Rüfət Quliyevdən Ukraynadakı səfirliyimizdə baş verən qalmaqalla bağlı AÇIQLAMAbackend

Rüfət Quliyevdən Ukraynadakı səfirliyimizdə baş verən qalmaqalla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mənim Milli Məclisdə ötən dəfəki çıxışımın əsl məğzi ondan ibarət idi ki, xarici ölkələrdə bu və digər hallarda Azərbaycan barəsində istənilən məlumatın mətbuata çıxarılması və press-konfranslar keçirilməsinin qəti əleyhinəyəm”.

Bunu Milli Məclisin deputatı Rüfət Quliyev İnterpress.az-a açıqlamasında Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasında gedən təmir-bərpa işləri ilə bağlı parlamentdəki çıxışına aydınlıq gətirərkən deyib.

Millət vəkili qeyd edib ki, Ukrayndakı Azərbaycan səfirliyinin inzibati binasında qalmaqallı təmir işləri barədə yayılan məlumatların xarici mətbuata çıxarılması düzgün deyil: “Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sabiq həmkarı Tələt Əliyevi məhkəməyə verməyib. Deməli, Ukraynadakı Azərbaycan səfirliyinin inzibati binası yararsız hala düşdüyündən təmir-bərpa işlərinə ehtiyac yaranıb. Səfirlik də müvafiq sənədləri toplayıb təmirin həyata keçirilməsi üçün müraciətlər edib. Sadəcə olaraq, məlum olub ki, bina 8-9 il bundan əvvəl də təmir olunubmuş. Ona görə də binanın yenidən təmir olunması üçün sənədlər toplanarkən istər-istəməz arxiv sənədlərə də müraciət etmək zərurəti yaranıb. Eyni zamanda, Azər müəllim 8-9 il bundan öncə binada inşaat işlərini həyata keçirən tikinti şirkətini məhkəməyə verib ki, təmir işlərinin həqiqətən də həyata keçirildiyi və yaxud da keçirilibsə, keyfiyyətsiz işlərin ortaya çıxmasının səbəbləri araşdırılsın. Tikinti şirkəti Ukraynada qeydiyyatdan keçib fəaliyyət göstərdiyinə görə səfir məcbur qalaraq məhkəməyə müraciət edib. Ona görə də Ukrayna Baş Prokurorluğu tərəfindən sözügedən tikinti şirkətində yoxlamalar aparılmasına qərar verilibdir”.

R.Quliyev hesab edir ki, səfir A.Xudiyev rəsmi Bakının icazəsi olmadan belə bir addımı atmaz. Deputatın sözlərinə görə, səfir həmçinin bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə məktub da ünvanlayıb: “Səfirimiz bu faktı mənə onunla telefon bağlantısı yaradarkən təsdiqləyib. Hesab edirəm ki, bu məsələnin xarici mətbuata çıxarılmasına ehtiyyac yox idi. Soyuqqanlılıqla məhkəmənin qərarını gözləmək lazımdır. Təbii ki, Ukrayna məhkəməsi qərarını verib əsl həqiqətin nə olduğunu təsdiqləyəcək. O zaman binada əsaslı təmir işlərə həyata keçib keçmədiyi müəyyən olunacaq. Sabiq səfir isə binanın yararsız hala düşdüyünü orada tikilməkdə olan digər binanın fundamentindəki qazın işləri ilə əlaqələndirib. Hər halda yekun qərar səbrlə gözləmək lazımdır. Yenə də deyirəm ki, bu məlumatların xarici mətbuata çıxarılması düzgün deyildir. Mənim Milli Məclisdəki çıxışımın əsas məğzi də elə bu idi ki, biz öz problemlərimizi hüquq-mühafizə orqanlarımızın vasitəsi ilə həll etməyə çalışmalıyıq”.

Qeyd edək ki, oktyabrın 30-da Parlamentin iclasında millət vəkili Rüfət Quliyev Ukraynadakı indiki və keçmiş səfirimiz arasında yaşanan xoşagəlməz dartışmaya diqqəti yönəldərək baş verənləri qınadı və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa kimsənin haqqı olmadığını bildirib. Deputat Azərbaycanın Ukraynadakı sabiq və indiki səfir arasında olan müəyyən problemlərin bu cür üzə çıxmasını qınayıb. O, bu kimi problemlər ortaya çıxanda o Azərbaycanın hüquq-mühafizə orqanlarının gücü ilə həll olunmasının tərəfdarı olduğunu qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev hazırkı səfir Azər Xudiyevin onunla bağlı Ukraynanın Baş Prokurorluğuna şikayət etməsilə əlaqədar mətbuat konfransı keçirib. Səfir A.Xudiyev Ukraynanın Baş Prokurorluğuna göndərdiyi şikayət ərizəsində Azərbaycan səfirliyinin binası təmir olunarkən, T.Əliyevin böyük miqdarda vəsaiti mənimsədiyini iddia edib. Kiyevdə təşkil olunmuş mətbuat konfransında T.Əliyev səfir A.Xudiyevin ona qarşı qərəzli mövqe tutduğunu və Ukraynanın Baş Prokurorluğuna göndərilmiş şikayətin də əslində qərəzli münasibətdən irəli gəldiyini deyib.

İnterpress.az