“Şübhəsi olan varsa, sübut etməyə hazıram” – Ərdoğana qurban kəsən FHN-nin mayoru – MÜSAHİBƏbackend

“Şübhəsi olan varsa, sübut etməyə hazıram” – Ərdoğana qurban kəsən FHN-nin mayoru – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü il dönümü münasibəti ilə Bakıya gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə 100 qurban kəsən Araz Musayev İnterpress.az-a müsahibə verib.

İnterpress.az Azərbaycan Mautay Federasiyasının vitse-prezidenti, kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu, ixtisasca hüquqşünas olan FHN-nin mayoru Araz Musayevin müsahibəsini təqdim edir:

– Araz bəy, siz bir neçə gün öncə Bakının işğaldan azad olunması münasibəti ilə, Türkiyə və Azərbaycan prezidentlərinin şərəfinə xeyli sayda qurban kəsmisiniz. Ümumiyyətlə, nə səbəb oldu ki, bu aksiyanı həyata keçirmək fikrinə düşdünüz?

– Mən Masallıda soykökü türk olan bir ailədə böyümüşəm. Orta məktəbi doğulduğum Nüvən kəndində bitirib ali təhsil almaq üçün paytaxta səfər etmişəm. Atamın uşaqlıqdan biz türkçülük ideologiyası ilə böyütməsi sonradan bizə Vətəninə, millətinə, dövlətinə, xalqına bağlı olmağı öyrətdi. Atam tarixçi olduğundan bizə hər zaman Türk dövlətləri, Türk xalqları, Türk millətləri haqqında məlumatlar verib. Atam tarixi kemişi səhifələyərkən türk bizi xilas elədi, türk bizə kömək etdi, ilk harayımıza gələn türk oldu, türk bizim hər zaman yanımızda olub – deyə, xronoloji hadisələri diqqətimizə çatdırırdı. Eyni zamanda, o, bizə türkün türkdən başqa dostunun olmadığını aşılayıb. Ta uşaqlıqdan bizim qəlbimizdə türkə, türkçülüyə olan məhəbbətin toxumlarını səpib. Ona görə də, bu gün biz türkü sevirik. Bu sevgi məhz ordan qaynaqlanır.

“Şübhəsi olan varsa, sübut etməyə hazıram” – Ərdoğana qurban kəsən FHN-nin mayoru - MÜSAHİBƏ

– Bəs, niyə başqa ideya deyil, məhz qurban kəsmək fikri sizin üçün məqsədəuyğun oldu? Yəni, siz Türkiyə və Azərbaycan prezidentlərinin şərəfinə başqa işlər də görə bilərdiniz.

– Bilirsiniz necədir? Azərbaycan və Türkiyə əhalisinin çoxunu müsəlmanların təşkil etdiyi ərazilərdir. Hər iki dövlətin rəsmi dini də İslam dinidir. Bizim prezidentlərimiz də müsəlmandır. Müsəlman bir ölkəyə daxil olanda həmin yerdə kasıblar sevinər, yoxsullar şadlanar və həmin yerlərə ruzi-bərəkət gələr. Digər tərəfdən də, tarixdə qeyd olunur ki, Nuru Paşa Bakını işğaldan azad etdikdən sonra qələbə bayramı qeyd etdilər. Həmin qələbə bayramı Qurban bayramı ilə üst-üstə düşdü. Hətta mənbələrdə deyilir ki, qələbə bayramının Qurban bayramı ilə kəsişdiyinə görə, Nuru Paşanın göstərişi ilə hər qurban kəsənə iki qurbanlıq kəsməyi tövsiyyə edilib. Ki, bir qurbanlıq sırf Qurban bayramı üçün nəzərdə tutulubsa, digəri də qələbə bayramı üçün nəzərdə tutulub. Ona görə əvvəlcədən düşündüm ki, müsəlman olan prezidentlərə görə ən böyük hədiyyə elə onların şərəfinə qurban kəsmək olar. Eyni zamanda, Nuru Paşanın qərargah qurduğu məsciddə qurbanlarımı kəsildi və dualar oxundu. Hər iki dövlətin başçısının sağlamlıqları üçün, qüdrətli olmaları üçün dualar oxundu.

– Sizin bu aksiyanızı pisləyənlər də oldu. Sosial şəbəkələrdə sizin aksiyanızı dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də var. Nəzərə alsaq ki, siz həm də idmançısınız, onlara nəsə sözünüz varmı?

– Mənim onlara sözüm odur ki, bu qurbanlıqlar Bakının işğaldan azad olunmasının 100-cü ildönümü münasibətilə liderlərin şərəfinə kəsilib. Təbii ki, bu qurbanlıqların ətini liderlər deyil, ehtiyyacı olanlar yedi. Tarix boyu qurban ətləri aztəminatlı ailələrə paylanılıb. Mən özüm də evə kəsilən qurbanlıqlardan yalnız 1 kiloqram ət apardım. Ki, mətbəximizdən müqəddəs şərəfə kəsilən qurban ətinin qoxusu duyulsun. Mən burda istəmirəm ki, qurban ətlərinin haralara və kimlərə paylandığı barədə konkret ad çəkim. Amma şübhəsi olanlar varsa, sənədlə sübut etməyə hazıram.

“Şübhəsi olan varsa, sübut etməyə hazıram” – Ərdoğana qurban kəsən FHN-nin mayoru - MÜSAHİBƏ

– Araz bəy, gələcəkdə də qurbankəsmə aksiyalarını davam etdirmək fikriniz varmı?

– Bu, mənim sayca üçüncü qurbankəsmə aksiyam idi. Bundan əvvəl də mən iki dəfə qurbankəsmə aksiyasını həyata keçirmişdim. Mən istərdim ki, qurbankəsmə aksiyaları Qarabağ torpaqlarında da həyata keçsin. Həyatda arzum budur ki, Azərbaycanımızın hər qələbəsi münasibəti ilə qurban kəsim. Qurban kəsimi aksiyası simvol olaraq hər zaman müsbət addım olub. Misla üçün, birinin övladı hərbi xidmətdən gəlir – qurban kəsilir. Böyük qələbə çalınır – qurban kəsilir. Abituriyent universtitetə daxil olur – qurban kəsilir. Əlbəttə ki, qurbanlar yalnız Allah yolunda kəsilən qurbanlardır. Səbəb nə olursa olsun, niyyət Allahın razılığıdır. Allah türk liderlərini qorusun. Çünki türklər yalnız həmrəylik nümayiş etdirməklə düşmənlər üzərində qələbə qazana bilərlər.

– Bizdə olan məlumata görə, 12 ildir ki, FHN-də çalışırsız. Amma maraqlısı odur ki, siz daha çox cəmiyyətdə idmançı və türkçü kimi tanınırsınız? Sizi narahat edirmi bu?

“Şübhəsi olan varsa, sübut etməyə hazıram” – Ərdoğana qurban kəsən FHN-nin mayoru - MÜSAHİBƏ

– Mən uşaqlıqdan idmanla da məşğul olmuşam. Ta indiyə qədər idmanla məşğulam. Mən bütün imkanlarım hesabına dövlətim üçün, millətim, xalqım üçün və ümumilikdə, Türk üçün özümü hazırlamışam. Mənim idman sahəsində də böyük xidmətlərim olub. 2007-ci ildən də Fövqəladə Hallar Nazirliyində çalışıram. Mütəxəssis vəzifələrini icra etmişəm. Hazırda FHN-də əmlak sığortasının respublika üzrə baş mütəxəssisi kimi fəaliyyət göstərirəm. Amma bütün nailiyyətlərimi idman sahəsində qazanmışam. İndiyə qədər də heç bir zaman xidmətimlə bağlı heç bir nöqsana yol verməmişəm. Ola bilər ki, nöqsansız fəaliyyətim idmançı kimi tanınmağımda böyük rol oynayıb. Türkçü kimi tanınmağım da mənim üçün fəxrdir. Qanında türk axan axan, türk oğlu türk üçün canını, varını fəda edən bir şəxsin türkçü kimi tanınması da onun türk xalqı üçün xidmət göstərməyə hazır olduğundan irəli gəlir.

– Sizin son 100 qurban kəsmə aksiyanız sizi Azərbaycan və Türkiyədə daha çox xeyriyyəçi biri kimi tanıtmağa başladı. Əvvəllər siz idmançı və nazirlik əməkdaşı kimi tanınırdınızsa, artıq siz türksevər xeyriyyəçi kimi də tanınırsınız..

– Əslində, mənim özümü kimlərəsə tanıtmaq fikrim olmayıb. Mən sadəcə üzərimə düşən məsuliyyəti yerinə yetirmişəm. Bunu özümə vacib bildiyim üçün etdim. Bilirsiniz, idman sahəsi elədir ki, cəmiyyətdə aktiv olursan, sənin fəaliyyətlərin hər zaman ən azından mediada öz əksini tapır. Ona görə də, idman fəaliyyəti ilə məşğul olan hər bir şəxs istəməsə də belə, cəmiyyətdə göstərdiyi xidmətlərinə və qazandığı nailiyyətlərinə və uğurlarına görə tanınır. Xeyriyyəçilik kimi dediyiniz işi isə mən yenə deyirəm ki, hər hansı tanınmaq məqsədlə həyata keçirməmişəm. Bu, mənim borcum idi və bunu etməliydim.

– Cəmiyyətimizdə Nuru Paşanın komandanlığı altında Qafqaz islam Ordusunun 100 il bundan öncə Bakının işğal etdiyini düşünən bolşevik təfəkkürlü insanlar da var. Onlara sözünüz nədir?

– Onlara ilk sözüm budur ki, hər bir fərd öz tarixini bilməlidir. Ona görə də bu cür düşünənlərə demək istərdim ki, arada bir tarixi keçmişimizi səhifələsinlər. Ən azından heç bir qardaş qardaşının torpağını zəbt etməz. Bu, tarixlər boyunca belə olub. Tarix bunu sübut edir ki, Azərbaycan Türkiyə hər zaman qardaş olub və bir-birilərinin yanında olublar. Çalışsınlar ki, keçmişlərini unutmasınlar. Mən bəzən görürəm ki, bəziləri elə şeylər yazırlar ki, oxuyanda adamın ürəyi ağırıyır ki, yəni, bir türk öz keçmişini necə unuda bilər axı?

Səid Qərib
İnterpress.az