backend

Əli Əmirli: “Adımın çox hallanması həmkarlarımda qıcıq doğurur” – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir k, AzNews.az “Cümlə axşamı” layihəsində Mirmehdi Ağaoğlunun yazıçı-dramaturq Əli Əmirli ilə müsahibəsini təqdim edir.

– Əli müəllim, ötən ay 70 yaşınız tamam oldu. Sizi təbrik edirəm, can sağlığı arzulayıram. Ad gününü necə keçirdiniz, yubileyiniz rəsmi səviyyədə qeyd olundumu?

– Ad günümü çox sadə və adi qaydada keçirdim. Amma yetmiş də yetmişdir, üstündən sükutla keçə bilməzsən. İstəsən də, istəməsən də, təbrik edənlər, yubiley tədbiri keçirmək istəyənlər oldu. Şəxsən mən yubileylə özüm məşğul olmuram, amma ürəyimə yatan təklifi rədd eləmirəm.

– Təklif gəldi?

– Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən mənim yubileyimi keçirmək istədiklərini bildirdilər. Etiraz eləmədim. Maştağada yerləşən Hacıağa Abbasov adına Mədəniyyət mərkəzində fikrimcə, çox səmimi bir mərasim oldu. Yazıçılar Birliyindən də yubiley keçirmək üçün təklif gəlmişdi, doğrusu ikinci bir tədbirə ehtiyac hiss eləmədim.

– Anar müəllim sizi təbrik elədi?

– (Gülür.) Yazıçılar Birliyinin təbriki, bir qayda olaraq “Ədəbiyyat qəzeti”ndə çıxır. Doğrusu, xüsusi maraqlanmamışam, ona görə deyə bilmirəm, təbrik ediblər, ya yox.

– Sizdən fərqli olaraq, Yazıçılar Birliyindən inciyənlər olur ki, təşkilat onları təbrik eləmir, yubiley keçirmir.

– Məni təbrik eləmək heç kəsin vəzifə borcuna daxil deyil. Mənim həyat prinsipim budur ki, heç kəsdən heç nə istəmə və heç kəsdən şikayətlənmə. Əgər bu iki şeyə əməl edə bilirsənsə, sən öz azadlığını və ləyaqətini qoruya bilərsən.

– Bəs, daim belə pozitiv, gülərüz qalmağı nəyə borclusunuz?

– Daxili azadlığıma borcluyam. Adam kimdənsə nəsə istəyəndə qazanmaq əvəzinə itirir, amma bu o demək deyil ki, haqqını tələb etməyəsən. Mənim haqqım nədir, əsərlərimin çap edilməsi, tamaşaya qoyulması. Otuz ildir, mənim dramaturgiyam gündəmdədir, tamaşalarım, demək olar ki, daim anşlaqla keçir, şikayətlənməyə əsas yoxdur. Nəsə çatışmayanda da onu problemə çevirmirəm. Bu da qəlb rahatlığı gətirir. İnsan daxilində komfort yaratmağı bacarırsa, sən deyən kimi, pozitiv olur.

– Bəlkə həyatınız bir o qədər də ağır keçməyib, ona görə küskün deyilsiniz?

– Uşaqlıq və yeniyetməlik dövrümdə daxili sıxıntılarım çox olub. “Ağdamda nəyim qaldı” adlı avtobioqrafrik romanımda bütün bunlar yazılıb. Görünür, bu ağrılardan keçmək lazımmış ki, sonrakı həyatın çətinliklərinə dözə biləsən. Ümumi götürəndə isə problemli adam deyiləm. Əgər insan öz varlığını təsdiq etmək istəyirsə, şübhəsiz ki, müəyyən problemlərdən, çətinliklərdən keçməli olacaq, bunu təbii qəbul etmək lazımdır. Uğur varsa, uğursuzluq da olacaq. Məsələn, hesab edirəm ki, yetmiş yaş ərəfəsində uğurlarım çox olub, bu məni bir qədər narahat edir. Baxmayaraq ki, uğurları da, uğurzsuzluqları da çox sakit qarşılayıram.

– Yəni qəlbinizdə bir buddist rahatlığı var…

– İçimdə bir müsəlman rahatlığı var. Yəni olana şükür eləmək və şübhəsiz ki, daim fəaliyyətdə olmaq. İnsan əməli, ağlı, Allahın verdiyi istedadı ilə öz taleyini yaradır. Əgər bunlara uyğun yaşayırsansa, iddialarınla imkanların üst-üstə düşürsə, problemlərin az olacaq.

– İlk pyesiniz 90-cı ildə səhnələşdirilib. Teatr əsərinizi rahat qəbul eləmişdi, yoxsa maneə yaşamışdınız?

– İlk vaxtlar teatrlar pyeslərimi qəbul etmirdilər, amma yazmaqda inadkardım. 88-cı ildə Mədəniyyət Nazirliyi gənclərin həyatından bəhs edən ən yaxşı pyes müsabiqəsi keçirdi. Bir neçə teatrdan geri qaytarılmış “Ərizə” adlı pyesim həmin müsabiqənin qalibi oldu. Əsər Gənc Tamaşaçılar Teatrına göndərildi və tamaşaya qoyuldu, bəyənildi və yeddi il repertuarda qaldı. Həmin tamaşanın premyerasında iştirak edən Həsənağa Turabov məni Akademik Milli Dram Teatrına dəvət elədi və istədi ki, onlar üçün yazım. Görürsüzmü, səbr etmək və eyni zamanda çətinliyi təbii qəbul eləmək öz bəhrəsini verir. Mən yazıçılar tanıyıram, kimlərinsə onlara mane olmasından bol-bol şikayətlənirlər. Bunu ciddi söhbət hesab etmirəm.

– Belə bir təəssürat var ki, sanki teatrlarla gənc nasirlər arasında divar hörülüb. Teatra müraciət edirsən deyir, pyes əvvəl Mədəniyyət Nazirliyinə təqdim olunmalıdır, nazirliyə müraciət edir, o da deyir son qərarı teatr verir və nəticədə kafkaesk situasiya yaranır.

– Ölkənin teatr həyatına yaxından bələd olan adam kimi deyim ki, təəssürat yanlışdır. Repertuar üçün pyesi teatr seçir, Mədəniyyət Nazirliyi isə illik repertuar planını təsdiq edir. Daim məhsul istehsal edən mədəniyyət müəssisəsi kimi teatra yaxşı pyes hava-su kimi lazımdır, yaxşı əsər varsa, müəllifin yaşının əhəmiyyəti yoxdur. Bəs, yaxşı əsər nədir? Teatr hiss edir ki, bu əsər tamaşaçı gətirə biləcək, gələn tamaşaçı salonda axıra qədər otura biləcək. Heç bir yazıçı gözləməməlidir ki, onu teatra xüsusi dəvət edəcəklər. Təşəbbüs yazıçının özündən gəlməlidir. Pyes teatra səhnəyə hazır vəziyətdə verilməlidir. Ümid etməyək ki, pyesin əyər-əskiyini rejissor düzəldəcək. Rejissor pyes yazmır, hazır pyesi tamaşaya qoyur, o başqa məsələdir ki, məşq prosesində rejissorun istəyi ilə nələrsə dəyişdirilə bilər. Onu da deyim ki, teatrlara məhz yerli müəlliflərin əsərləri daha çox lazımdır, nəinki dünya dramaturqlarının əsərləri.

– Bunun səbəbi nədir?

– Çünki xarici əsərlərdə qoyulan problematika bizim tamaşaçıya o qədər də doğma deyil. “İdeal ər” Oskar Uayldın ən gözəl əsərlərindən biridir. Amma bizdə onun tamaşası çox güman maraq doğurmayacaq, çünki əsərin əsas konfliktini yaradan vəziyyət bizim üçün heç bir cəhətdən aktual və inandırıcı deyil. Bir neçə il əvvəl Mədəniyyət Nazirliyi pyes müsabiqəsi keçirirdi. Mən də münsif idim. Müsabiqəyə göndərilən yazılar içərisində səhnə və dram qayda-qanunlarına cavab verən bir əsərə də rast gəlmədim.

– Yəqin gənclər sizə pyeslərini göndərirlər, oxuyursunuz. Onların əsərlərində nə çatmır?

– Gənclərin pyesində tamaşaçıya ləzzət verəcək ruh yoxdur. Personajları diri, canlı olmur, sevilmirlər. Artıq Pərvinin, Təranə Vahidin, Qan Turalın pyesləri tamaşaya qoyulur, onlardan daha maraqlı, ciddi əsərlər gözləməyə haqqımız var. Mənim ümid elədiyim gənc yazıçılardan biri də Cavid Zeynallıdır. O, teatrı sevir, onu hərtərəfli öyrənir, yazır. Mənə bir neçə pyes göndərib, onlardan biri \”Azərbaycan\” jurnalında da çap olunub. Pyeslə bağlı iradlarımı özünə demişəm. Etiraf edim ki, mən onun yaşında o cür pyes yaza bilməzdim, amma işləmək, yenə də işləmək, çoxlu mütaliə etmək lazımdır. Gənc nəsil bizim kimi yox, fərqli yazılar yazmalıdırlar. Hər bir dramaturq öz teatrını, rejissorunu tapmalıdır.

– Pyes ilk növbədə nə üçün yazılmalıdır: oxunmaq üçün, yoxsa tamaşaya qoyulmaq üçün?

– Pyes, əlbəttə, ilk növbədə tamaşaya qoyulmaq üçündür, amma istisnalar da var. Mən hələ məktəb illərində Azərbaycan dilində olan bütün pyesləri oxumuşdum. Təbii ki, o vaxtlar mən nəinki dramaturq, heç yazıçı olmaq haqqında da düşünmürdüm. Onu da deyim ki, pyes yalnız səhnədə əsil qiymətini alır, səhnə pyes üçün lakmus kağızıdır.

– Bugünkü teatr cəmiyyətin güzgüsü ola bilirmi?

– Bu gün teatr cəmiyyət həyatına güclü təsir etməsə də, onun güzgüsü rolunu oynaya bilər, əgər o həqiqəti təhrif etmirsə, yalan göstərmirsə, haqqın tərəfindədirsə, cəmiyyəti narahat edən, ağrıdan problemləri qabarda bilirsə, həm də bunu yüksək bədii səviyyədə edə bilirsə. Əks halda bütün zəhmətə, xərcə-xəsarətə baxmayaraq, tamaşa ölü doğulacaq.

– Belə çıxır teatr cəmiyyəti əks elətdirmir?

– Teatrımız haqqında ümumiləşdirici obyektiv söz deməkdə bir dramaturq kimi çətinlik çəkirəm, amma onu deyə bilərəm ki, teatr kinomuzdan, musiqimizdən, rəssamlığımızdan geri deyil. İnkişaf səviyyəsinə görə hamısı bir-birinə tən gəlir.

– Bayaqdan dramaturji yaradıcılığınız haqqında danışırq. Halbuki siz yazıçılığa hekayə-povest-romanla gəlmisiniz.

– Mən 20 il nəsr əsərləri yazmışam. İlk hekayəm 1971-ci ildə “Azərbaycan” jurnalında çıxıb.

– Nədənsə Əli Əmirli deyəndə gözümüzün qabağına yalnız dramatruq gəlir.

– Əvvəla, gənc nəsil gözünü açandan məni ancaq dramaturq kimi tanıyıb. Onlar mənim romanlarımı, povestlərimi oxumayıblar. Roman, povest belədir ki, yazılır, çap olunur, oxunur və çox vaxt unudulur, ta yeni əsər yazılana, çap olunana qədər. Pyesin taleyi isə fərqlidir. Misal üçün, “Varlı qadın” ilk dəfə 99-cu ildə səhnələşdirilib, o vaxtdan bu günə kimi iyirmiyə qədər teatrın, o cümlədən xarici ölkə teatrlarının səhnəsində tamaşaya qoyulub, hazırda Şimali Osetiyada hazırlanır. Hər dəfə də informasiya yayılır ki, Əli Əmirlinin əsəri səhnələşdirilir. Adın bu qədər hallanması da mənim yazıçıdan çox dramaturq kimi yadda qalmağıma gətirib çıxarır. Hətta bəzən o qədər çox hallanır ki, sənətə yaxın adamlarda, daha çox həmkarlarda qıcıq doğurur.

– Və deyirlər ki, teatrda monopoliya var. Yalnız bəlli müəlliflərin əsələri oynanılır.

– (Gülür.) Pul olmayan yerdə nə monopoliya?! Teatra əsər lazımdır. Kim hesab edirsə ki, əsəri gözəldir, amma tamaşaya qoyulmur, çap elətdirsin. Tam əminəm, yaxşı əsər mütləq özünə yol açır.

– Monopoliya yoxdursa, zəif əsərlər teatra necə yol tapır?

– Məgər çap olunan bütün romanlar, çəkilən filmlər, oxunan mahnılar güclüdür? Bir də… insan faktorunu unutmayaq. Görürsünüz, zəif əsərin tamaşası ya ölü doğulur, ya da ömrü çox qısa olur.

– Sizcə teatrın inkişafı üçün özəl teatrların olması vacibdir?

– Bizdə mən bilən 6-7 özəl teatr var. Bu, çox yaxşı hal olsa da, fəaliyyəti təəssüf ki, görünmür, heç birinin rezonans doğuran tamaşasını görməmişəm, eşitməmişəm də. Bu teatrlar, bir qayda olaraq, dövlət teatrlarını bərk qınayır, hətta rişxənd eləyir, ortaya isə yönnü bir şey qoya bilmir. Çox istərdim, onlar gündəmə xəstə ajiotaj yaradan tamaşalarla yox, ciddi teatr hadisəsinə çevrilən tamaşalarla gəlsin.

– Məsələn, sizin “Bala – başa bəla” tamaşanız kimi…

– Ta onu mən demirəm (gülür). “Bala – başa bəla” 93 -cü ildə yazdığım \”Bala bəla sözündəndir?\” komediyası əsasında çəkilib. Beş-altı aydı, Gənc Tamaşaçılar teatrında oynanırdı, Şərif Qurbanəliyev tamaşanı görüb, televiziya filmi çəkmək istədiyini bildirdi. Beləliklə, film-tamaşa yarandı. Doğurduğu rezonansdan xəbərlisən. 24 ildir, baxılır.

– Daha o cür tamaşalar olmur?

– Bizdə qəribə paradoks var. Deyirsən, o rezonansdan sonra müəllifə çoxlu təkliflər gəlməlidir. Amma heç bir konkret təklif olmadı. Ona görə deyirəm, bizim reallıqda gənc nasir, lap elə dramaturq, gözləməməlidir ki, onu kimsə teatra, kinoya, televiziyaya çağıracaq, dəvət yollayacaq. Dramaturq olmaq istəyən özü çalışıb-vuruşmalı, teatrlara can atmalıdır. Yaradıcılıqda inadkar olmaq lazımdır. \”Martin İden\”in qəhrəmanını xatırlamaq kifayətdir.

– Otuzdan çox pyes, neçə-neçə roman, hekayə yazmısınız. Bu uzun yaradıcılıq yolunu necə qiymətləndirirsiniz? Özünüzdən razısınızmı?

– Mən “özümdən razıyam” ifadəsini heç cür işlədə bilmərəm. Amma dramaturq taleyimdən narazı deyiləm.

– Bayaq qeyd etdiyimiz kimi yaradıcılığa proza ilə başlamısınız və 20 ildən çox roman, hekayə yazmısınız. Roman, hekayə müəllifi kimi tanınmamağınız sizi məyus etmir?

– Mənim banal bir şüarım var: \”Müştəri\” həmişə haqlıdır.\” Ona görə oxucularımı, tamaşaçılarımı təqsirləndirmirəm. Öz günahım daha çoxdur. Mənim, ümumiyyətlə, nəşr işləri ilə, arxivimlə məşğul olmağa həvəsim yoxdur, tənbəl yazıçıyam. Təsəvvür edin o romanlarım ki, kiril əlifbası ilə çıxıb, mən onları latın yazısına salıb təzələməmişəm. Halbuki “Axirətdən qabaq gəzinti”, “Meydan”, “Ölü doğan şəhər” yenidən nəşr edilsə, xeyli oxucu qazana bilər. Ümumiyyətlə, kitab çapına pul sərf etməyi qəbul etmirəm. Hesab edirəm, nəşriyyat kitabı çap etməli, özü pul qazanmalı, müəllifə qonorar verməlidir. Belə təklif də yoxdur. Mən tərəfdən də təşəbbüs olmayacaq. Mən bu gün yalnız pyeslərimin tamaşaya qoyulmasında təşəbbüs göstərir, iştirak edirəm. O da yalnız Bakı teatrlarında. Xarici ölkə və rayon teatrlarına əsərlərim özləri yol açırlar, burda mənim iştirakım yox dərəcəsindədir. Odur ki məyusluq sindromu yaşamıram. Oxucuların da çox eyninə deyil, mənim romanlarım təzədən çap olunur, ya yox. Mən realist adamam. “Mənim yaradıcılığım kiməsə bərk lazımdır” kimi xudbin xülyalarla yaşamıram. Amma indiki halda bilirəm ki, mənim yaradıcılığım teatrlara, deməli, tamaşaçılara da lazımdır. \”Şah Qacar\”, \”Nuri-didə Ceyhun\” və \”Ah, bu uzun sevda yolu\”nun tamaşaçılar tərəfindən hərarətlə qarşılanması belə deməyə əsas verir.

İnterpress.az