Qarabağ Komitəsi 15 dekabra mitinq təyin edibbackend

Qarabağ Komitəsi 15 dekabra mitinq təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, Qarabağ Komitəsi 15 dekabra yeni Qarabağ mitinqi təyin edib. Mitinqin Bakı şəhərində “Məhsul” stadionunda saat 15.00-17.00-dək “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Qarabağ Komitəsi ilk Qarabağ mitinqini sentyabrın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirib. İkinci mitinqini isə 24 noyabra eyni ünvana təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədi. Qarabağ Komitəsi qarşıdurma yaranmasını istəmədiyini əsas göstərək razılaşdırılmamış mitinqə getməmişdi.

15 dekabra təyin olunan mitinqə BŞİH-nin bu dəfə razılıq verib-verməyəcəyi hələlik bəlli deyil.
Qarabağ Komitəsinin İşçi Qrupunun üzvü, AXP sədri Pənah Hüseyn isə sosial şəbəkə vasitəsilə 15 dekabr mitinqi ilə bağlı noyabrın 29-da çağırış edib. P.Hüseyn bildirib ki, Qarabağ Komitəsi 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib və mitinqə hazırlıq başlanıb: “Mitinqdə nə qədər adamın iştirak edəcəyi həlledici məsələ deyil. Lakin çox mühüm məsələdir. Biz, əlbəttə, dayaq dəstələrimiz, dəstək qruplarımız, təəssübkeşlərimiz vasitəsilə mitinqin təbliğatını aparırıq və aparacağıq. Lakin açığı, ictimai dəstək, ictimai təbliğat, ictimai təşviqat olmazsa, çoxminli mitinq təşkil etmək çətindir. Nəzərə almaq lazımdır ki, bu mitinq vətəndaş, millət, xalq olaraq şərəfimiz olan Qarabağ naminə, işğal olunmuş vətən torpaqlarımız naminə keçirilən mitinqdir, 2-ci Qarabağ mitinqidir. Bizə dostlar da, düşmənlər də baxır. Gərək nail olaq ki, 15 dekabrda 29 sentyabrdakından daha çox olaq.

”Bakıda mitinq keçirməklə Qarabağı azad etmək olarmı\” sualını səsləndirənlər var. Əlbəttə, yalnız Bakıda “Məhsul” stadionunda mitinqlə Qarabağ azad olunmaz. Eyni zamanda xalqın səsi eşidilməsə, xalq səsini ucaltmasa, xalq tələb etməsə, xalqın iradəsi ortada olmazsa da, Qarabağ azad olmayacaq, düşmən və onun havadarları torpaqlarımızın işğalını legitimləşdirmək xəyallarından, planlarından əl çəkməyəcək. Biz 29 sentyabrda Qarabağ məsələsinin uzun illərdən sonra yenidən Azərbaycan cəmiyyətinin 1 nömrəli məsələsi kimi ictimai gündəmə gətirilməsinə nail olduq, bacardıq. İndi iqtidar da, müxalifət də, siyasətə bitərəf insanlarımız da, daxildə də, xaricdə də ən çox Qarabağdan danışır, internet məkanında bizimkilərin ən çox müzakirə etdiyi Qarabağ məsələsidir. Bu, qələbədir. Böyük qələbəni gətirəcək kiçik qələbəmizdir. Bunu 29 sentyabrda mitinqə gələnlər etdi. Ona görə heç kəs “Məhsul” stadionuna mitinqə getdik nə faydası oldu\” deyə düşünməsin, “Bakıda mitinqə getməklə Qarabağı azad etmək olarmı” sualını verməsin. Bu gün Vətən uğrunda mübarizə xətti həm də buradan keçir. Sən burada cəbhəyə gedirsən, əsgərimizin yanında olursan, səngərdə dayanırsan. Sən mitinqdə “Biz ölərik, Qarabağı vermərik” deyə hayqırarkən inan ki, səsini Xankəndində də, İrəvanda da, Moskvada da, Vaşinqtonda da, Parisdə də eşidirlər. Nə qədər ki, bu səs var, biz yaşayırıq, mübarizə aparırıq\”.

Sonda P.Hüseyn hər kəsi Qarabağın azad olunması naminə bir olmağa, güclü olmağa çağırıb.

İnterpress.az