Göyçayda Nar bayramı – VİDEObackend

Göyçayda Nar bayramı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nar bayramının iştirakçıları əvvəlcə musiqi sədaları altında qarşılanıb.

Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar.

Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan Nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub-saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliği işində böyük əhəmiyyət daşıyır.

Tədbirdə iştirak edən millət vəkili Elman Nəsirov bildirib ki, yerli və xarici medianın işıqlandırdığı Nar bayramı ölkəmizdə ildən-ilə daha çox turistin marağını cəlb edir.

Qeyd edək ki, son üç ildə rayonda 1500 hektardan artıq yeni nar bağı salınıb, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Ötən il Göyçayda 40 min ton nar tədarük olunub. Bu il isə meyvə bağlarından 42 min tona yaxın nar məhsulunun yığılması gözlənilir. Bu isə əhalinin büdcəsinə əlavə olaraq 40 milyon manat vəsait gətirəcək.

Festivalda ən böyük nar müsabiqəsinin, nar atmaq, nar sıxmaq yarışlarının qalibləri mükafatlandırılıb. Tədbirdə ən böyük narın çəkisi 1 kq 300 qram olub.

İnterpress.az