“Xəzər” avtomobillərini “NAZ-Lifan”ın taleyi gözləyir?backend

“Xəzər” avtomobillərini “NAZ-Lifan”ın taleyi gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Avtomobil Zavodunda Çinin “Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd” şirkəti ilə birgə “Lifan” avtomobilləri yığılır. Alıcı tapmaqda çətinlik çəkən zavodun satışlarının böyük hissəsi də demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür.

Bir neçə gün öncə 14 dini icmaya Neftçala Avtomobil Zavodunda istehsal edilən “Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib.

Bundan əlavə, İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası ilə yanaşı, digər dövlət qurumları da Neftçala Avtomobil Zavoduna sifarişlər veriblər.

Görünən odur ki, Neftçala Avtomobil Zavodunu da Naxçıvan Avtomobil Zavodunun taleyi gözləyir.

Avtomobil istehlası və zavodların gələcək taleyi barəsində iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a danışıb.

Natiq Cəfərli vurğulayıb ki, avtomobil zavodu, avtomobil istehsalı demək doğru deyil:

“Əslində Azərbaycanda açılan müəssisələrdə yığım həyata keçirilir. Demək olar ki, maşınlar Azərbaycana hazır gəlir, sadəcə olaraq müəyyən detalları üstünə bərkidilərək satışa çıxarılırdı. Rəsmi rəqəmlərə görə, “NAZ-Lifan” maşınlarının 90%-ə yaxını dövlət qurumlarına satılıb. Təkcə 2700 avtomobili Dövlət Sosial Müdafiə Nazirliyi alıb və əngəlli, ehtiyacı olan insanlara paylayıb. Dövlət büdcəsinə açılan zavodun satışı da dövlət büdcəsi hesabına keçirilir. Bu zavodlar əslində bir imic layihəsi kimidir. Azərbaycan hökuməti mesaj vermək istəyir ki, bizdə avtomobil zavodu fəaliyyət göstərir. Əslində isə heç bir iqtisadi əsaslandırması yoxdur. Çünki istənilən ölkədə əgər avtomobil istehsal olunursa, ən azı 30% detallar yerli istehsal olmalıdır. Texniki hissələr olmasa da, köməkçi detalların ölkədə istehsalını təşkil etmək lazım idi. Ən azı 30% bu proses həyata keçirilsə, həm rentabillik olur, həm də məntiqli olur. İkinci zavodun açılması isə ümumiyyətlə heç bir məntiqə uyğun deyildi. “NAZ-Lifan” təcrübəsi göstərdi ki, avtomobil zavodunun açılması uğursuzdur və biznes layihəsi deyil. Neftçalada yığılan avtomobillərin ötürücü qutusu mexanikadır. Bu isə müasir tələblərə belə cavab vermir. Neftçalada açılan avtomobil zavodunun da taleyi “NAZ-Lifan” taleyi kimi olacaq. Əgər dövlət qurumları o zavoddan avtomobil almasalar, bir müddət sonra zavodun bağlanmasının və qeyri-rentabelli işləməsinin şahidi olacağıq. İndiki yanaşma ilə Azərbaycanda yığılan avtomobillərin satış perspektivi sıfıra yaxındır”.

İqtisadçı ekspert yaranmış vəziyyətdən çıxış yolu kimi isə bunları bildirib:

“Köməkçi istehsal sahələri yaradılmalıdır. Avtomobillərdə rezin, neft məhsullarından istifadə olunur. Bunların yerli istehsalı təşkil olunmasa, yığımın bu formada həyata keçirilməsi məntiqsizdir və qeyri-rentabellidir. Türkiyə örnəyini göstərmək olar. Türkiyədə 11 şirkətin zavodları fəaliyyət göstərir. Həmin zavodlarda ən azı 30% Türkiyə istehsallı detallardan istifadə olunur. Türkiyə ilkin mərhələdə avtomobillərin oturacaqları, üzlükləri, müəyyən daxili detallarının istehsalını təşkil etdi. Hazırda Türkiyə Avropa və dünya bazarına ən çox ehtiyat hissələri satan ölkələrdən biridir. Bu gün Azərbaycanda satılan ehtiyat hissələrinin istehsal yeri Türkiyədir. Belə yanaşma olsa idi, bunun iqtisadi əsasları və rentabilliyi olardı”.

Natiq Cəfərli sonda bildirib ki, büdcə vəsaitinin imic layihələrinə xərcələnməsi ilə avtomobil zavodlarının iqtisadi əsası və rentabilliyi olmayacaq.(yenicag.az)

İnterpress.az