Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qonşu ölkədə Azərbaycan dilli məktəblər məhv olur

2010-cu ildə Gürcüstanda 124 Azərbaycan dilli məktəb olub, hazırda isə Azərbaycan dilli məktəblərin sayı 80-dir

Dərc edilib: 3 oktyabr 2018 [16:21]
Baxış sayı: 13500

Bu gün Təhsil Xidmətləri Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, QHT nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərindən danışıb: "Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəblərin sayının azalması narahatedici faktdır. SOCAR və Heydər Əliyev Fondu Gürcüstanda təhsil almaq istəyən şəxslərə yardım göstərir. Lakin bu kifayət etmir".

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, ekspert Kamran Əsədov qeyd edib ki, 2017-2018-ci tədris ilinin sonunda Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin sayı 15150 nəfər təşkil edib: “Sovet dövründə Gürcüstanda 183 Azərbaycan dilli məktəb olub. 1999-cu il statistikasına görə isə Azərbaycan dilli məktəblərin sayı 167-dək azalıb. 2010-cu ildə Gürcüstanda 124 Azərbaycan dilli məktəb olub, hazırda isə Azərbaycan dilli məktəblərin sayı 80-dir".

Ekspert onu da qeyd edib ki, Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr də yoxdur.

Kamran Əsədov vurğulayıb ki, Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq: "Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadr meydana çıxmır".

Təşkilat sədri onu qeyd edib ki, Azərbaycan məktəblərində kadr çatışmazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan pedaqoji universitetinin əsasının qoyulmasına nail olmaqdır. Bu da yalnız Azərbaycan dövlətinin dəstəyi ilə baş tuta bilər.

Daha sonra Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib. O, Gürcüstanda anadan olan şəxsin Azərbaycanda ali qəbul imtahanı verərkən xarici vətəndaş kimi hesab edilməsindən şikayətlənib və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.

"Gürcüstandakı soydaşlarımız Azərbaycanda universitetə qəbul olduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək ən yüksək bal yığsa belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun da nəticəsi olaraq Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmurlar" – millət vəkili deyib.

Tədbir iştirakçıları, rəsmi müraciət olmasına baxmayaraq, Təhsil Nazirliyinin və diaspor nümayəndələrinin tədbirdə iştirak etməməsini təəssüfləndirici hal kimi qiymətləndiriblər. (Sputnik Az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 44