Moskva Kremlinin Şamaxılı Memarıbackend

Moskva Kremlinin Şamaxılı Memarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1367-ci il yanvarın 5-də şaxtalı bir qış səhəri Moskvanın böyük Knyazının elçiləri uzun yolu qət edərək, Şirvanşahların paytaxtı Şamaxıya çatırlar. Ehtiramla qarşılanan elçilər sarayın baş darvazasından həyətə daxil olurlar. Yüksək səviyyədə qarşılanma mərasimindən sonra boyar Baratinski Moskva böyük Knyazının məktubunun məzmunu ilə Şirvanşah Şeyx İbrahimi bilgiləndirir. Təcrüməçilik işini isə şahlığın Moskva Knyazlığındakı səfiri Qafur bəy həyata keçirir. Məktubda dünyaca məşhur olan memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur. Bu, D.İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəmir, amma Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir-duasını alan ustad sənətkar yol hazırlığına başlayır. 1367-ci il yanvarın 10-da rus elçiləri və memar Əliş Kərəmli Moskvaya yola düşürlər…

Dimitri İvanoviç qapı ağzında görünən ucaboylu, enli kürəkli, iri gözlü, üzü avropalılar kimi təmiz qırxılmış, qara bığlı, ağ çərkəzi geyimli, qafqazlı kişini görəndə onun onlarca məşhur tikilinin memarı olmasına inanmaq istəmir. Sonra Qafur bəyin tərcüməçiliyi ilə söhbət zamanı da hərdən ona diqqətlə baxır və belə cavan və yaraşıqlı kişinin necə memar ola biləcəyini anlamaq istəyir. O, daha çox şahzadəyə oxşayırdı.

Uzun söhbətdən sonra tərəflər öz mövqelərini bir-birlərinə açıq bildirirlər. Memar Kərəmlinin şərtləri daha dəqiq və sərt olur. Bu hal Dmitri İvanoviçin xoşuna gəlir. Onunla at belində Moskva çayı və onun qolu Yauza çayı boyuyca əraziləri gəzirlər. Kərəmli onun istəklərini daha düzgün ifadə edir, verdiyi təklifləri tam dəqiq anlayır. Onun təqdim etdiyi bir neçə təklif Dmitri İvanoviçi heyran qoyur. O, yeni qalanın döyüş keyfiyyətlərini elə dəqiq təsvir edir ki, sanki mahir hərbçi idi. Əliş bəy qalanı tikmək üçün gətirilməsi, kəsilməsi və yonulması çox çətinlik törədəcək sal daşların, qaya parçalarının təxminən yarıdan çoxunu ləğv edir. Bunun əvəzində, ərazinin torpağından bişmiş kərpic hazırlanacaqdı. Onun təklif etdiyi kərpic öz ölçüsünə görə digər kərpiclərdən böyük və çox möhkəm olması ilə fərqlənəcəkdi. O bu üsulla Təbrizdə mədrəsə binası tikmişdi. Əliş bəy atüstü öz dəftərçəsinə ərazi ilə bağlı bəzi qeydlər də edir. Ərazinin relyefini, torpaq suxurlarını və müxtəlif istiqamətlərdən görünüşünü sonrakı günlərdə də çox diqqətlə öyrənir. Bu zaman ona Moskvanın seçilmiş ən yaxşı ustaları kömək edirdi. Qafur bəy bu ustaların çoxsaylı suallarının qarşısında tək durmuşdu. Onu işindən yayındırmasın deyə hər sualı Əliş bəy üçün tərcümə etmirdi. Əliş bəyin çevikliyi əsgərləri də heyran qoyur. Yeddi seçmə döyüşçü onun mühafizəsinə verilir. O isə aralarından Yeqor Bulıç adlı cəmi bir əsgəri seçir. Əliş bəy yerli tikinti məmulatları ilə də yaxından tanış olur. Sonra o, 110 minə yaxın əhalisi olan Moskva şəhərini, daha çox da onun kasıb məhəllələrini gəzir.

1367-ci ilin 14 mart tarixində Moskvanın böyük knyazı Dmitri İvanoviçlə şərqli memar Əliş Sübhan oğlu Kərəmli arasında müqavilə bağlanır. Müqavilədə istənilən həcmdə maliyyə təminatına söz verilir, böyük knyaz tərəfindən gizli nəzarətlərə, qəfil təftişlərə, maliyyə hesabatlarına yol verilmir, yalnız ikinci tərəfin özü məqsədəmüvafiq hesab etdiyi vaxt yazılı hesabat təqdim olunacağı bildirilir. Memarın layihəsinə və iş zamanı bu layihəyə hər hansı əlavə və dəyişiklərə də müdaxilə edilmirdi. Əliş bəyə öz işində tam sərbəstlik verilirdi. Heç bir kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə Dmitri İvanoviç hətta ona boyar titulu, səlahiyyətini də verir. Bu müqaviləyə əsasən, istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin dörd il müddətində tam başa çatdırılması idi. Əliş bəy nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürür və gözəllik yerinə çevriləcəyinə öz vicdanı üzərinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü Quran kitabının üzərinə qoyaraq and içir. O təkcə memarlıq işlərini deyil, işlər bir il tez başa çatsın deyə tikintiyə rəislik işini də öz üzərinə götürür. Onun üçün özünün təklifi ilə yalnız görülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səsvermə yolu ilə ən gözəl iş kimi bəyənildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutuldu. Bu isə Şərq qaydasıyla, tikintiyə sərf olunacaq bütün materialların dəyərinin tən yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdi. Amma iş başa çatana kimi firavan dolanmaq və ya ailəsinə göndərmək üçün hər ay ona 300 rubl qızıl pul əmək haqqı ayrılır. Onsuz da o, böyük knyazın bacısı evində yaşayacaq, onun hər cür qida və geyim təminatı orada ödəniləcəkdi. Knyazın bacısı əri, voyevoda Bobrokovun etirazına baxmayaraq, bütün məsrəfləri böyük knyaz öz üzərinə götürür.

Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd yandan əhatəyə aldığı adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içərişəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, bürclər ucaldılacaq, darvazalar tikilicəkdi. Əliş bəy hələlik beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib, böyük knyaza təsdiqlədir. Sonra kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçir, onların şərtlərini qəbul edir və öz şərtlərini qoyur…

Tikinti işlərinə mart ayının 25-də, rusların “Blaqoveşeniye” bayramı günündə başlanılır. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan nütflənməsi münasibətilə keçirilirdi. Bayram münasibətlə keçirilən təntənədə müsəlman Əliş bəy Kərəmli də kilsəyə gəlir və şam yandırır. Çoxları, hətta yepiskopların da bəziləri müsəlmanların İsa Məsihi peyğəmbər kimi qəbul etdiklərini bilmirdilər. Tikintinin bünövrəsi qazılarkən Əliş bəy cibindəki Quranı çıxarır və bir kənarda durur, “Məryəm surəsi”ni avazla oxumağa başlayır. Bir kimsə onun işlərinə qarışa bilməyəcəyi üçün hətta sifətindən çoxbilmişlik yağan mitropolit Aleksiy də mane olmaq iddiasında olmur. Beləcə, bir tərəfdə yepiskop yoğun səslə İncildən cümlələr, digər bir tərəfdə isə Əliş bəy avazla Quran surəsini oxuyur.

Həmin gün qala divarları üçün qazılmış bünövrəyə yonulmuş iri, qara daşlar yığılır. Birinci iş günü bu işləri hamılıqla icra edirlər. Böyük knyazın özü də iş görənlərin arasında olur. Əvvəllər iç və çöl qala divarları ağac və gil məhluldan hazırlanmışdı. Əliş bəy onların hamısını sökdürür. Əvəzində tikintinin ətrafı taxta hasara alınır. Bunu tikintiyə toz-torpağın dolmaması və tamaşaya toplaşan adamların fəhlələrə mane olmaması məqsədilə edir. Rusiyada bu, ilk hadisə idi. Adətən, boş-bekar adamlar toplaşıb, tikinti işlərinə həvəslə tamaşa edərdilər. Eləcə də onun suvağa çiy yumurta ağı vurdurması indiyədək görünməmiş hadisə olur. Əvvəllər divarların qarşısında enli xəndəklər qazılır, oraya su buraxılırdı. Əliş bəy bu xəndəkləri də lazımsız hesab edib tikinti tullantıları ilə doldurtdurur. Tikintiyə min beş yüz nəfər işçi cəlb edilmişdi. Onlar ağır işlər zamanı iki növbə ilə çalışırdılar. Yaşamaları üçün bir kənarda çoxlu rahat və hər cür şəraiti olan köşklər, daxmalar qurulmuşdu. Fəhlələr gündə iki dəfə isti xörəklə təmin olunurlar. Aşpazlar gənc qızlar, qadınlar arasından seçilmişdi. Tikintidə nizam-intizam işləri və görülən işlərin keyfiyyətinə nəzarət çox ciddi qaydada qurulmuşdu. Fəhlələrə ayda 7 rubl qızıl pul, ustalara isə bir onluq qızıl zəhmət haqqı verilirdi. Bu çox böyük məbləğ idi. Maaşlar yubadılmırdı.

Üstəlik, Əliş bəy fərqlənənlərə mükafat da verdirir, onların hər cür sağlamlığının qayğısına da qalırdı. İnsanların əsas tələbatını dəqiq öyrənmişdi. Aylar ötdükcə o, rus dilini rəvan öyrənməyə başlayır. Hafizəsi yaxşı olduğu üçün bu iş onda asan alınır. Amma şirin türk ləhcəsi hiss olunur və hamının xoşuna gəlirdi. Əliş bəy yaxşı işləyənlərə tikinti başa çatdıqdan sonra onların yaşadıqları daxmaların, köşklərin içindəki ləvazimatlarla birgə bağışlanacağına söz vermişdi. Buna görə də hamı vicdanla çalışır. Hətta bəzən iş vaxtından kənar saatlarda da gəlib müəyyən işləri icra edir, Əliş bəyə olan rəğbətlərini nə iləsə ifadə etməyə çalışırlar.

…Tikintiyə başlanılan bir ilin tamamında artıq bürclü qala divarları, beş qüllə və onların altında beş darvaza hazır olur. Belə sürətli nəticəni Əliş bəy heç özü də gözləmirdi. Rus ustaları və fəhlələr çox böyük həvəslə və əzmkarlıqla çalışır, yorulmaq nə olduğunu bilmirlər. Hətta tez-tez ona İslam dini barəsində suallar verirlər. Əliş bəy bəzən heç ürəyincə olmasa da, hamıya hörmət, ehtiram, hətta artıq iltifat göstərməyə çalışır. Bu nəzakət və görmüş olduğu işin möhtəşəmliyi və gözəlliyi qarşısında bütün boyarlar Əliş bəy Kərəmliyə baş əyir, gülümsəyir, onlar da qarşılıqlı ehtiram göstərməyə çalışırlar.

Əliş bəy Kərəmlinin işdən başqa heç nəyə vaxtı yox idi, o cümlədən məhəbbətə də. Ancaq böyük knyazın bacısı qızı Anna onu dəlicəsinə sevir və öz məhəbbəti uğrunda hər şeydən keçməyə hazır idi.

Tikinti tamam başa çatdığı üçün qalanın böyük ərazisi tullantılardan təmizlənir. Ətraf təmizləndikcə qalanın içərisi daha möhtəşəm və etibarlı görünürdü. Qalanın içərisindəki köhnə tikililər ona heç uyğun gəlmirdi. Artıq tikintini əhatəyə almış taxta hasarlar da sökülmüşdü. Günün böyük hissəsi ətrafda qələbəlik olur, adamlar dəstə-dəstə ətraf yerlərdən də gəlir, hamının “Kreml” adlandırdığı bu gözəl tikiliyə tamaşa etməkdən həzz alırdılar. Əyanların qonaqlara dediyinə görə, buranı İtaliyadan gətirilmiş Aleksey Kremnıy adlı rus əsilli memar tikmişdi.

Son günlər Dmitri İvanoviç daha Əliş bəyi özündən kənarlaşdırmır, onu qalanın içərisində tikiləcək binaların layihələri üzərində işləməyə sövq etmək istəyirdi. Əliş bəy onunla qalanın içərisində atla son gəzinti zamanı sarayın, kilsələrin, malikanələrin, monastrların, kazarmaların, inzibati binaların bağın, küçələrin təxmini yerini müəyyənləşdirir. Bu zaman burada olan köhnə monastr və kilsələrin heç birinin sökülməsindən söz açmır. Çünki böyük knyaz o saat bu işi onun öz öhtəsinə qoymaq istəyəcəkdi. Bunsuz da o bu fikrindən daşınmır. Amma aralarında imzalanmış müqavilədə bu işlər olmadığı üçün Əliş bəy ona yeni layihələr üzərində işləmək barədə razılıq vermir.

Səhər nahar zamanı Dmitri Mixayloviç ona bu gün günün ikinci çağı yaxın dostları ilə birlikdə, onun tikintini başa çatdırması şərəfinə gözəl bir məclis quracaqlarını xəbər verir. Əliş bəy bu dəfə imtina edə bilmir və həm də həmin məclisdə ondan Anna ilə evlənməyə razılıq və özü ilə Qafqaza aparmaq barədə icazə almaq üçün son cəhdi göstərməyi düşünür. Bəlkə də bunun üçün münasib məqam yetişəcəkdi. Əks təqdirdə, sonra özünü qınamaya bilərdi. Axı üç il onların evində yaşamışdı.

Ziyafət məclisi üçün yer dünən onun Anna ilə şərq qülləsindən baxarkən aşağıda görmüş olduğu həmin çəmənlik idi. Görünür, bu məclisin daha yaxşı və onun əməyinin nəticəsi olan qalanın görünə biləcəyi bir yerdə keçirilməsini nəzərdə tutublar. Mühafizəçi Yeqoru özü ilə götürmədi – buna ehtiyac yox idi. Təzə-tər çəmənliyin üzərinə böyük bir süfrə sərilmişdi. Süfrədə hər cür rus yeməkləri vardı. Onların xahişi ilə Əliş bəy əsl Qafqaz kababı bişirir. Cəmi beş nəfər idilər. Süfrə arxasında, yerdə Annanın atası Bobrakovdan savayı boyar Baratinski və daha iki boyar oturmuşdu. Sonra hamı onun şərəfinə badə qaldırır, Moskva üçün belə gözəl bir qala tikdiyi üçün ən xoş sözlərini deməyə çalışırdılar.

Əliş bəy Moskvada qaldığı 4 il ərzində Şamaxıda yaşayan ailəsinə cəmi bircə dəfə baş çəkə bilmişdi. Memar möhtəşəm tikintini tamamladıqdan sonra Şirvana qayıtmaq ərəfəsində Knyaz D.İvanoviçlə razılaşma imzalamışdı. Razılaşmaya əsasən, memar vətənə dönür, yaz bitən günü Bakıya qayıdır, ona çatan zəhmət haqqını alır və onun şərəfinə veriləcək ziyafətdə iştirak edir. Aralarında olan razılaşmaya əsasən Əliş bəy vətənə yola salınır. Memar bir müddət Şamaxıda qaldıqdan sonra Moskvaya qayıdır.

Yayın ilk günlərində Moskva-Smolensk yolunun 9 kilometrliyində inliki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma-vida məclisi açılır. Lakin sonra məlum olur ki, böyük Knyaz “xəstə” olduğu üçün məclisdə iştirak edə bilməyəcək. Təəccüblü görünsə də, əksər boyarlar, aşpazlar dəstəsi və saray musiqiçiləri məclisdə iştirak edirlər. Annanın sevinci yerə-göyə sığmırmış. Şirin şərabın, ləziz ət xörəklərinin, növbənöv qəlyanaltıların şövqündən məst olmuş məclis əhli xumarlıq və sərxoşluq içində olurlar. Ancaq bir az sonra nə baş verəcəyindən Əliş bəyin xəbəri yox imiş. Memarımızı gözləyən təhlükədən heç Annanın da xəbəri yox imiş. Təəssüf ki, memarın qətlinə verilən fərman “uğurla baş çatır”.

1371-ci il iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırır. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarımızın adını yox etmək və “Keremli”ni (Kremli) ucaldan sənətkarımızı tarixdən silmək olmuşdur. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca, qərib eldə dəfn edirlər. Bu ağır itkiyə görə ən çox üzülən Anna olur. Onun memarımıza məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməmişdir, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanır və ömrünün sonunacan memarımızın məzarına qulluq etməkdən usanmır. Nə müqaviləyə, nə verdiyi sözə, nə də qəbul olunmuş bəşəri qaydalara məhəl qoymayan ruslar nəinki namərdlik yolunu seçir, həm də Kərəmlinin Kremlin yaradıcısı kimi tanınması yönündə susmağı üstün tutublar.

1556-cı ilin avqustunda IV İvan Qroznı tarixi gerçəklikləri saxtalaşdıraraq, xüsusi fərmanla “Keremli” qülləsini “Vodovzvod”a çevirib. Lakin XIX əsrin sonlarınacan rusiyalılar, dünya ictimaiyyəti, səyyahlar və rəsmi sənədlər bu ölməz sənət abidəsini gah “Keremli”, gah “Kremli”, gah da qısaca “Kreml” deyə yad edirlər. Beləliklə, “Kreml” adı tam sabitləşərək dünya tarixinə daxil olub. Paxıllıq əlaməti olaraq rus yazıçısı Borodininin “Dmitri Donskoy” tarixi romanında bu həqiqətlərə dair qısa qeydləri nəzərə almasaq, rus qaynaqları, xüsusən İ.Karamzinin “Rus imperiyasının tarixi” adlı çox cildli əsərində bu haqda zərrə qədər də olsun məlumat verilməmişdir. Zaman keçdikcə 49 yaşlı Əliş Kərəmlinin layihəsi əsasənda Praqada, Smolenskdə, Novqorodda və Kazanda Kremllər inşa edildi. Lakin öz gözəlliyi və əzəməti ilə dünyaya səs salan bu ölməz inşaat məbədi digərlərindən öz yaraşığına görə çox seçilməkdədir.

1997-ci ildə Rusiya öz paytaxtı Mokvanın 850 illiyini təntənə ilə qeyd etidyi yaddaşlardadır. Rusiyanın sabiq prezidenti Baris Yeltsin və Moskva şəhərinin meri Y.Lujkov Moskvanın tarixi haqqında söhbət açsalar da, nədənsə, Kremlin yaranma tarixinin üstünən sükutla keçdilər. Vətənimizə milli qürur, baş ucalığı, şöhrət gətirə biləcək çoxsaylı belə məqamlara lazımi qiymət verə bilməməyimizin nəticəsidir ki, gözümüzün qabağında süfrəmizin başında, evimizdə, elmi-mədəniyyətimizin bir çox sahələrində sözünü demiş, tarixə yazılmış şəxsiyyətlərə lazımi qiymət verə bilmirik.

Əldə olunan mənbələrə istinad edərək deyə bilərəm ki, Əliş Kərəmlinin faciəli şəkildə ölümünə gedilməsində məqsəd onun Moskvada yaratmış olduğu tikinti gözəlliyini bir daha başqa ölkə və diyarda təkrarına gedilməməsi ön planda olması ilə bağlı olub. Belə xəbislik, paxıllıq xüsusiyyətlərinə malik Rusiya təbiəti tarixən bütün sahələrdə özünü göstərir. Hamının bildiyi kimi, kosmosun fəth edilməsində azərbaycanlı Kərim Kərimovun uzun illər fəaliyyət dövründə qüsursuz uçuşların təşkilində rolunu necə də unudurlar.

Hər birimiz elə dərk edirik ki, bu gün nə ediriksə, xalq tərəfindən hiss olunmur. Bu heç də düşündüyümüz kimi deyil. Götürək dünya şöhrətli alimimiz Xudu Məmmədovu, Ziya Bünyadovu, yaxud Tofiq İsmayılovu. Onların da ömür yolu memar-inşaatçı Əliş Kərəmlinin taleyi ilə eyniləşdirildi.

Unudulması mümkün olmayan alim və ziyalılarımızın vaxtında qiymətləndirməməyimiz bədnam qonşumuz olan ermənilərin çırağına sanki nöyüt tökməkdir. Əgər ermənilər özlərinin pislərinə pis demirsə, biz nə üçün dünya şöhrətli insanlarımızın cismən məhvinə gedir və ya hörmətdən salırıq?! Gəlin, gec də olsa, bu barədə bir az düşünək….

P.S. İyun ayının 22-də 1371-ci il” içkili bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırmışdır. Bu hadisə Moskva-Smolensk yolunun 9-cu kilometrliyində, indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma-vida məclisi zamanı baş vermişdir. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarın adını yox etmək və Kremli ucaldan sənətkarı tarixdən silmək olmuşdur. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca dəfn edirlər.

Bu ağır itkiyə görə ən çox üzülən böyük knyazın bacısı qızı Anna olur. Onun memara məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməmiş, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanmış və ömrünün sonunacan memarın məzarına qulluq etmişdir.

İnterpress.az