Ərdəbildə yerin altında kənd – Adı Gəncədir VİDEO+FOTObackend

Ərdəbildə yerin altında kənd – Adı Gəncədir VİDEO+FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az onun hazırladığı geniş reportajı təqdim edir:

Daryuş, köyüllər və Gənzək (Gəncə) kəndinin xərabələri

Səreyinə çatan kimi, telefonda danışdığımız kimi, maşını Daryuşgilin qədim əşiyalar satılan dükanının qarşısında saxlayırıq. Daryuş bizi gözləyir. Dükanı adətən qardaşı Tohid işlədir.

Daryuşun tam ayrı ideyaları var, o daha çox turizmi, səyahət etməyi, ekstrimizmi sevir. Ən böyük arzusu dünyanın diqqətini Səreyinə cəlb etməkdir. Bu məqsədlə Azərbaycan turistlərini və müalicəyə ehtiyacı olanları Səreynə cəlb etməyi düşünür. O, ixtisasca geoloqdur. Universitet təhsili var. Daim yenilik axtarır. Köyüllər deyilən və hər avtomobilin gedə bilmədiyi yerə traktorla turist səyahəti təşkil edir. Bundan ötəri kiçik bir traktor alıb və ona qoşmaq üçün xüsusi kareta düzəltdirib. Karetaya təqribən 25 nəfərlik rahat kreslolar qoydurub. Bizi də ora aparmaq niyyətindədir. Hələ vaxta var, növbəti tur 6:30-a planlaşdırıb. Adam olsa tez də getmək olar. Ancaq telefonla əlaqə saxladıqdan sonra məlum olur ki, hələ müştəri cəmi iki nəfərdir. Biz müxtəlif məsələlərdən söhbət edib, onların əvvəllər də dadına baxdığım ətirli otlardan hazırlanmış çaylarından içib, enerjimizi bərpa edirik. Daryuş özü işləri qaydasına qoymaq üçün traktorun yanına gedir. Biz ikinci dünya savaşı barədə İranda olan proseslər barədə yaxşı məlumatlara malik olan əmisi ilə dükanda qalıb söhbət edirik. Bir qədər sonra isə az qaldığını görüb dükandan çıxırıq və elə bu zaman atın qoşulduğu bəzəkli bir kareta bizim qarşımızda dayanır.

Karetanın sahibi də Şəhrzadın tanışıdır. Bizə pulsuz olaraq xidmət etməyi təklif edir. Şəhrzad isə başqa yerə vədəli olduğumuz üçün üzrxahlıq edir və biz maşına əyləşib Daryuşun traktorunu saxladığı şəhər kənarına yaxın olan məntəqəyə sürürük.

Gəncə kəndi

Bizdən başqa bir fars ailə var. Ata-ana və iki uşaq. Traktor yola düşür. Daryuş başına qırmızı şlyapa qoyub, eynək taxaraq görkəmini dəyişir və sükan arxasına keçir. Dediyinə görə traktoru idarə etmək üçün xüsusi kurs keçib və vəsiqə də alıb. Xidmətçi müştərilərinə su və dondurma verir. Bundan başqa karetanı adamın qulaqlarını batıracaq ucalıqda oynaq musiqi səsləri və mahnılar başına götürür. Mən ora-buranı axtarıb dinamiklərin harada yerləşdirilməsini tapmaq istəyirəm, amma tapa bilmirəm. Bizim miniyimiz də, yayılan musiqi sədaları da ətrafdakıların marağını özünə cəlb edir. Keçib getdiyimiz yol boyu insanlar gülümsəməklə bizi müşahidə edirlər. Hər şey asfalt bitənə qədər rahat idi. Yeni Gənzək (Soydaşlarımız bu kəndə çox vaxt Gəncə deyirlər) kəndində asfalt yol bitəndən sonra, kareta atıb-tutmağa başladı və növbəti belə tullanışda lap arxada qoyulmuş, bizim xeyir-şər mağarlarında istifadə edilən iri dinamik sürüşərək düz mənim yanımda dayandı. İndi səsin haradan gəldiyini öyrənə bildim. Bir xeyli gedib enişin ortasındakı geniş yerdə Daryuş traktoru döndərib saxladı. Bura üzü aşağı uzanıb gedən bir hündürlükdür. Sol tərəf adamın güclə dura biləcəyi bir eniş və enişin dibində göz işlədikcə uzanan yaşıl vadi. Buradan baxdıqca üfüqə qədər təpələr və əkin yerləri görsənir. Durduğumuz yer isə lap aşağıda Qala təpəsi adlandırılan bir təpə ilə hüdudlanır. Sağ tərəfimizdəki döş isə, böyük bir kəndin xarabalıqlarıdır.

Yeraltı kənd

Hər tərəf kərpicdən tikilmiş evlərin dağılmış divarlarıdır. Adamı vahimə bürüyür. Bura 1997-ci ildə İranda baş verən dəhşətli zəlzələ zamanı belə xarabazara çevrilib. Sonra bu kənd 3 kilometr kənardakı indiki yerə köçürülüb və bu kənd eyni – Gənzək (Gəncə) adı ilə orada məskunlaşıb. Maraqlı orasındadır ki, insanlar yalnız zəlzələdən sonra biliblər ki, uzun illər ərzində əslində, digər bir yaşayış mərkəzinin üstündə yaşayıblar. Kənd dağılandan sonra kəndin altındakı mağaraların bəziləri deşilib və bu da tədqiqatçıların marağına səbəb olub. İndi bura həm də Köyüllər adı ilə məşhurdur.

Ərdəbildə yerin altında kənd - Adı Gəncədir VİDEO+FOTO

Bu yeraltı köyüllər təqribən 5-10 min il bundan əvvələ aiddir və qədim insanlar tərəfindən daşların içərisində oyularaq hazırlanıblar. Hər birinin uzunluğu 15 metr və ondan çoxdur. Ona görə xüsusi hazırlanıb deyirik ki, içəridə yaşayış üçün ayrı-ayrı hücrələr, taxçalar, qida saxlamaq üçün anbarlar və girəcəkdə də mətbəx aydın seçilir. Bayıra yəqin ki, tüstünün çıxması üçün yalnız mətbəxdən xüsusi deşik olub. Elə bu deşiyə görə də buranın mətbəx olması güman edilir.

Daryuşun dediyinə görə, indi girdiyimiz hündür girişlər o vaxtlar bu qədər iri olmayıb. İnsanlar az qala oturmuş vəziyyətdə içəri keçiblər. Bu da düşmənlərdən və vəhşi heyvanlardan ailəni qorumaq üçün olub. Bundan başqa, son vaxtlar təsadüfən bu sığınacaqlardan başqa bir otağa gizli yolun da olması müəyyən edilib. Bunu öz gözlərimlə gördüm. Bu gizli yol da yəqin ki, ən kritik anlarda ora keçib gizlənmək məqsədi daşıyıb.

Daryuşun izahına görə, bura insanlar Van şəhərindən, Naxçıvandakı İncə və Babək qalasından, Ərdəbilin Nir şəhəri yaxınlığındakı Boynuyoğun qalasından hansı məqsədlər üçünsə gəliblər. Əvvəllər Anahita təpəsindən bura gizli yolların olması barədə də fikirlər olub, amma bu sonra təsdiqini tapmayıb. Anahita təpəsindən yalnız Gamış gölünə qədər yeraltı yolun olması barədə versiya bəzi yeraltı sığınacaqların o ətrafda tapılması ilə ehtimal olunur. Ancaq bu da tam olaraq təsdiq olunmayıb. Yalnız 10 il bundan əvvəl dövlət tərəfindən bu köyüllərə diqqət edilib və bura qoruq elan edilib. Bura ilk turist səfərlərini isə yalnız Daryuş son vaxtlar aldığı bu traktorla reallaşdırıb.

Ərdəbildə yerin altında kənd - Adı Gəncədir VİDEO+FOTO

Bu sehrli mağaralara bir-bir baxdıqca və dağılmış kəndin xaraba evlərinin arası ilə gəzdikcə, beynimdə fırlanan bir fikir məni rahat buraxmır. Dünyada lənətlənmiş torpaqlar deyilən bir xəritənin olduğu barədə haradasa oxumuşam. Əcaba bəlkə, bura da belə yerlərdən biridir. Altdakı kənd xaraba qalıb, əsrlər sonra üstdəki kənd də xaraba qalıb. Hətta düşünürəm ki, bəlkə elə aşağıda yaşayan insanlar sonradan yerin üstünə çıxıblar və altdakı sığınacaqları da gizli saxlayıblar.., bilmirəm, amma kəndin belə görünüşü adamı vahiməyə salır. Dünyanın dəhşətlər baş verən bir çox yerlərində olmuşam: Xatını, Sapun dağını, Çaldıranı, Çanaqqala məzarlığını, Brest qalasını və nəhayət, Kərbəlanı görmüşəm. Qarabağda və işğal olunmuş rayonlarımızda xarabazara çevrilən kəndlərimiz də gözlərimizin qabağındadır. İnanın ki, bu kəndin xarabazarlığı da məndə çox dəhşətli təəssürat yaratdı…

Bir az aralıda İranla Azərbaycan arasındakı tellər götürüləndə bizə qədər gəlib çıxan və \”İran kankası” adı ilə tanınan çox əziyyətli taxıldöyəndə bir ailə çox da yaxşı olmayan zəmilərinin məhsulunu döyürlər. Toz dumanı hər yanı bürüsə də, şəhər adamı olan farslar bu texnikanın yanında şəkil çəkdirdikcə Daryuş da yabanı qızın əlindən alıb kömək edir.

Belə bir texnikanı, keçid dövründə kənddə kombayn qıtlığını nəzərə alıb mən də düzəltmişdim. O illərdə düz 5 il bu texnikam camaatın nə qədər karına gəlmişdisə, bizim də ailəni çətin günlərin əlindən xilas etmişdi. Bu gün də Zeynalabdin Tağıyev palanını gözünün önündən rədd etmədiyi kimi, mən də çətin günlərində mənə və camaata havadar olmuş o orijinal texnikanı qoruyub saxlayıram . Onun indi yalnız metalloma verilməkdən başqa bir əhəmiyyəti olmasa da, o rayonda, həyətin bir tərəfində dayanıb-durur.

Biz kənddən ayrılanda günəş son şəfəqlərini Savalanın başından çəkib apardı.

Daryuş və onun \”Savalangast” turizm şirkəti və velosipedlə dünya turu

Daryuş traktorunu saxladıqdan sonra, maşınımıza onu da əyləşdirib, onun ofisinə gedirik. Bilmirəm, Səreyində əlavə turizm şirkəti var, ya yox, Daryuş burada turizm şirkəti yaradıb. Adı da \”Savalangasht”dır.

Daryuş indi dünya turuna hazırlaşır. O velosipedlə uzun bir yol qət edərək, özü ilə götürdüyü futbol topunu dünya ulduzlarına imzaladacaq və sonda bu topu satışa çıxararaq, əldə olunan vəsaiti ən imkansız bir xəstəyə və ya dünya elminə fayda verən bir kəşf üçün hədiyyə edəcək. Bizim görüşdüyümüz günün səhəri isə 10 nəfər dostu ilə Savalanın zirvəsinə yürüş etməyi planlaşdırmışdı.

Biz əvvəldən razılaşdığımıza görə Daryuşla şam yeməyinə getməli idik. Amma evdən gələn zəng planımızı dəyişməyimizə səbəb oldu. Əslində, anasına dəyməyə gələn Şəhrzadın tehranlı əmoğlusu və yeznəsi bakılı qonaqla da görüşmək arzusunda olduqlarını bildirmişdilər. Əlbəttə biz qonaqların arzularına rəğmən təcili evə getdik. Şam süfrəsi arxasında onlarla ürəyimizcə olan şirin söhbətlər edərək, yorucu olduğu qədər də maraqlı olan günümüzü sona çatdırdıq.

Elbrus fatehi

Artıq yerdən duranda bu gün evə qayıtmağı qərarlaşdırmışdım. Çünki axşam tehranlı qonaqlarla başımın qarışmasını düşünən Şəhrzadın bayıra çıxaraq, telefonla sabahı günü səfərə çıxmalı olduqları reysə yerinə adam axtardığını eşitmişdim. Qalsaydım o, işə çıxmayacaqdı, bu isə onsuz da ümumi vəziyyətin ağır olduğu zamanda qətiyyən yolverilməz idi və ailənin dolanışığına təsirsiz ötüşməyəcəkdi. Hələ ki heç nə demirəm. Ötən günlərdə olduğu kimi, namaz qılandan sonra, dostum idman çantasını sahman edir. Mənim də hazır olduğumu görüb, \”Bu dəfə səni başqa bir suya aparacağam\”, deyir.

Maşınımızı şəhərə ilk girəndə gördüyüm, sirk binalarında olduğu kimi üstü günbəzvarı tikilmiş binanın geniş həyətində saxlayır. Həyətdə az sayda maşınlar var. Halbuki gündüzlər hər dəfə burdan keçəndə həyətdə yerləşməyən maşınların küçə boyu sıralandığını və ikitərəfli yolun ortası ilə uzanıb gedən ara məsafədəki ağacların dibindəki saysız-hesabsız çadırları görmüşdüm. Çadırlar yerində olsa da, sübh tezdən olduğuna görə içəri girənlərin sayı az idi. İçəridə yenə də Şəhrzadı tanıyanlar çoxdur. Bu yerli camaat demək olar ki, hamı bir-birini tanıyır. Hələ belə demək mümkünsə, hamı bir-biri ilə qohum-əqrabadır. Əksəriyyəti bir-birindən qız alıb-verirlər. Mən belə başa düşdüm ki, səreynlilər yaxın tanıdıqları ailələrlə qohumluq əlaqələri qurmağa daha çox üstünlük verir.

Müəssisənin daxilində xüsusi bir özəllik olmadığına görə burada keçirdiyimiz zamana xüsusi vaxt ayırmaq istəmirəm. Çıxandan sonra Şəhrzad səhər yeməyinə evə getməyimizi məsləhət görür. Əslində, bu, mənim ürəyimcədir. Qərarımı açıqlamaq və ailə ilə vidalaşmaq üçün fürsət yaranacaqdı.

Bura şəhərin demək olar ki, girəcəyidir. Buradan adını çəkdiyimiz iki su müalicəxanasının düz qabağı ilə şəhərin mərkəzinə, sola dönməklə isə Şəhrzadgilin məhəlləsi olan xiyabana çıxırsan. Biz xiyabanın başından sağa-məhəlləyə dönmək istəyəndə, \”Bir dənə zəhmət olmasa qabağa sür\” deyirəm. Dostum sözsüz əməl edir. Biz həmişə evdən çıxıb Səreynin mərkəzinə və ya başqa yerlərə gedəndə mütləq buradan, bir alpinist heykəli olan dairədən fırlanıb qayıtmaq məcburiyyətində idik. Bir dəfə bu heykəlin burada niyə qoyulmasının səbəbini soruşmuşdum. Şəhrzadın heykəli ucaldılan bu gəncin Elbrusda həlak olması barədə dedikləri yadıma düşmüşdü. Onsuz da bu barədə ətraflı soruşacağımı düşünmüşdüm.

Ona görə başqa zamanımın olmayacağını fikirləşib, Şəhrzadı bura gətirmişdim. Heykəl düz Savalana aparan yolun üstündə, şəhərin hələ ki, qurtaracağı olan yerdə ucaldılıb. Bura gələn hər bir turist mənim də əvvəl düşündüyüm kimi, heykələ adi dağçılara qoyulmuş simvolik bir abidə kimi baxa bilərdilər. Çünki Savalan aydın məsələdir ki, ilk növbədə bütün uca zirvələr rayonlarında olduğu kimi dağçılıq idmanının əhatə dairəsinə daxildir. Abidənin məhz burada qoyulması bu mənada da düşünülüb, amma abidə Səreyindən olan və Elbrusu fəth edib qayıdan zaman həlak olan Əli Əsədinin simasında hazırlanıb. Bu abidəni də ustad Vədud Müəzzin ucaldıb. Bura həm də \”Dağ meydanı\” adlanır və Əli Əsədinin xatirəsinin əbədiləşdirilməsi üçün şəhər rəhbərliyi və İran İdman Nazirliyi tərəfindən qurulmasına qərar verilib.

Əli Əsədi bütün ruhu ilə dağ idmanının vurğunu olub. Onun 31 yaşı olsa da evlənməyib. Ona evlənmək təklif olunanda deyib ki, mənim bütün həyatım riskdən ibarətdir və canımı bu yolda qoymuşam, ona görə kimisə evə gətirib, özümdən sonra gözü yaşlı qoymaq istəmirəm. Dostları Daryuş Fəyyazi və Mehdinin dediyinə görə o, arzularının qurbanı olaraq, əslində, istəyinə çatdı. Əli heç bir təchizat götürmədən qışın ən sərt vaxtlarında dəfələrlə Savalana heç kəsin ürək etmədiyi hissəsindən qalxıb. O, İranda ən hündür zirvə olan Tehran dağını və Ararat zirvəsini fəth edib. 5 il əvvəl, 2013-cü ildə, Novruz bayramına 20 gün qalmış, Elbrus zirvəsini fəth edib qayıdarkən dostu, lahistanlı (Bu ölkənin adını dəqiqləşdirə bilmədim) Pavellə birlikdə gecə dumana düşərək, yolu azmış və uçurumdan aşağı düşərək həlak olublar. Onların cəsədi 20 gün sonra müəyyənləşdirilib və bayram günləri vətəninə gətirilərək dəfn edilib. Onun dəfnində dünyanın tanınmış dağçıları və İranın hökumət və rəsmi şəxsləri iştirak ediblər. Cavan vaxtı Elbrusda mən də olmuşam. Kanatla qalxaraq Savalanla olduğu kimi Elbrusla üzbəüz dayanmışam. Onu deyim ki, Elbrus Savalan kimi deyil, onun yolları çox təhlükəlidir. Əgər Savalana bədəncə sağlam hər bir şəxs qalxa bilərsə, Elbrusun zirvəsini fəth etmək yayda belə hər alpinistin işi deyil.

Ümumiyyətlə, Səreyndə dağ idmanı ilə məşğul olan idmançılar çoxdur. Hətta şəhərdə onların yaratdığı \”Dağçılar\” kafesi fəaliyyət göstərir. Səreynli idmançılar digər yerlərdən gələn idmançılara dəstək olmaqdan zövq alırlar. Onlardan bir-neçəsi ilə söhbət etdim. Bu gənclər boş vaxtlarını Savalanın zirvəsinə qalxıb zirvədəki qoşa göllərin şirin, qazlı sularından içməkdən xüsusi qürur duyurlar. İranın ən güclü alpinisti, eləcə də dünya alpinist məktəbinin nadir simalarından biri də azərbaycanlı, Təbriz şəhərindən olan Əzim Qayçısazdır. O nadir alpinistlərdən biridir ki, Everestə hava balonu olmadan çıxmışdır.
Əli Əsədi haqqında eşitdiklərim məni duyğulandırdı. Şəhrzaddan onun qəbrinin üstünə aparmağı xahiş etdim.

Ərdəbildə yerin altında kənd - Adı Gəncədir VİDEO+FOTO

Onun qəbri düz girişdədir. Darvazadan içəri girən kimi qəbrinin üstündə dağçı formasında qarların üstündə çəkilmiş şəkli adamın üzünə gülümsəyir. Qəşəng, şirin simalı bir gəncdir. Onu heç kim məcbur etmədən, öz istəyi ilə burada yatmasından da sanki məmnundur. Elə bu zaman hardansa Daryuş da gəlib bura çıxır. Məlum olur ki, Əli ilə möhkəm dost olublar. Deyirəm, Əli ilə bağlı xatirələrindən danış, yazacağam, deyir, o qədər onunla xatirələrimiz olub ki, vaxt olub gecə qar basıb Savalanda gecələmişik. Gözləri dolur. Hiss edirəm ki, burada onu bundan artıq danışdırmaq olmaz.

Səreyndən ayrılmağım belə qəmli notlarla oldu.

Evə gəlib şirin-şirin səhər yeməyi yeyəndən sonra, elə bil ürəklərinə dammış kimi işə getməyən dostumun balaları Əlini və Rzanı yanıma çağırıram. \”Gəlin bir şəkil çəkdirək, əminiz gedir\” deyirəm.

Hamı təəccüblənir. Gəlinbacımız tutulub qalır. Şəhrzad \”Zahir müəllim, sən nə danışırsan, biz hələ səninlə çox gəzəciyox, bu gün səni alahi bir yerə aparaciyəm\” deyə şaşırmış vəziyyətdə mənə baxır. \”Qardaş, gəl bu günlərimizin ləzzətin qaçırmayaq, mən bilirəm, sən səhər reysə çıxmalısan və bu reysin sənin ailən üçün nə qədər əhəmiyyətli olduğunu başa düşürəm. Sənin rəhbərliyinin ürəyincə olmasa da yerinə adam tapdığından da xəbərim var. Gəl məni pis vəziyyətdə qoyub, bu günlərin gözəlliklərini mənim gözümdən salma\” deyərək, Şəhrzadı qucaqlayıram. \”Heç nə olmaz deyir, bir dəfə getməsəm nə olacaq ki?\” \”Yox\” deyirəm, \”Olmaz\”. \”Yaxşı getmə, onsuz da atam bekar adamdır, gəzməği də çox sevər, mən də uzağı üç günə qayıdaram inşallah, bir də Davər də çox istəyir səninlə həmsöhbət olsun, dərslərin başlaması ilə başı çox qarışıqdır, amma səhər bizimlə bir yerdə olacaqdı, o biri qardaşım da Tehrandan qayıdıb, o da səni çox arzulayır\” deyə Şəhrzad məni fikrimdən daşındırmağa çalışır. \”Qardaş, qalsın gələn dəfəyə \” deyirəm, \”mən sizi ailəvi Bakıda gözləyirəm, bir də az olsun, saz olsun, mənim ürəyim təəssüratlarla doludur, qayıdan kimi bütün bunları yazacağam, mən sizin timsalınızda Vətənimin bir parçasını da kəşf etdim, sən işə getməlisən, sənsiz də darıxaram\” deyə onsuz da istifadə etmədiyim paltarlarım olan çamadanımın ağzını bağlayıram.

Evdə ailə ilə xatirə şəkilləri çəkdiririk. Yola çıxanda gəlinbacı əlindəki suyu hazır saxlayıb qapının ağzında, maşın həyətdən dəbərən kimi arxamızca atır. Darvazanın yanında atası gözləyir. Şəhrzad saxlayan kimi, düşüb ağsaqqalla vidalaşmaq istəyirəm. Məlum olur ki, atası da, qayınatası da bizimlə Astaraya gedib məni yola salmaq istəyirlər. Bu, məni lap kövrəldir. Bu duyğusallıq bəlkə də zəmanənin mənə çoxdan belə nazik insanlar rast gətirməməsinin nəticəsidir.

Evə doğru

Şəhərdən o biri ağsaqqalı da götürüb yola düzəlirik. Həsrətlə şəhərə, onun mehriban insanlarına baxıram; görəsən, bir daha bu yerləri görə bilməyin mənə qismət olub-olmaması barədə düşünürəm.

Ərdəbildə günorta yeməyi yeyirik. Təsadüfən döndüyümüz ikinci mərtəbədə olan yeməkxana darısqal olsa da, tər-təmizdir. Qalan tümənlərimə iki paltaryuyan toz, 5-6 şampun, əl-üz sabunu, Xırdalan ağcaqanadlarından qorunmaq üçün Səreyndə gördüyüm elektrik çibinöldürən, özümə bir ayaqqabı, bir şalvar və bir köynək alıram. Bir az tümən qalıb, onu da qutusu 50 qəpikdən üç bağ siqaretə verirəm. Siqareti alanda satıcı bu məsələdə xam olduğumu düşünüb gülümsünür. \”Mənimçün fərqi yoxdur a, ancaq onu deyirəm ki, bu siqaretlər sizdə satılmır, sizinkilər ən çox \”Vinçester\” və \”ZET\” alırlar, o da burda olmaz, qaçaqdır, onu ancaq gömrükdən tapa bilərsiniz\” deyir. Mən təəccüblə cavan oğlan olan satıcıya baxıram. Bunlar nə yaxşı adamlardır, başqası olsa fikirləşər ki, nəyimə lazımdır. \”Qardaş, bu aldıqlarım qaçaq deyil ki?\” deyə mən də gülümsünərək cavab verirəm. \”Bunlar yox\” deyir. \”Hə elə mənə bundan lazımdır, bir kasıb dostum var, günə iki paçka çəkir, qoy çəksin\” deyib siqaretləri götürürəm.

Ərdəbildən çıxandan sonra qarşıda ilğım vuran dağlar görsənir. Günahı kimdən görüm, o dağlardanmı, iki qardaşı bir-birinə həsrət qoyub? Bir az keçəndən sonra yenə elə bil sinəmi o üz-bu üz dəlib keçən tikanlı məftillər və o üzdə bizim dağlar, bizim meşələr və bu üzdə də elə bizimkilər. Adam bizim dağların başından qalxıb bu üzə sürünən buludlara həsəd aparır. Bəxtəvərlər heç bir sərhəd tanımırlar.

Nəhayət, bu da ikiyə bölünmüş Astara şəhəri. Ağsaqqallarla vidalaşıb ayrılırıq. Şəhrzad icazə verilən son məntəqəyə qədər mənimlə gəlir. İnsan bir neçə gün ərzində necə bu qədər yaxın ola bilərmiş. Biz ayrılırıq, mən içəri keçirəm. Dönüb arxaya baxıram, o qapıda dayanan məmuru ərklə kənara itələyib özünü mənə çatdırır. Hə, bax bu epizodun ağırlığı məni evə çatana qədər tərk eləmir.

İran gömrüyündə sanki heç kim yoxdur. Bir nəfər bayaq Ərdəbildən aldığım əşyaları yığdığım karton qutunu əlimdən alıb manitorun diyircəkli arabasına qoymamışdan soruşur ki, düyün yoxdu ki? Mən isə deyirəm ki, narahat olmayın, sizin qadağan etdiyiniz heç nəyim yoxdur. Vəssalam. Yalnız pasportuma çıxış möhürü vururlar, həmin kişi isə qutunu götürüb məni ayrılıq körpüsünün İran səddinə qədər gətirir. Binadan çıxıb körpüyə yaxınlaşanda yükümün az olduğunu görən bir-neçə nəfər öz köməklərini təklif edirlər. Bizimkilərdir. \”Ehtiyac yoxdur, sağ olun\” deyirəm. Onlar isə \”biz sənə kömək edək, bizim bəzi şeylərimizi də sən keçir\” deyə niyyətlərini açıqlayırlar. Mən qutunu götürüb diyircəkli çamadanımın üstünə qoyaraq, rahat şəkildə sürüb arxamca çəkib onlardan uzaqlaşıram. Fikirləşirəm ki, bu gün nə yaxşı sakitçilikdir. Amma öz tərəfimizdəki dar, şüşəbənd tikiliyə daxil olan kimi yanıldığımı görürəm. İnsanlar bir-birini itələyə-itələyə addım-addım irəliləyirlər. Tanışı olanlar sağ tərəfdəki qıfıllı qapını açdırıb rahatca çıxıb gedirlər. Bəziləri araba ilə yükünü buradan keçirir. Bunun üçün hər dəfə kimsə bu tərəfdəki adamın işarəsi ilə gəlib qapını açır və araba və yanındakı adamlar boş zolaqla keçib həyətə düşür, oradan da əsas binaya daxil olurlar. Bunu görənlərin heç biri etiraz da etmir. Buranın rəisi ilə tanışlığım olduğu üçün bu biabırçılığa mən də dözürəm. Görünür, hərənin bir çəkinəcəyi var, ona görə dillənmirlər. Hər kəsin beş-altı qara sellofan torbası var. Dözməyib yanımdakı oğlandan soruşuram ki, axı, siz İrandan nə alıb aparırsınız? Vacib ərzaq məhsullarına İran qadağa qoyub, axı ordan alver məqsədi ilə nə almaq olar ki, bizim tərəfdə işə getsin. Bunu eşidənlər hamısı müəmmalı şəkildə mənim xamlığıma gülürlər. Görünür, onlar bilirlər ki, nə almaq lazımdır. Dillənməyim məndən qabaqda olan bir nəfərin mənə münasibət göstərməsinə şərait yaradır. Ayağımla itələyə-itələyə apardığım qutunu hər dəfə irəliləyəndə götürüb özündən qabağa qoyur. \”Qardaş, sağ ol, ehtiyac yoxdur, görürsən yüngüldür, özüm öhdəsindən gələrəm\” deyirəm. Oğlan isə, \”nə olar, gərək, burda hamı bir-birinə əl tutsun, əl tutmaq Əlidən qalıb\” deyir. Təqribən nə isə umacağının olduğunu o dəqiqə hiss edirəm. Yanında cəmi iki qara sellofan torbası var. Burda axı nə ola bilər ki, deyə düşünürəm. \”Niyə narahatsan, ehtiyat etdiyin bir şey var?\” deyə soruşuram. Hə xəstə uşağım var, satmaq üçün bir az ərzaq almışam.\” Nə almısan?\” deyə soruşuram. \”Heç, yağ, düyü, bir az çay, belə-belə şeylər\” deyir. \”Axı, belə şeyləri İran tərəfi buraxmır, necə keçirirsiniz?\” sualıma, yorğun-yorğun, \”onların deməyinə baxma, çox dərinə getmirlər, keçirən keçirir\” deyir.\”Sən artıq keçirmisən, daha bizimkilərdən niyə narahatsan, bizimkilər bəyəm belə şeylərə də icazə vermirlər?\” deyə soruşuram. \”Bilirsən, dünən başqası üçün keçirmişəm, bu gün də özümçün aparıram, orda qeydiyyat aparılır, bu gün mütləq mənim veşlərimi alacaqlar əlimdən, xahiş edirəm, xəstə uşağım var, məcburam, sizlə birlikdə keçək, bircə deyin ki, bir yerdəyik vəssalam, mən sizin də veşdərinizi daşıyaram, siz heç nəyə əl vurmayın.\” deyə yazıq görkəm alır. \”Axı, əvvəllər eşitdiyimə görə ən azı on beş gündən tez təkrar buraxmırdılar?\” deyə soruşuram, o isə \”yox indi buraxırlar\” cavabını verir. İndicə insanlığın içindən gəlmişəm, necə bu insana inanmayım? \”Mən sənin veşlərinə cavabdeh ola bilmərəm, çünki bilmirəm doğrudan içində nə var?\” deyə oğlanın yazıq görkəmindəki yalanı axtarmağa çalışıram. \”Allaha and olsun, açım bir-bir bax\” deyə torbalarını açmaq istəyir. Qoymuram. Amma bu insana kömək etmək üçün yollar axtarıram. Bəlkə ilişsələr tanışım olan rəisə deyim, xahiş edim ki, bu dəfə xəstə uşağına görə malını əlindən almasınlar. Gümanım var ki, mənim üçün onu buraxarlar, amma tanıdığım bir adamın yanında 3 kiloqram düyüyə görə alçalmaq niyyətim yoxdur. \”Bilirsən, hələ bir gedək. Allah kərimdir, buranın rəisi dostumdur, mən sənin veşini adıma götürə bilmərəm, amma görsəm çox çətinlik var, səndən ötrü xahiş edərəm\” deyə söhbəti qapayıram. İnsafən o da daha dinmir, mənim qutumdan da əl çəkmir, elə hey özündən qabağa qoyur. Adamları beş-beş buraxırlar. Arxaya baxıram, insanların ucu-bucağı görünmür. Bunlar haradan çıxırlar. Axı İran gömrüyündə içəridə bir nəfər də olsun yox idi.

Nəhayət, bizə də növbə çatır. Əsas binanın içində də üç cərgədə qarmaqarışıq növbə var. Bizim növbə çatmağa az qalmış monitor tərəfdə bir tappıltı düşdü, eyni zamanda qışqırıq səsi də gəldi. İrəli baxdım, elə bildim ki, kimsə xəstələnib yıxılıb. Ətrafdakı adamların da içərisində bir tərpəniş var idi. \”Nə olub\” soruşdum. \”Zəlzələ oldu\” dedilər. Mən təəccübləndim, heç nə hiss etməmişdim. Yuxarıda, başımın üstündəki çilçlırağa baxdım, xəfifcə yellənirdi.
Heç kəsi bundan sonra ciddiyə almadılar. Narahat oğlan da heç bir problem yaşamadan keçdi. Hamıdan yalnız siqaretlərin sayını soruşub qeyd edirdilər.
Oğlan çıxandan da sonra məndən əl çəkmir, kömək etməyə çalışırdı. \”Axı mənim sənə bir köməyim dəymədi\” deyə israr etsəm də, əl çəkmədi, \”Sizin ayağınız uğurludur\” deyə öz köməyini gömrükdən çıxana kimi əsirgəmədi. Onun uşağının xəstə olmasına onsuz da inanmışdım.

Ərdəbildə yerin altında kənd - Adı Gəncədir VİDEO+FOTO

Gömrükdəki əzab-əziyyətdən qurtarmağın rahatçılığıydı, ya özümü özümdə, öz evimdə hiss eləməyimin yüngüllüyü idi bilmirəm, amma ayaqlarımı yerə ayrı cür basırdım. İçimdə isə qəribə bir nisgil, darıxmaq qalırdı ki, qalırdı. Dönüb bir də gömrüyün binasının üstündən o tərəflərə baxdım. Mənə elə gəlirdi ki, Şəhrzad da düz o istiqamətdən mənə baxır. Telefonu açıb \”Qardaş, narahat olma, çatdım, maşınımın yanındayam, yolunu gözləyirəm\” yazdım. Sanki telefonu açıb o da bu yazını gözləyirdi, o dəqiqə cavab yazdı, \”Zahir müəllim, hələ yerimdən dəbərməmişəm, durub sən tərəfə baxıram, xudahafiz, evdəkilərə salam apar\”…

Zahir Məlikli
Astara-Ərdəbil-Səreyn-Ərdəbil-Astara
Avqust – 2018

İnterpress.az