Siyavuş Novruzov Aslan İsmayılovu necə susdurdu? – İş adamından müdhiş iddiabackend

Siyavuş Novruzov Aslan İsmayılovu necə susdurdu? – İş adamından müdhiş iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klassik terrorçular başlarına maska keçirir, sosial şəbəkə terrorçuları isə trolların altında gizlənirlər. Belə trol yığınına rəhbərlik edən və ifrat abırsızlığı ziyalı adamlara qarşı silaha çevirmişlərdən biri də Krasnodar universitetinin uğursuz məzunu Aslan İsmayılovdur. Niyə uğursuz? Ona görə ki, bütün çıxışları hüquqi nihilizm, ziddiyyətlərlə doludur. Abırsızlıq və demaqogiya, faktları öz xeyrinə təhrif etmə, nəhayət, özünün əsl simasını gizlətmək üçün populizmdən geniş istifadə onun ən sevdiyi üsullarıdır. Başa düşür ki, şantaj və qısnamaya, böhtana görə bir gün hüquq-mühafizə orqanları qapısını döyəcəklər. Ona görə də özünü “xalq müdafiəçisi”, “xalq adamı” kimi təqdim etməyə çalışır ki, “ilişəndə” özünü siyasi qurban kimi təqdim edə bilsin. Bu cinayətkar və casusların özlərini sığortalamaq üçün “jurnalist” və yaxud “keşiş”, “din adamı”, “milli azlıq nümayəndəsi”, “hüquq müdafiəçisi” adları altında fəaliyyət göstərməsi nümunələrindən biridir. Biz həm öz ölkəmizin, həm də qardaş Türkiyədə baş verənlərin nümunəsində bunları çox görmüşük. Bütün xalqların folklorunda da cüzi fərqlərlə belə bir atalar sözü var: “Gözəl sözlər pis əməlləri ört-basdır etmək üçündür”. Bu atalar sözü yalançı hüquqşünas, yalançı hüquq müdafiəçısı, saxta vəkil, onun istədiyini verməyənləri sosial şəbəkə vasitəsilə şantaj edən, nəhayət, “yalançı aslan” Allahverdi İsmayılovun tam mahiyyətini ifadə edir.

Aslan İsmayılovun “Sumqayıt prosesi”ndəki missiyası
Ancaq bu dəfə mən onun Sumqayıt hadisələrinin istintaqındakı rolundan yazacam. O ilk dəfə müəmmalı şəkildə məhz Sumqayıt hadisələrinin istintaqında peyda olub. Qəribədir ki, Krasnodardan Bakıya gələn kimi dərhal birbaşa Moskvanın nəzarətində olan “Sumqayıt prosesi”ndə dövlət ittihamının müdafiəsi məhz ona tapşırılır. Halbuki, Sumqayıt hadisələrinin səhəri gün şəhərin prokuroru İsmət Qayıbov cinayət işi açmışdı. Amma Moskvadan gələnlər onu işdən kənarlaşdırdılar. Sonra işə prokuror kimi Azərbaycana yenicə gəlmiş Aslan İsmayılov təyin olundu. Nə üçün axı Moskva A.İsmayılova İ.Qayıbovdan və yaxud da Sumqayıtı və ölkəni daha yaxşı tanıyan bir başqasından daha çox etibar edirdi? Halbuki, Sumqayıtın prokuroru kimi İ.Qayıbov şəraitə daha yaxından bələd idi və istintaqa daha çox xeyir verə bilərdi. Bu sualın cavabı təbii ki, qaranlıq deyil. O, Sovet Moskvasının daha etibarlı adamı kimi seçilmişdi. Həm də məhkəmə prosesi göstərir ki, onun missiyası işi dərindən araşdırmamaq, kölgədə qalan şəxslərin və hadisələrin araşdırılmasında dərinə getməmək, təşkilatçıları axtarmamaq, Qorbaçovun, Moskvanın və erməni diasporunun tələbini yerinə yetirmək. Bəs Qorbaçov nə tələb edirdi: istintaqı “xuliqan elementlərin işi” kimi tez bağlamağı.

Ermənilər nə tələb edirdi: birincisi, cəzanın sərt olmasını və azərbaycanlılara da ölüm hökmü verilməsini, ikincisi, elə ittihamın irəli sürülməsinə çalışırdılar ki, günah məhz azərbaycanlıların üzərində qalsın və onlar “azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməz” iddiası ilə Dağlıq Qarabağı Azərbaycanda ayırmağa nail olsunlar. Amma iş dərindən araşdırılar və təşkilatçılar üzə çıxardısa, onda ermənilər və Moskvadakı havadarları, onların Qarabağla ilgili planları ifşa olunardı. Odur ki, məhz Aslan İsmayılov prokuror təyin olundu və “işə” başladı. Təşkilatçılar axtarılmadan, qaranlıq məqamlar araşdırılmadan yarımçıq iş Aslan İsmayılov tərəfindən məhkəməyə təqdim olundu.

Bu məqamla bağlı Aslan İsmayılovun ziddiyyətli çıxışları var. Məsələn, kitabında yazır ki, guya o məhkəmədəki çıxışı zamanı işin tam araşdırılmadığını və təşkilatçıların tapılmadığını iddia edib. Amma deyəsən sonralar anlamağa başlayıb ki, məhkəmədəki çıxışını itirməklə anti-milli fəaliyyətini ört-basdır edə bilməyəcək. Axı bütün proses haqda sənədlər ortadadırsa yalnız bir çıxışın oğurlanması (bu barədə konkret aşağıda) ilə hamını aldatmaq olmaz. Mendeleyev cədvəlindəki kimi məlum elementlərə əsasən hələ məlum olmayanların tərkibini müəyyənləşdirmək mümkündür axı. Odur ki, A.İsmayılov yeni müsahibələrində artıq kitabdakı iddialarını təkzib edərək guya ondan işin yarımçıq şəkildə məhkəməyə çıxarılmasını Respublika Prokurorluğunun rəhbərliyi tələb edibmiş. A.İsmayılov bəs deyir və yazırdınız ki, guya ailənizi, özünüzü zərbə altında qoyaraq Qorbaçova, KQB-yə, az qala bütün SSRİ-yə qarşı gedib işi başa çatdırmağı tələb etmisiniz.

Bir tərəfdən iddia edir ki, onun Sumqayıt hadisələri ilə bağlı məhkəmədəki davranışı hüquqa və milli maraqlara uyğun olub, o biri tərəfdən də Turan agentliyinin əməkdaşı Tapdıq Fərhadoğluna (Obyektiv TV) verdiyi müsahibədə o zamankı Baş Prokuror İlyas İsmayılovu günahlandırır, məsuliyyəti onun üzərinə atır: “Mən Baş Prokurorluqda rəhbərliyə (adını çəkməsə də Baş Prokuror İlyas İsmayılov idi) dedim ki, məhkəmədə deyəcəm ki, iş saxtalaşdırılıb, bu iş Azərbaycan xalqına qarşı təxribatdır, təşkilatçılar gizlədilib. Qriqoryana da ölüm hökmü istəyəcəm. Dedilər ki, 15 ildən artıq heç kimə iş vermək olmaz. Mənə Baş Prokurorluğun rəhbərliyi dedi ki, sənin başın xarab olub? Sən DTK-nın, SSRİ Baş Prokurorluğunun əleyhinə çıxış etmək istəyirsən? Mən də dedim ki, yaxşı mən hər şeyi siz deyən kimi edəcəm. Amma məhkəmədə Qriqoryana ölüm hokum istədim”. (Xatrılatma: Sərt cəzalar erməni diasporunun tələbi idi. Mocskvada Əhmədova da onların təzyiqi ilə ölüm hökmü çıxarılmışdı).

İnterpress.az