Aİİ ilk tədris ilinə uğurla başlayıbbackend

Aİİ ilk tədris ilinə uğurla başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayan Aİİ-də dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.

İnstitutda tələbələrin keyfiyyətli təhsil alması üçün lazımi şərait yaradılıb. Sinif otaqları müasir dövrün tədris metodikasına uyğun avadanlıqla təhciz olunmaqla yanaşı, tələbələr ödənişsiz dərsliklərlə təmin olunub. İxtisaslar üzrə keçirilən İslam tarixi, İslam məzhəbləri tarixi, İslam əxlaqı, Əqaid, Təsəvvüf, Azərbaycanda multikulturalizmin əsasları, fars dili, ingilis dili və digər fənlər yüksək təhsil standartlarına uyğun tədris edilir. Tədris prosesi xaricdə təhsil almış yüksək ixtisaslı kadrlar tərəfindən həyata keçirilir. Yalnız İslam dini deyil, Xristianlıq, Yəhudilik, Hinduizm, Buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları tədris olunur. Həmçinin, dünya dinləri normativ deyil, müasir sosial elmlərin metodları əsasında öyrədilir. Dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər öyrədilir.

İnstitutun kitabxanası açıq rəf sistemi əsasında təşkil olunub. Tələbələr dərslik tələbatını maksimum təmin etmək üçün din, tarix, fəlsəfə, dil, ədəbiyyat və digər elmlərə dair azərbaycan, ərəb, türk, ingilis, fars və rus dillərində 13 mindən çox kitabdan istifadə etmə imkanına malikdirlər. İnstitutda tələbələr üçün xarici dillərə, habelə Şərq incəsənətinin və musiqisinin bir sıra sahələrinə aid ödənişsiz kursların təşkil olunması nəzərdə tutulur. Tələbələr beynəlxalq mübadilə proqramları (Erasmus, Mevlana və s.) vasitəsi ilə bir semestr və ya daha artıq Avropa, Amerika və Şərq ölkələrində təhsil alma imkanına yiyələnəcəklər. Həmçinin, yüksək qiymətlərlə məzun olan bakalavrlar ixtisasları üzrə magistratura və doktrantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirmə imkanı qazanacaqlar.

Aİİ-nin məzunları üçün iş imkanlarının yaradılması da nəzərdə tutulub. Belə ki, onlar dövlət qulluqçusu olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və digər dövlət qurumlarında işləyə biləcək, elmi-tədqiqat və ali təhsil müəssisələrində tədqiqatçı, pedaqoq, Qafqaz Müsəlmanları İdarəsində isə din xadimi kimi fəaliyyət göstərmək imkanlarına sahiblənəcəklər.

Qeyd edək ki, təhsilin ödənişsiz əsaslarla keçirildiyi Aİİ-də tələbələr pulsuz geyim və yeməklə də təmin olunacaqlar. Eyni zamanda, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsindən Aİİ-yə köçürülmüş, təhsillərini ödənişsiz əsaslarla davam etdirən III-IV kurs tələbələri də tətbiq edilən bütün imtiyazlara malikdirlər.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.

Aİİ ilk tədris ilinə uğurla başlayıb

Aİİ ilk tədris ilinə uğurla başlayıb

İnterpress.az