Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları – MÜSAHİBƏbackend

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, Qarabağda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı bir neçə dəfə yaralanaraq Qarabağ qazisi olan Şahid Qurbanov el arasında “Peşkom Hacı” kimi tanınır. 1967-ci il təvəllüdlü Ş.Qurbanov 39 yaşında Bakıdan Məkkəyə qədər Həcc marafonunda iştirak edib. O, Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını və Küveyti keçməklə, ümumilikdə 9,2 min kilometr məsafəni piyada qət edərək Məkkədə Kəbə evini ziyarət edib. Yol boyu başına gələn əhvalatları, üzləşdiyi təhlükələri bizimlə bölüşən “Peşkom Hacı” İnterpress.az-a müsahibəsində marafon haqqında bəzi gizlinlərə aydınlıq gətirib. O, Bakıdan Məkkəyə qədər piyada səfərinin səbəbindən tutmuş məqsədinə qədər danışıb, eyni zamanda, növbəti dəfə həyata keçirəcəyi daha bir piyada turdan da söz açıb.

İnterpress.az “Peşkom Hacı” kimi tanınan Şahid Qurbanovun müsahibəsini oxuculara təqdim edir:

– Şahid bəy, necə oldu ki, həcc ziyarətinə piyada getmək qərarına gəldiniz?

– 2006-cı il idi, Mən bir dəfə yatdım yuxuda gördüm ki, müqəddəs Kəbənin ziyarətinə piyada gedirəm. Piyada səfərim boyu isə Qarabağ deyə-deyə qışqırıram və Qarabağın haqq səsini getdiyim yolun boyunca insanlara çatdırıram. Yuxuda Bakıda öz evimdən çıxıb ta Səudiyyə Ərəbistanına qədər piyada qət elədiyim yolun yolçusu olmaq hissini necə yaşamışdımsa, yuxudan oyandıqdan sonra hadisələrin real olduğunu düşünürdüm. Bu real olmayan səfər mənə o qədər müsbət təsir etmişdi ki, yuxumun gerçəkləşməsinə çalışdım. Dost-tanışlarla məsləhətləşdim və getməmişdən öncə Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarına həsr olunmuş bir tədbir hazırladıq.

“Heydər Əliyev – İslam dünyası – Qarabağı unutma”

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Həmin günü bəs piyada səfərinə hardan başladınız?

– Yuxumdan sonra Həcc ziyarəti üçün niyyət etmişdim ki, elə Bakıda yaşadığım evimdən çıxan kimi Məkkəyə qədər piyada gedəcəm. Ona görə də, yol azuqəsini götürüb evdən çıxan kimi səfərim başladı və evdən çıxan kimi ilk piyada səfərimi Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət etməklə başladım. Bununla da “Heydər Əliyev – İslam dünyası – Qarabağı unutma” adlı səfərimə start verdim. Səfərimin adını ona görə belə etdim ki, Heydər Əliyevin İslam dünyasında çox böyük rolu olub. Eyni zamanda, şərqdə H.Əliyevi demək olar ki, hər kəs çox yaxşı tanıyırdı. Mən bir məsələni sizin diqqətinizə çatdırım ki, piyada səfərim zamanı ərəb ölkələrində elə şəhərlərdən keçirdim ki, soruşanda ki, sən haralısan? Azərbaycan deyəndə tanımırdılar, amma Heydər Əliyevin adını çəkəndə dərhal bilirdilər ki, hansı ərazidən söhbət gedir. H.Əliyev bir fenomen idi ki, dünyada hamı onu tanıyırdı. Çünki H.Əliyev həqiqətən də dahi şəxsiyyət olub. Mən onun dahi olduğunu Azərbaycanı tərk edib başqa ölkələrdə olarkən təsdiqlədim.

– Marafon səfərinizin adını da yuxuda görmüşdünüz, yoxsa sonradan fikirləşdiniz?

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Yox, yuxuda görməmişdim. Mənə çoxları sual verir ki, səfərin adını niyə “Heydər Əliyev – İslam dünyası – Qarabağı unutma” qoymusan. Bu sualın cavabı mənim şəxsi həyatımla bağlıdır. Mən iki dəfə ali təhsil almışam. 1983-cü ildə birinci təhsilimdə ali məktəbdən qovulmaq üzrə idim. H.Əliyevin müdaxiləsi ilə mən bərpa olundum. O, mənim təhsilimi başa vurmağım üçün şans verdi. O şansın hesabına mən sonradan birçox nailiyyətlər qazandım. O zamandan o insana qarşı məndə böyük simpatiya yaranmağa başladı. Ona görə də mən marafon səfərimə H.Əliyevin adını verməklə ona mənə etdiyi yaxşılığın çox cüzi bir hissəsini ödəmiş oldum.

Zəhərli heyvanlara qarşı keçi tükü və sarımsaqdan istifadə qaydaları…

– Səfərə çıxdığınız zaman özünüz ilə nə aparmışdınız? Yəni qət edəcəyiniz uzun bir məsafə boyu sizin üçün zəruri olan yemək, içmək, pal-paltar və s götürmüşdünüzmü özünüzlə?

– Səfərdən bir gün əvvəl evdə hazırlıq gördüm. Evdən çıxanda cəmi 4 şirvan pulla səfərə başlamışdım. Əlavə pul götürməmişdim. Düşünürdüm ki, pulmənim nəyimə lazımdır. Mənim üçün ən əsası dövlətimizin bayrağı idi. Ona görə özümlə birlikdə aparacağım ilk yol yoldaşı olan bayrağımızı götürdüm. Digər tərəfdən də bilirdim ki, Azərbaycan bayrağı ilə digər dövlətlərin ərazisinə keçmək mənim üçün problem yarada bilər. Amma ən azından mənim hansı dövlətin vətəndaşı olmağımı əks etdirməsi üçün lazım idi. Evdən çıxarkən üzərimdə 30 kiloqramlıq yük var idi. Əynimdə hərbi geyimlə səfərə başlamışdım. Yük çantamda isə uzaq yol səfərinə lazım olan bütün ləvazimatlar var idi. Düzdür çox çətin idi, o qədər yüklə uzun səfər etmək. Amma yuxumu gerçəkləşdirməli, arzumu reallaşdırmalı idim. Yük çantamı belimdən asıb, Azərbaycan bayrağını da çiynimdən başımın üzərinə qədər qaldırıb getmişdim. Çantamda isə əsas olan çadır idi, yerə sərilən xüsusi döşəkçə idi. Geyim dəstləri idi, soyuqdan və yağışdan qorunmaq üçün plaş idi. Eyni zamanda, zəhərli heyvanlara qarşı bəzi hazırlıqlar görmüşdüm. Keçi tükündən hazırlanmış kəndir və sarımsaq da uzaq səfər zamanı bəzi zərərli heyvanların təhlükəsindən sovuşmaq üçün vasitələrdir.

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Hacı, dediyiniz vasitələrdən zəhərli heyvanlara qarşı necə istifadə edirdiniz ki?

– Çox asan şəkildə. Çadırımı qururdum və döşəkçəmi də sərirdim yerə. Çadırımın ətrafı boyunca keçi tükündən olan kəndiri dairəvi şəkildə yerə qoyurdum. Onun da ətrafına sarmısaqları düzürdüm. Zəhərli heyvanlar – ilan, əqrəb, həşəratlar, hörümçəklər də keçə bilmirdilər, iyin təsirindən geri qayıdırdılar. Mənim əsas qorxum bayraq idi. Çünki bir ondan narahat idim ki, bayrağımı oğurlamasınlar. Ona görə də, bayraqı yük çantama bağlayıb yatanda da ürəyimin üzərində saxlayırdım ki, oğurlaya bilməsinlər.

– Keçdiyiniz ölkələrdə yol boyu yerli əhalidən sizinlə maraqlanan olurdumu? Ən azından yol adamı və turist idiniz. Yerli əhalinin sizə münasibəti necə idi?

– Düzdür, İran ərazisində bir neçə dəfə təqib olundum. Bəzi yerli sakinlərlə aramda mübahisələr də yaranırdı. İranda barbarların hücumuna məruz qalmışdım, bayrağımızı alıb qırmaq istəyirdilər. Canımı zorla qurtara bildim. Mən Qarabağ həqiqətlərini, Xocalı soyqırımını ərəb dünyasında tanıtdıracaqdım deyə, bu istiqamətdə özümlə aparacağım bəzi maarifləndirici fotolar və məlumatlar qeyd olunmuş kağızlar var idi. Həm də düşündüm ki, ərəb ölkələri kimi Azərbaycan əhalisi də müsəlmandır. İslam dinində də belə bir fikir var ki, əgər bir şəxs zülmə məruz qalırsa, ona susanlar da zülmkarlar kimidir. Ermənilər də Azərbaycan xalqına qarşı tarixən zülmkarlıq ediblər. Düşündüm ki, müsəlman ərəb ölkələrinə Azərbaycan həqiqətlərini çatdırım, görüm susacaqlarmı? Çünki mən o boyda yol qət etdim və yol boyu hər məni görənin diqqətini turist kimi cəlb edirdim. Yerli əhali gəlib mənimlə maraqlanırdılar ki, nəyəsə ehtiyyacım olar bəlkə. Mən isə onlarla həmsöhbət zamanı Qarabağla bağlı yazılmış vərəqələri onlara paylayırdım.

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

“Peşkom Hacı”nın Həcc marafonuna hərbi geyimdə çıxmasının sirri…

– Şahid bəy, bayaq dediniz ki, piyada həcc səfərinə hərbi formada başlamısınız. Niyə məhz hərbi geyimdə?

– Mən əslində, adi geyimlə getməyi düşünürdüm. Amma sonradan düşündüm ki, bir halda ki, minlərlə kilometrlik bir səfərə çıxıram və yol boyu həyata keçirəcəyim bir sıra ideyalar var, ona görə səfərimin mahiyyətini biraz da artırmağı düşündüm. Hərbi geyimlə səfərə çıxmağım isə subliminal mesaj idi. Ki, biz hələ də müharibə şəraitində yaşayırıq və torpaqlarımız hələ də işğal altındadır. Məhz bu məqsədlə geyinmişdim.

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Hacı, səfərinizin istiqamətindən danışardınız biraz da. Məkkəyə çatana qədər hansı əraziləri – şəhərləri keçdiniz?

– Deməli, istiqamət belə idi. Azərbaycan, İran, Küveyt, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı istiqaməti üzrə 9 min kilometrlik yol üzrə hərəkət etməli idim. Xəritə ilə Bakıdan çıxıb piyada Astaraya qədər oradan da İrana keçdim. İran ərazisinə keçən kimi Tehran yolu ilə mənzil başına doğru istiqamət aldım. İranın şimalından cənubuna doğru hərəkət etdim. Ərdəbil və Təbriz şəhərlərini ziyarət etdim. Cənubi Azərbaycanda soydaşlarımızla salamlaşa-salamlaşa.

– Çox maraqlıdır ki, 9 min kilometrlik bir məsafəni piyada, həm də tək-tənha qət etmisiniz. Gecə-gündüz yol getməkdən bezmirdiniz?

– Çox adam deyir ki, mən Məkkəyə piyada gedərəm. Təbii ki, qədim zamanlarda nəqliyyat vasitələrinin olmadığı bir dövrdə insanlar səfərlərini piyada və minik vasitələri kimi istifadə olunan heyvanlarla həyata keçirirdilər. Ayaqla uzun bir məsafəni qət etmək isə olduqca çətindir. Təsəvvür edin ki, yüzlərlə kilometr uzunluğunda səhradır və qumdan başqa heçnə yoxdur. Ucsuz-bucaqsız bir səhranın yeganə sakini sənsən. Mən yol boyu elə günlər olub ki, ac da qalmışam, susuz da qalmışam. Hətta bəzən elə bir çarəsiz vəziyyətdə qalırdım ki, Allahdan ölüm də arzu edirdim ki, ölüm daha bu səfər bitsin. İranı keçdikdən sonra hiss etdim ki, ayaqlarım şişib artıq yeriyə bilmirəm. Özüm də ac və susamışdım. Bununla yanaşı, tək tənha səfər etmək də adamı yorur. Çünki insan fitrətən elədir ki, həmsöhbətə daim ehtiyyaclıdır. Amma bəzən olurdu ki, yolda yerli əhali ilə rastlaşdıqda onlarla həmsöhbət olurdum. Qarabağ həqiqətləri barədə şəkilli foto-albomu və müxtəlif dillərdə yazılmış məlumatları həmsöhbətlərimə verirdim. Özümün də başım qarışırdı. Yol boyu bəzilərinin mənə turist kimi qayğılı münasibət göstərmələri də mənə stimul verirdi. Bir də görürdün ki, bir maşın saxladı və içərisindən qadın, kişi və azyaşlı uşaqlar düşdü. Yaxınlaşıb mənlə şəkil çəkdirmək istəyirdilər.

Məscidlərdə Qarabağ həqiqətlərini belə təbliğ edirdi…

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Gecələr daha çox haralarda gecələyirdiniz?

– Səhra yollarında gecələr məcbur olub elə səhralarda yatırdım. Amma bəzən getdiyim yolun üstündə iaşə obyektləri olduğunu görəndə yorularkən həmin iaşə obyektlərində gecələyirdim. Getdiyim hər 5 kiolemtrdən bir 10 dəqiqəlik istirahət edirdim. 10 kilometr gedirdimsə, 20 dəqiqə istirahət edirdim. O qədər yol getmişdim ki, ayaqlarımın altı yara olmuşdu. Səhv özümdə olmuşdu ki, ayaqqabımı düzgün seçməmişdim. Sonradan ayaqqabı ilə bağlı problemimi aradan qaldırdım. Bəzən gecələr məscidlərdə gecələyirdim. Məscidlərdə olarkən ərəb dilində yazılmış bukletləri Quran kitablarının arasına qoyurdum. Səhər məscidə gələn dindarlar Quran açıb oxuyanda ilk olaraq Qarabağ və Xocalı həqiqətlərindən bəhs olunan bukletləri oxuyub daha sonra Quran tilavət edirdi.

– Evdən çıxarkən yol boyu başınıza gələcək təhlükələri gözə almışdınızımı? Düşünürdünüzmü sizi minlərlə kilometrlik bir məsafə boyu vəhşi heyvanlar, zəhərli həşəratlar, müxtəlif iqlimə malik olan ərazilərin təbiət hadisələri gözləyir?

– Mənim üçün həyatda qorxu deyilən bir şey yoxdur. Mən heç vaxt güllədən qorxmamışam. Həmişə özümü inandırmağa çalışmışam ki, gülləyə belə dik baxmaq lazımdır. İnsan ki, ölümdən qorxdu və ya ölümdən qaçdısa, ölüm harda olsa, onu tez bir zamanda yaxalayacaq. İnsan təkcə bir olan Allahdan qorxmalıdır və özünü Ona təslim etməyi bacarmalıdır. Hər şey Onun əlindədir çünki. Səni saxlayan da Odur. Mən bilirdim ki, mənim başıma çox işlər gələ bilər, məni öldürə də bilərlər. Mən vəhşi heyvanların caynağından xilas olmaya da bilərəm. Amma hər şeyi Allaha təvəkkül edib çıxmışdım.

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Bəs, heç təhlükəli və qorxulu hadisələrlə rastlaşdığınız oldumu?

– Mən ümumilikdə səfər çərçivəsində bir neçə dəfə ölümlə üzləşdim. İranda gecə ikən gedərkən təsadüfən dağlıq ərazidə İran hərbçilərinin təlim keçdiyi əraziyə daxil olmuşdum. Yanımda top, silah səsləri eşidilir və düz yanıma güllələr atılırdı. Mən isə çadırımı qurub çökəklik bir yerdə təlimin nə vaxt qurtaracağını gözləyirdim. İlk dəfə onda ölümlə üz-üzə qalmışdım. Atılan güllələrin hər an mənə dəymə ehtimalı var idi. İkinci dəfə ölümlə yol qəzası nəticəsində üzləşdim. Deməli, ayaqqabımın içərisinə balaca bir daş daxil olmuşdu və ayağımı dəhşətli dərəcədə əzirdi. Oturmuşdum yolun kənarında. Birdən elə bil məni kimsə durğuzdu ki, yolun digər tərəfinə keç. Ayaq üstə durub tək ayaqla hoppana-hoppana yolun digər tərəfinə keçdim ki, oturum və ayaqqabımı çıxarıb içindəki daşı götürüm. Elə təzə oturmuşdum ki, böyük bir Kamazın təkəri çıxdı və kamaz mənim əvvəlki oturduğum yerə aşdı. Əgər, mən yolun bu tərəfində keçməsəydim, o, mənim üzərimə aşacaqdı. Daha sonra İranın Əhvaz şəhəri ətrafında gecələrin birində canavarların hücumuna məruz qaldım. Çör-çöp tapıb od qaladım ki, isinim biraz. Ocağın alovunun şölələri arsında bir də onda gördüm ki, 4 dənə parıldayan göz mənə baxır. İki canavar oturduğum yerdə üzərimə şığıyıb məni parçalamaq istəyirdi. Çox yaxın bir məsafə ilə sifətimə baxıb elə mırıldayırdılar ki, sanki məni hansı hissədən parçalamağı düşünürdülər. Mən də artıq düşündüm ki, istəsəm də bunların yaxasından canımı qurtara bilməcəyəm. Odur ki, üzərimdən Quranı çıxarıb bunlara göstərdim və dedim ki, ay canavarlar, məni də Allah yaradıb, sizi də. Amma məni sizə yem olmaq üçün yaratmayıb axı. Ya əl çəkin məndən, ya da parçalayın işim bitsin. Bir də onda gördüm ki, canavarlar başını aşağı salıb getdilər. Daha sonra Türkiyədə çoban itlərinin hücumuna məruz qalmışdım. Azı 20 it üstümə cumdular. Biri qolumdan, biri ayağımdan tutdu. Axırda çoban gəlib itləri məndən zorla ayırdı. Bir dəfə də Türkiyədə Van şəhəri ətrafında “Qanlıdərə” deyilən ərazidə atışmaya düşmüşdüm. Kürdlərin silahlarının gülləsinə tuş gələcəkdim az qala. Türk hərbçiləri məni saxlayıb özümü təqdim etməyimi xahiş etdilər. Mən də özümü təqdim etdim. Şəxsiyyətimi təsdiq edən sənədimi və həccə ziyarətə getdiyimi dedim. Özləri də təəccüb içində idilər ki, mən bu yolu necə keçmişəm. Sən demə, mən 3 kilometrlik minalı ərazini keçibmişəm. Allah burda da məni saxladı. Məlum oldu ki, həmin yol gecələr bağlanır, gündüzlər isə yalnız müşahidə ilə hərəkətə icazə verilir. Həccə gedərkən mən bir şeyin şahidi oldum ki, sanki hansısa bir gözəgörünməz səni yol boyu qoruyur.

“Peşkom Hacı”nın 9 min kilometr ərzində necə qidalanmasının sirrləri

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Yəqin ki, yol boyu rastlaşdığınız restoran və kafelərdə yemək yeyir, çay və su içirdiniz. Yoxsa, özünüzlə yemək götürürdünüz?

– Olub ki, günlərlə ac və susuz qalmışam. Kimsəsiz səhrada mən nə restoran tapa bilərdim, nə də kafe. Nə də adam olmurdu ki, kimdənsə nəsə umum. Bəzən aclığımı aradan qaldırmaq üçün əlimə keçən müxtəlif həşəratlar yeyirdim. Ən çox yediyim isə, səhradan tutduğum çəkirtkə və kərtənkələlər olurdu. Amma gündüzlər səhrada avtomobillə gedən yerli əhali ilə rastlaşanda mənə yemək verirdilər. 55 dərəcə istidə yeməyi saxlamaq da mümkün deyildi deyə, alıb aparmaq da alınmırdı. Mədəmin öhdəsindən gəmək çətin deyildi, idarə edirdim yəni. Sağolsunlar, kömək edən yol adamları da olurdu. Qonağı olduğum restoranlarda isə piyada zəvvar olduğuma görə məndən heçnə ummurdular. Hətta yol adamları olurdu ki, mənim turist olduğumu görüb yemək-içmək alıb verirdilər. Bunlardan əlavə yol boyu o qədər meyvə ağacları olurdu ki, hərəsindən bir-iki dənə yeyib doyurdum. Səudiyyə Ərəbistanında xurma bağlarına girib bir günlük azuqəmi orda təmin etmişdim.

– Getdiyiniz şəhərlərdə yerli əhali arasında sizə yardım etmək istəyən olurdumu?

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Olurdu, bəli. İnsanlar avtomobillərini saxlayıb məni hara qədər lazımdırsa, aparmağa hazır olduqlarını bildirirdilər. Başa düşürdüm nə demək istədiklərini. Niyyətimə, vədimə xilaf çıxmamaq üçün razı olmurdum. Təbii ki, mən İranda bəzi sakinlərlə qarşılaşanda səfərim haqqında məlumat verirdim. Onlar elə bilirdilər ki, mən Həcc ziyarətinə maddi imkansızlıqdan piyada gedirəm. Ona görə də, məni dəfələrlə bilet alıb təyyarə ilə Səudiyyə Ərəbistanına göndərməyi təklif edirdilər. Amma mənim niyyətimin olduğunu biləndə daha heçnə demirdilər, sadəcə qeyri-adi baxırdılar. Təbii ki, hər yerin əhalisinin pisi də var, yaxşısı da var. Amma ümumilikdə götürəndə məni getdiyim bütün şəhərlərdə yaxşı qarşıladılar.

– Həmin ölkələrdə Azərbaycan səfirlikləri ilə əlaqə saxlayırdınızmı?

– Səfər zamanı getdiyim bütün ölkələrdə yerləşən Azərbaycan səfirliklərində qonaq oldum. Hamısı məni çox xoş qarşıladılar. Narahatlıqlarım və problemlərim səfirlikdə soruşulur, lazım olardısa, səhhətim yoxlanılırdı. Mənim qayğıma olduqca yüksək səviyyədə qalırdılar. Bu da Allahın inayətindən irəli gəlir, təbii ki. Hətta Küveytdə olanda Küveytin Vəqf naziri, Asiya Müsəlmanları Komitəsinin sədri Adil əl-Fələh mənim piyada səfərimdən xəbər tutub məni görüşünə çağırdı. Uzun bir məsafə qət etməyimlə bağlı məni təbrik etdi və mənə stimul verdi. Səfirliklər də eləcə məni yola salır və gedəcəyim növbəti ölkədəki səfirliyimizə məlumat göndərirdilər ki, piyada zəvvarı biz yola saldıq siz də qarşılayın. Eyni zamanda, hər səfirlikdə mənə əlaqə saxlamaq üçün mobil telefon verirdilər. Ona görə də, tez-tez mənimlə əlaqə saxlayır və problemimin olub-olmadığını soruşurdular. Mən Qarabağ həqiqətlərindən ibarət məlumatverici bukletlərin bir hissəsini Azərbaycanda hazırladıb yola çıxmışdım. Amma bukletlərin sayı az olduğundan yolda o qədər paylamışdım ki, bitmişdi. Ona görə də onların sayını artırmaq üçün getdiyim hər səfirliklərimizdə onların üzlərini çıxartdırırdım. Bu işdə mənə səfirliklərimizin də çox köməyi dəydi.

“Getməmişdən öncə Şeyx mənə dedi ki…”

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Həcc səfərinə çıxmamışdan öncə Qafqaz Müsəlmanları İdarəsinə məlumat vermişdinizmi?

– Əlbəttə, məlumat vermişdim. Hətta məni QMİ-yə çağırdılar. Şeyxulislam Hacı Allahşükür Paşazadə şəxsən məni qəbul etdi və bildirdi ki, QMİ məni təyyarə ilə həcc ziyarətinə göndərməyə hazırdır. Hətta çox təkid etdi. Mən isə Şeyxə arzumu və niyyətimi yuxuda gördüyüm kimi həyata keçirməyi xahiş etdim.

– Şahid bəy, bu uzun səfər yolçuluğunun müddəti nə qədər çəkdi?

– Təxminən, Bakıdan çıxıb gedib Səudiyyə Ərəbistanının Məkkə şəhərinə çatmağım 4 aya başa gəldi.

– Ümumiyyətlə, özünüzdən başqa Həcc ziyarətinə piyada səfər edən azərbaycanlı tanıyırsınızmı? Yəni, əgər belə biri olsaydı getməmişdən öncə ondan bəzi məsləhətlər də ala bilərdiniz…

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Mən Həcc ziyarətinə piyada gedən azərbaycanlılar barədə məlumat topladım. Son 100 ildə Azərbaycandan Həcc ziyarətinə piyada gedən zəvvar olmayıb. Gedənlər də İrana qədər gedib. Ordan da birbaşa Təyyarə ilə Məkkəyə gediblər. 2006-cı ildə vəhşi itlərin əlindən Bibiheybətdən Qaradağa keçmək mümkün deyildi. Çox çətinliklə ilk mərhələni mən elə öz ölkəmizdə adladım.

– Həcc ziyarətində həmyerlilərimizi gördünüzmü?

– Həcc ziyarətində təbii ki, azərbaycanlılar var idi. Amma mən sizə bir maraqlı məqamı danışım. Deməli, hələ Məkkə şəhərinə çatmamışdım yol gedirdim. Bir də gördüm ki, bir avtobus saxladı və içərisindən həmyerlilərim düşüb mənimlə görüşdü. Onlar da ziyarətə gedənlər idi, çiynimdə bayrağımızı görüb saxlamışdılar. Biraz hal-əhval tutduqdan sonra sağollaşdıq. Çox xahiş etdilər ki, mən də onların avtobusu ilə gedim. Amma təbii ki, razı olmadım. Minlərlə kilometr yol qət etdikdən sonra mənzil başına çatmağa bir neçə yüz kilometr qalmış niyyətimi poza bilməzdim.

“Peşkom Hacı”nın növbəti turu

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

– Səudiyyə Ərəbistanında ərəblərin sizə münasibəti necə idi?

– Ərəblərə qəribə gəlirdi ki, mən axı niyə Azərbaycandan Məkkəyə qədər piyada gedim? Onlar mənim bu səfərimin mahiyyətini həzm edə bilmirdilər. Məkkə onların şəhəri olduğu üçün və Kəbəni hər gün gördükləri üçün başqa ölkə müsəlmanlarının Kəbəyə bu qədər maraq göstərdiklərini müşahidə edəndə təəccüblənirdilər. Ona görə də mən onların diqqətini cəlb etmişdim. Mənə çox ehtiram göstərirdilər.

– Sonuncu sualımızı da verim, bununla da müsahibəmizi yekunlaşdıraq. Siz yenidən Həcc ziyarətinə piyada getməyi planlaşdırırsınızmı?

– Mənim həyatda ən böyük üç arzum olub. İki dəfə həcc ziyarətinə, bir dəfə də dünya turuna piyada çıxmağı arzu etmişəm. Arzularımdan ikisi reallaşıb. Bir dəfə həcc ziyarətinə getmişəm. Müsahibə əsnasında sonda da olsa bunu deyim ki, biləsiniz. Mən 2007-ci ildə ikinci dəfə Həcc ziyarətinə piyada səfər etmişəm. İordaniyaya qədər piyada getdikdən sonra səfərim baş tutmayıb. Viza məsələsnə görə İordaniyadan Səudiyyə Ərəbistanına keçə bilmədiyim üçün geri qayıtmalı olmuşam. İnşallah, növbəti hədəfim dünyanı piyada gəzməkdən ibarətdir. Tezliklə, dünya turuna çıxmağı düşünürəm. İstəyirəm ki, bütün dünyanı piyada gəzim.

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Bakıdan Məkkəyə qədər 7 ölkəni piyada qət edən “Peşkom Həci”nin Həcc macəraları - MÜSAHİBƏ

Səid Qərib
İnterpress.az