Əlikram Hümbətova hakimiyyətin içərisində dəstək verənlər var – Partiya sədribackend

Əlikram Hümbətova hakimiyyətin içərisində dəstək verənlər var – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əlbəttə ki, ölkəyə, Vətənə xəyanət edənlərin hamısı kimliyindən aslı olmayaraq, həbs edilməlidir. Kimlərdənsə incimək olar. Amma dövlətin sarsılmasına qarşı mübarizə aparanlara qarşı biz də mübarizə aparmalıyıq. Ola bilər ki, kiminsə kimdənsə narazılığı var. Kimsə hansısa məmurdan inciyib. Bu, o demək deyil ki, sən kimdənsə incidiyinə görə Azərbaycan dövlətinə xəyanət etməlisən. Bu, ümumiyyətlə yolverilməzdir”.

Bu fikirləri İnterpress.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri, prezidentliyə sabiq namizəd Hafiz Hacıyev qondarma Talış Milli Hərəkatının sədri separatçı Fəxrəddin Abbasovun həbsinə münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, bunlar xaricdə oturub Azərbaycana təzyiqlər göstərməyə çalışan, dövlətçiliyimizə zərbə vurmaq istəyən insanlardır: “Bunlar Azərbaycanın bütövlükdə yenidən yadellilər tərəfindən işğal altına salınmasını istəyən insanlardır. Ona görə, F.Abbasovun həbsi çoxdan baş tutmalı idi. Bir çoxları xaricdə oturub Azərbaycanın əleyhinə kampaniyalar aparmaqla, Azərbaycanın əleyhinə işlər həyata keçirməklə məşğuldurlar. Azərbaycan tərəfinin F.Abbasovu həbs etməsi əlbəttə ki, təqdirəlayiqdir”.

Onun sözlərinə görə, Azərbaycanın öz daxilində də dövlətimizə, dövlətçiliyimizə zərbə vurmaq istəyənlər var: “Eyni zamanda, hakimiyyətin içərisində dövlətimizə potensial düşmənlər də mövcuddur. Hesab edirəm ki, daxildəki düşmənlər də bir-bir təmizlənməlidir. Bunların arasında yüksək ranqlı məmurlar da var. Ümid edirəm ki, dövlətimiz onların hamısını ifşa edəcək və həbs olunmasına sərəncam veriləcək. Ümumiyyətlə, separatçılara Azərbaycanda dəstək verən insanlar var. Azərbaycan hökumətinin içində çox ciddi şəkildə xaricdə yaşayan separatçılara, müəyyən qüvvələrə dəstək verənlər var. Ona görə də, düşünürəm ki, bu sahədə dövlət başçısına kömək lazımdır”.

Partiya sədri hesab edir ki, Fəxrəddin Abbasovdan sonra Əlikram Hümbətov da həbs olunub Azərbaycana gətirilməlidir: “Bəziləri kiməsə acıq vermək üçün gedib separatçılıqla məşğul olur. Lap gedir erməniyə əsir də düşür. Bunların hamısının qarşısını almaqdan ötrü həm xaricdəki separatçılar, həm də hakimiyyətdaxili separatçılar həbs olıunmalı və məhkəmə qarşısında cavab verməlidirlər. Hesab edirəm ki, bundan sonra Əlikram Hümbətov da həbs olunmalıdır. Biz bilirik ki, Ə.Hümbətova Azərbaycan hakimiyyətinin içərisində dəstək verənlər var. Ona görə də, separatçılarla birlikdə onlara dəstək verən hakimiyyətin daxilindəki qüvvələr də həbs olunmalıdır”.

H.Hacıyev F.Abbasovun həbs olunması ilə Azərbaycan dövlətinin öz gücünü bir daha göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan dövləti bununla da qadir olduğu gücü praktiki olaraq nümayiş etdirdi ki, digər dövlətlərə də dərs olsun: “Xarici ölkədə Azərbaycana qarşı separatçılıqla məşğul olan F.Abbasovun həbs olunması xarici dövlətlərə də bir subliminal mesajdır. Düşünürəm ki, bəzi dövlətlər bundan dərs götürməlidir”.

Qeyd edək ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Fəxrəddin Abbasov Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı hədyan çıxışlar edib. O, Ermənistanda dəfələrlə səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib.

Məlumat üçün bildirək ki, Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub. 1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

İnterpress.az