirəm; onun dərdi ağlım kəsəndən çiynimdədir, içimdədir: Qarabağ, Azərbaycanın parçalanması, Urmiya gölünün qurumasıyla bütün Güney Azərbaycanın səhralaşıb məhv olma təhlükəsi, mənəvi aşınma, dəyərlərin itirilməsi, qorxu və ədalətsizliyin tüğyanı, qapalı mühitin gizli qalmayan eybəcərlikləri və s.

Bundan sonra göz atıram Azərbaycan saytlarına: xırda və heç bir ictimai dəyəri olmayan mövzular, aqressiya, sevgisizlik, öz vətəndaşını qaralamaq və gözdən salmaq etinası, saxtakarlıq, normal siyasi dialoq əvəzinə gülməli İqtidar- müxalifət oyunları, əndazəsiz harınlıq və çevrəsində bu gündən sabaha yaşamaq ümidi olmayan insanların faciələri, etnik goreşənlik, ibtidai icma təfəkkürü səviyyəsində yerlibazlıq, tayfabazlıq, yüz illərlə qaynayıb qarışmış xalqları üz-üzə qoymaq cəhdləri, məhsuliyyətsiz bəyanatlar, satılmaq üçün növbə gözləyən söz dəllalları və sair. Fikir və ruh bataqlığı, millətin və dövlətin gələcəyini düşünməmək, burnunun ucundan o yanı görməmək, sözünün məsuliyyətini bilməmək bizim mətbuatımızda xroniki xəstəliyə çevrilib.

Nəzərə almırlar ki, biz müharibə deyilən alçaldıcı bir bəlanın içindəyik və bu vəziyyətdən çıxmaq üçün silah gücündən əlavə bir də böyük mənəvi güc lazımdır.

Biz dünyanın Azərbaycandan daha çox tanıdığı, geniş miqyasda dəstəklənən, dini mənsubiyyətini hər yerdə həyasızlıqla haqqın, ədalətin başına çıxaran, bundan əlavə, həm də çalışqan, zirək, gözə girməyi bacaran, murdar və riyakar bir düşmənlə üz-üzəyik.

Müharibə şəraitində dostuyla da , hətta onu sevməyənlərlə də işləyir. Müvəqqəti qələbə eyforiyası ilə ruhunu diri saxlayır. Özünə rəğbət qazanmaq üçün demokratiya və ədalət görüntüləri də yaradır. Milli maraqları şəxsi çıxarlardan üstün tutur. Ölkə içində narazı qüvvələrlə dil tapmağa çalışır. Dünyanı ağılsız, kar, kor sayırmışcasına \”Qarabağı orda yaşayan ermənilər azad edib” yalanını yayır. Guya, bir milyon türkü yüz min Dağlıq Qarabağ ermənisi o bölgədən çıxarıb, \”biz özgürlük müharibəsi aparırıq”, – deyir və dünyanı bu cəfəngiyatına inandırmağa çalışır.

Bizdə isə otuz ildir eyni şəkildə hələ də öz içimizdə düşmən axtarışındayıq. Bizi düşmən qabağında əliyalın qoyan Moskva hakimiyyəti də qalıb bir kənarda, Mütəllimov-Vəzirovu, demokratik düşərgə onların hər ikisini və Heydər Əliyevi, Əliyev komandası da cəmi bir il hakimiyyətdə olmuş demokratik qüvvələri günahkar sayır və erməni yaddan çıxır. Üstəlik Xocalını və milləti ürəyindən vuran vertolyot qəzasını da Azərbaycanın və onun müəyyən şəxslərinin boynuna qoymaq istəyirlər. Halbuki sənədlər, beynəlxalq müşahidələr, hüquq araşdırmaları, yaşadığımız olaylar çoxdan bu hadisələrə aydınlıq gətirib.

Bəs bəzi yalanların, iddiaların, xalqı üz-üzə qoyan və erməni böhtanlarına dəstək olan bu qəzet və məscid bayquşlarının fikirləri qarışdıran, adamları üz-üzə qoyan, milli birliyə və həmrəyliyə balta çalan cahil bəyanatlarının arxasında nə dayanır, kimə sərf edir bu siyasi meymunluqlar?

Düşmənlərimiz din amilindən ustalıqla istifadə edirlər. Erməni kilsəsini başqa xristian kilsələrindən ayırıb, milli barışı və birliyi saxlayan bir dövlətüstü mərkəzə çevriliblər. Kilsə Allahın evi olmaqdan çıxaraq ermənilərin təbliğat və fitnə yuvalarından biri olub. Bizim məsçidlərimiz milli kimliyi yox, dini kimliyi təbliğ edir. Onun üçün millət faktoru ümummüsəlman faktoru içərisində əriyib gedir. Orta əsrlər Ərəb-Fars zehniyyətindən qopub, irəli gəlmək imkanı yoxdur. Hər kəsin haqqı olan Allah və peyğəmbər sevgisi ərəb və fars mifologiyasının, uydurma və mənasız nağılların qəliz bataqlıqlarında boğulur. Şiə, vahhabi, sünni ayrılıqları dini köklərindən qoparılıb İranda fars şovinizminə, Səudiyyə Ərəbistanda şeyxlərin qudurqanlığına xidmət edir. Din düşüncəsinin və Allaha itaətin Ərəb dilinin monopoliyası altında olması dilimizin və fikrimizin təmizlənməsi və inkişafına mane olur.

İran mədəniyyət ocaqları adına Azərbaycanda fəaliyyət göstərən qurumlar çox vaxt müstəqilliyimizə inamı sarsıtmağa, dini və etnik separatizmi gücləndirmək, gənclərin beynini zəhərləməklə özü də gənc olan dövlətimizin təməlini qazımağa çalışırlarlar.

Biz İranla xoş qonşuluq münasibətlərinin tərəfdarıyıq. Əhalisinin yarısı bizdən olan və min il türklər tərəfindən qurulub idarə edilən bu dövlətə öz dövlətimiz kimi baxırıq, lakin onun içindən axıb gələn fanatizm, cəhalət və türkü məhv etmək siyasəti qəbuledilməzdir. Ermənistana daimi yardım etməsi İranın dövlətimizə münasibətdə səmimi olmadığını göstərir.

Bu qarışıq mühitdə Rusiya tərəfdarları da gecə-gündüz dinclik bilmədən çalışırlar, sayı artan rus məktəbləri, bəzi dairələrdə milli dövlətçiliyə və milli ideologiyaya xəyanət səviyyəsində olan Moskva heyranlığı da gizlədilməsi mümkün olmayan bir cəbhədir.

Başqa bir cəbhə kor-koranə Avropa heyranlığıdır. Qarışıq dünyanın sabitlik adalarından olan, insanlığın, ədalətin, demokratiyanın gələcəyinə ümidlərimizi artıran Avropadan öyrənmək lazimdır. Lakin onu da öz çıxarlarına uyğun dərk edən və onun qarşısında qul itaətkarlığı ilə təzim edənlər də var.

Nəhayət, açıq düşmənçilik yolu tutan kiçik bir dəstə də var ki, İrəvanın qucağında oturub bütövlükdə Azərbaycan dövlətini xanlıqlara parçalamaq və Azərbaycan türklüyünü məhv etmək siyasəti aparırlar…

…Azərbaycanın çağdaş durumu budur. Ortada qalıb çarəsiz, çıxış yolunu bilməyən və həyatımızın, şəraitin, yazılı və şifahi təbliğatın hər gün aşağılamasına baxmayaraq öz potensialını itirməmiş. Təmkinli, Müdrik, ruhundakı təmizliyi qoruyub saxlayan Xalq, Millət… Nə qədər satqın, yaltaq, məddah, riyakar yetişdirilir yetişdirilsin xalqın böyük ruhunu dəyişdirə bilməz!..

Yeri gəlmişkən, bu xalq və millət kəlmələrinə bir aydınlıq gətirmək istəyirəm : Millət – milla sözündən əmələ gəlib, tərəfdar, eyni yolda olan insanların birliyi deməkdir. Yəni burda etnik birlik əsas deyil. İlk dövrlərdə bu söz daha çox dini birliyi ifadə edmişdir: \”Mən müsəlman millətindənəm”.

Ulusal dövlətlərdə millət sözünün dini birlik anlamı unudulur, ulus və vətəndaş birliyi önə çıxır; heç bir vətəndaş özlərini dövlətə ad vermiş titul millətdən ayrı tutmur. Millət sözü daha çox dövlətdə yaşayan insanların birliyi anlamını qazanır. Buna görə də Türk milləti, Fransız milləti, Alman milləti deyiləndə Türkiyənin, Fransanın, Almaniyanın bütün vətəndaşları nəzərdə tutulur. Beləliklə, dünyada qəbul olunmuş dövlətçilik ənənələrinə uyğun olaraq, Azərbaycanda yaşayan bütün vətəndaşlar- azərbaycanlılar Azərbaycan millətidir. Bu onların etnik kimliyinin danılması demək deyildir. Türk türklüyündə, ləzgi ləzgiliyindi, talış talışlığında, kürd kürdlüyündə qalır, heç kəsin əsli-nəsli unudulmur… Vətəndaşlıq amili isə hamımızı qardaşa çevirir. Biz eyni idealların daşıyıcıları, eyni ortaq mədəniyyətin sahibləriyik.

Separatizm və bərbəzəkli çoxmədəniyyətlilik təbliğatları əslində bu birlik üçün təhlükə yaradır. Çünki nə qədər fərqlər olsa da, bu gün bütün dünya üçün ortaq mədəniyyət mühiti yaranmaqdadır. Televiziyalar və elektron media bu işə böyük sürət qazandırıb. Siyasi iddiaları, qazanc ehtiraslarını, işğal hərisliklərini – insanlığın böyük dəyərlərini parçalamağa yönəldənlər yanılırlar. Bu gün Şumer uyqarlığı, Yunan mifologiyası, Avropa intibahı, Çin və Hind təfəkkürünün böyük örnəkləri dünyanın hər yerində insanlığın ortaq sərvəti kimi öyrənilir. Bu baxımdan Azərbaycan ərazisində yüz illərlə bir ailə kimi yaşamış, eyni mədəniyyətin qurucuları və sahibi olmuş xalqların arasında ciddi mədəniyyət fərləri axtarmaq və yadlıq toxumu səpmək olmaz. Bu yol Azərbaycanın müqavimət gücünü zəiflədər. Biz hamımız ümumazərbaycan mədəniyyətinin yetirmələriyik.

Bu qeydləri son vaxtlarda mətbuatımızda yayılan bölgəçilik, yerlibazlıq söz-söhbətlərinin nə qədər gülünc və ibtidai təfəkkür məhsulu olduğunu , eyni zamanda dövlətimizə və millətimizə qarşı çevrilmiş bir qəsd və xəyanət olduğunu bir daha xatırlatmaq üçün yazdım…

İnterpress.az