GMO terroru ölkəmizi də hədələyir: Necə müdafiə olunuruq?backend

GMO terroru ölkəmizi də hədələyir: Necə müdafiə olunuruq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kimya sənayesi və genetika elminin inkişafı bəzi digər sahələrdə olduğu kimi, qidalanmada da qeyri-təbii texnologiyaya start verib. Bütün dünyanı cənginə almış genetik modifikasiya olunmuş (GMO) məhsullar ciddi narahatlığa səbəb olur. GMO meyvə-tərəvəz Azərbaycana 90-cı illərin əvvəllərindən ayaq açıb. İndi bazar-dükan zavoddan çıxmış kimi standart görünüşlü, parıldayan meyvə-tərəvəzlərlə, xəstəxanalar isə xəstələrlə doludur. Neçə illərdir bununla bağlı müxtəlif ekspertlər tərəfindən həyacan təbili çalınır.

Lakin GMO məhsulların istehsalı, idxalı və satışının qadağan olunması ilə bağlı müxtəlif qanunlar qəbul olunsa da, onların heç biri faktiki işləmir. Ölkədə həm böyük həcmdə GMO bitkilər əkilir, istehsal olunur, həm də xaricdən xeyli həcmdə idxal olunur.

Mələk donunda şeytan

Son onilliklərdə dünyada təbii toxumlu məhsul əkin sahələrinin sayı xeyli azaldılıb. Hazırda dünya əhalisinin 70 faizindən çoxunun GMO mənşəli məhsullarla qidalandığı ehtimal olunur. Lakin artıq inkişaf etmiş ölkələrdə GMO-ya qarşı ciddi tədbirlər görülür. Bir sıra ölkələr, o cümlədən İtaliya, Fransa, Belarus, İsveçrə geni dəyişdirilmiş məhsulların istehsal və satışına qadağa qoyub. Rusiya və Ukraynada da geni dəyişdirilmiş məhsulun хüsusi işarələnməsi qaydaları tətbiq olunur. Qərara əsasən, istehsalçı məhsulun tərkibində GMO olub-olmaması haqqında məlumat yerləşdirməlidir. Bu məlumatlara fikir verən bilikli istehlakçılar belə məhsulları almaqdan çəkinirlər.

Bizdə isə, istehlakçıların çoxu ağına-bozuna baxmadan qiyməti ucuz olan istənilən ərzaq məhsulunu alırlar. Getdikcə süni məhsullar təbii məhsulları sıxışdırıb bazardan çıxarır. Ona görə yox ki, daha keyfiyyətlidir, ona görə ki daha ucuzdur və daha görünüşlüdür. Bu ucuzluğun və gözəlliyin arxasında isə dəhşətli təhlükə dayanır. Artıq dünyada GMO məhsulları “mələk donunda şeytan” adlandırırlar.

Transgen məhsullar insan orqanizmində genetik dəyişikliklər edir, immuniteti zəiflədir, xərçəng də daxilolmaqla təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxarır. Özü də, ikinci, üçüncü nəsildə daha ağır fəsadlar verir. Milli genefond dağılır.

“Ölkədə GMO yetişdirmək üçün zəhərli maddə satılır”

Təhlükə təkcə əhalinin sağlamlığına zərərlə bağlı deyil, strateji ərzaq təhlükəsizliyimiz də təhdid altındadır. Eskpertlər təbii meyvə-tərəvəz, taxıl bazası olan Azərbaycanda GMO-nun yerli təbii toxumçuluğu sıradan çıxardığından narahatlıq duyurlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə ki, GMO bitkiçiliyi yetişdirmək üçün istifadə olunan “raondat” adlı zəhərli maddə Azərbaycanın biomüxtəlifliyinə mənfi təsir edir, harmoniyanı pozur: “Hazırda Azərbaycanda əkilən əksər növ paxla, tərəvəz və giləmeyvə məhsullardan toxum götürmək mümkün deyil, çünki, ölkədə əkilən məhsulların əksəriyyəti, bəzi məhsullar üzrə hətta 80-90 faizi GMO-dur. Sıradan çıxmaq üzrə olan yerli təbii toxumçuluğu qorumaq və artırmaq lazımdır, elə bitkilər əkmək lazımdır ki, kəndli ondan gələn il üçün toxum tuta bilsin”.

Ekspertin sözlərinə görə, Azərbaycana idxal olunan meyvə-tərəvəzlərin, emal olunmuş qida məhsullarının böyük əksəriyyəti GMO məhsullarıdır: “2007-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul edilib. Bu qanunda GMO mallarının ölkəyə gətirilməsinə icazə verilib. Azad İstehlakçılar Birliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, Ümumdünya Səhiyyə Təşkilatının təzyiqləri nəticəsində Azərbaycana GMO məhsullarının gətirilməsinə icazə verilib”.

“GMO-nu qadağan edən qanunlar var, amma…”

Mütəxəssis deyir ki, GMO məhsulların idxalının qarşısını almaq üçün bəzi qanunlarda müddəalar var: “Məsələn, Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Toxumçuluq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunlarda göstərilib ki, həmin GMO orqanizmlərin, genetik maddələr ölkəyə gətirilməsi qadağandır.

2007-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları” haqqında qanun qəbul olunsa da, qanunun sonuncu maddəsində göstərilən “GMO-nun üzərində məlum nişanlar olmalıdır ki, istehlakçılar bunu ayırd edə bilsinlər” qaydası hələ Azərbaycanda reallaşmayıb. Həmin qanunda GMO-lu məhsulların qadağan olunması haqqında maddə var. Laboratoriyalarda yoxlamadan sonra belə meyvələr Azərbaycana gətirilə bilməz. Lakin Azərbaycanda müvafiq laboratoriya və mütəxəssislər yoxdur.

2012-ci ilin 7 fevral tarixində ölkə prezidentinin genetik modifikasiya olunmuş məhsullarla bağlı ayrıca Fərmanı oldu. Lakin fakt budur ki, bu qanunların tələblərinə əməl olunmur. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin də bu sahədə ciddi nəticə vermədiyini gördük”.

GMO-nu aşkar edə biləcək laboratoriya yaradılmalıdır

İqtisadçı ekspert Vüqar Abbasovun fikirncə, Azərbaycanın əmtəə bazarı keyfiyyətsiz və ucuz malların satış bazasına çevrilib: “Ölkə bazarlarında geni dəyişdirilmiş xeyli meyvə-tərəvəz satılır ki, onların yerli təbii analoqları bağlarda, tarlalarda məhv olub gedir. İstehlakçılarımız bu sahədə maarifləndirilmədiyindən ucuz GMO, nisbətən baha satılan təbii məhsulları bazardan çıxarır”.

Ekspert deyir ki, iş təkcə meyvə-tərəvəzlə bitmir, bütün növ elam olunmuş ərzaq məmulatlarında GMO mənşəli məhsullardan istifadə olunur: “McDonalds” və bu kimi digər “fast-food” şəbəkələrinin menyusunun bəzəyi olan hamburger, hot-doq və “fast-fud” yeməklərində istifadə edilən qidalar tamamilə transgen məhsullardır. Bütün bunlar bioloji strukturun dağılmasına və insanın immunitet qabiliyyətinin məhv olmasına gətirib çıxarır. Milli genefondu qorumaq üçün GMO-nu yoxlaya biləcək laboratoriyalar yaratmaq, idxal edilən və ölkədə istehsal olunan bütün məhsulları orda yoxlamaq lazımdır”.

Ekspert deyir ki idxal olunan məhsulların kimyəvi tərkibi ciddi yoxlanmalıdır: “Belə məhsulları idxal edənlərə tapşırılmalıdır ki, GMO məhsullar gətirməsinlər. Eyni zamanda, gətirdikləri məhsulun üzərində bu məhsulun istehsalında genetik modifikasiya olunmuş orqanizmlərdən və ya onların törəmələrindən istifadə olunub olunmadığı qeyd edilməlidir”.

Niyə hansısa xarici şirkətdən asılı vəziyyətə düşməliyik?

İqtisadçı deyir ki, bu sahədə vəziyyət gün-gündən gərginləşir: “Bu gün GMO məhsullar ölkədə bir çox yerli bitkilərin nəslini kəsmək üzrədir. GMO isə reproduksiya vermir. Məcbursan, hər il yenidən xarici toxum almağa. Belədə, bütün aqrar sektor qalacaq “Monsanto” kimi şirkətlərin əlində. Bu isə ərzaq təhlükəsizliyi baxımından dəhşətli təhlükədir. Bir il toxum verməsələr, bizim aqrar sektor ağır vəziyyətə düşəcək. Ya da istədikləri qiyməti qoyacaqlar. Bu proses bizə çox baha başa gələcək”.

V.Abbasov deyir ki, ölkənin böyük təbii potensialı mövcuddur: “Münbit torpaqlar, milyard tonlarla təbii kübrə imkanı, gözəl iqlim şəraiti, məhsuldar təbii toxumlar var. Bu halda biz niyə hansısa şübhəli xarici şirkətdən asılı vəziyyətə düşməliyik? Neftə arxayın olub, aqrar sektorun sıradan çıxmasına imkan vermək olmaz. Ölkənin ərzaq bazarını idxaldan qurtarmaq lazımdır və mümkündür. İqtisadiyyatımız diversifikasiya olunsa, idxaldan asılılıq da aradan qalxar”.

Ekspertin sözlərinə görə, yerli toxumçuluğun inkişafı üçün prezidentin xüsusi sərəncamları və tapşırıqları var, bu sahədə xeyli işlər də görülüb, yerli toxumçuluq təssərrüfları yaradılıb: “Ama bu işi daha böyük miqyasda aparmaq lazımdır. Biz yerli toxumlarımızı sıradan çıxarılmasına imkan verməməliyik. Hökumət bu barədə ciddi düşünməlidir”.

İnstitutda torpaq, bitki və su analizi laboratoriyası yaradılıb

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına müsahibəsində bildirib ki, hazırda institutda biotexnologiya laboratoriyası qurulub başa çatmaq üzrədir: “Məqsədimiz ata-baba sortlarımızın bərpası və qoruyub saxlayıb çoxaldılması, həmçinin az əkin materialından, çətin kökləndirilən bitkiləri yetişdirməkdir. Bundan əlavə institutda torpaq, bitki və su analizi laboratoriyası yaradılıb. Zaqatala rayonunun dayaq məntəqəsində 2 hektar sahədə qərzəkli meyvə bitkilərinin tingliyi yaradılıb. Azərbaycanda ilk dəfə fındıq bitkisinin müasir tingləri yetişdirilir. İtaliyadan 2 sort gətirmişik, hazırda onların ölkəmizin coğrafi-iqlim şəraitinə necə adaptasiya olunması öyrənilir. Son 3 ildə institutun dayaq məntəqələrinin 52.7 hektar sahəsində intensiv bağlar salınıb. Burada gilas, gavalı, alma, nar, xurma, fındıq və armud yetişdirilir. Göyçay nar bağinda əsasən “Balamürsəl”, “Gülövşə” və “Qırmızı qabıq” sortları becərilir. Göyçay dayaq məntəqəsində daha 20 hektar sahədə 2019-cu il üçün yeni nar bağının salınmasını planlaşdırırıq. Abşeron təcrübə stansiyasında isə quru subtropik bitkilərin tingliyi yaradılıb. 3 hektar sahədə badam, püstə, zeytun, innab, nar, hətta tut becərilir. İnstitutumuz müqavilə əsasında İspaniyadan olan mütəxəssislərlə birgə badam, şaftalı və ərik tingləri yetişdirir. Digər bağlanmış müqaviləyə əsasən, İspaniyanın 17 nektarin sortu, İngiltərənin 5 çiyələk, 4 moruq-böyürtkən sortları institut tərəfindən sınaqdan çıxarılır”.

Mövzunu davam etdirəcəyik. (Azadinform)

İnterpress.az