Erməni prezidenti Berlində rüsvay oldu – Sərkisyanın böyük yalanıbackend

Erməni prezidenti Berlində rüsvay oldu – Sərkisyanın böyük yalanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda növbədənkənar parlament seçkilərində təbliğat kampaniyası yavaş-yavaş kulminasiya nöqtəsinə yaxınlaşır. Rəqib siyasi qüvvələrin bir-birinə qarşı ağır ittihamları son günlər xeyli artıb. Əsas mövzular da Qarabağ, ölkənin iqtisadi inkişafı, işsizliyin azaldılması ilə bağlı məsələlərdir. Ancaq diqqətçəkicidir ki, onların heç birinin – nə köhnə hakimiyyətləri təmsil edənlərin, nə də Nikol Paşinyanın özü və blok üzvlərinin Ermənistanın sosial-iqtisadi böhrandan çıxması üçün real proqramı yoxdur.

Onların hamısı əhaliyə populist və gerçəklikdən uzaq vədlər verməkdədir. İnsafən, hakimiyyətdə ən az müddət olduğu üçün Paşinyanın vədləri daha şirin və cəlbedici görünür. Ancaq o da faktdır ki, 7 aylıq baş nazirliyi dönəmində o, əhalinin güzəranında, makroiqtisadi göstəricilərdə yaxşıya doğru ciddi heç bir dəyişikliyə nail ola bilməyib. Əhalinin durumu ağır olaraq qalır, ölkədən kütləvi köç davam edir. Çünki Paşinyan da problemlərə hələ ki sistemli yanaşma sərgiləyə bilmir.

Sistemli yanaşma isə ilk növbədə özündə Qarabağ probleminin həllini, sərhədlərin açılması və qonşularla iqtisadi-ticari əlaqələrin normala salınmasını ehtiva etməlidir. Bunlar da ki, yoxdur. Deməli, seçkilərdən sonra da Ermənistanın ağır durumu davam edəcək.

Mövcud reallıqlar fonunda, daha dəqiqi, səbəbləri qoyub nəticələrlə mübarizə aparıldığı bir vaxtda işğalçı ölkənin regiona ölkələri ilə, Qərblə inteqrasiyasından danışmağa dəymir. Bu yöndə inadlı səylər də orta və uzaq perspektiv üçün uğursuzluğa məhkumdur.

Məsələn, “Biz\” blokunun seçkiqabağı siyahısına rəhbərlik edən “Respublika” Partiyasının başçısı, Ermənistanın keçmiş baş naziri Aram Sərkisyan seçkiöncəsi təşviqat çərçivəsində Gümrüdə deyib ki, Ermənistan Qərb strukturları, o cümlədən NATO ilə münasibətlərini dərinləşdirməlidir (Virtualaz.org).

“Biz xarici siyasi münasibətlərimizi diversifikasiya etməli, NATO ilə əməkdaşlığı dərinləşdirməliyik. Azərbaycanın pilotsuz uçuş aparatlarını vurmaq üçün yalnız NATO ölkələrində olan biliklərə yiyələnmək lazımdır”, – deyə o bildirib və əlavə edib ki, Ermənistan əvvəlki xarici siyasət kursunu davam etdirərsə, o zaman Putinə məktub yazıb Ermənistanı Rusiyanın vilayətlərindən birinə çevirməyi xahiş etmək olar.

Lakin Sərkisyan Rusiyanın qəzəbinə tuş gəlmədən NATO ilə necə yaxınlaşmağın, xarici siyasət kursunu necə dəyişdirməyin yolunu izah etməyib. Edə bilməz də. Çünki Qarabağ məsələsi, işğal reallığı var. Ermənistanın isə bütün iqtidarları, belə görünür, Qərbə Azərbaycan əraziləri ilə birgə inteqrasiya eləməyə ümidlidir. Bu isə istisnadır – erməni siyasiləri bu perspektivsizliyi yaxına buraxmasalar belə.

Başqa sözlə, xarici siyasət daxili siyasətin davamı olduğu üçün, Ermənistan öncə regiondakı yerini dəqiqləşdirməli, ardınca isə Qərblə, NATO ilə, Avropa ilə münasibətlərin dərinləşməsi barədə düşünməlidir…

Bu xüsusda Ermənistan prezidenti Armen Sərkisyanın Almaniyaya davam edən səfərinin də erməni xalqına heç bir faydası ola bilməz. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, səfər zamanı Sərkisyan Almaniyanın federal kansleri Angela Merkellə, Almaniya prezidenti və alman iş adamları ilə görüşüb.

Onun sözlərinə görə, iki ölkə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək potensialına malikdir. “Bizim ölkə müxtəlif ortaq layihələr üçün platforma ola bilər” – Sərkisyan Merkelə deyib. Eyni zamanda alman iş adamlarını Ermənistana dəvət edib, onları daha fəal olmağa səsləyib.

Sərkisyanın ən ekzotik ifadəsi isə yəqin ki, budur: “Ermənistan min illərdir sivilizasiyaların yol ayrıcında yerləşir. Bu yolayrıcı bu gün körpü rolu oynaya bilər. Nədən ki, hazırda Ermənistan yeganə ölkədir ki, həm Avrasiya İqtisadi Birliyində təmsil olunur və 200 milyonluq bir bazara çıxışı var, həm də Avropa Birliyi ilə dərin tərəfdaşlıq sazişi imzalayıb. Və biz Avropa ilə əlaqələrimizi dərinləşdirmək istəyirik. Yəni Ermənistan yeganə ölkədir ki, həm Şərq, həm də Qərblə geniş əlaqələrə malikdir. Bizim ölkəmiz özünə doğru yer seçib”.

Erməni mediası yazır ki, Sərkisyan ardınca alman iş adamlarına “Ermənistan iqtisadiyyatının prioritet istiqamətləri, investisiya cəlbediciliyi və işgüzar mühiti, habelə biznesdə rəqabət üstünlüyü” barədə ətraflı məlumat təqdim edib…

*****

Armen Sərkisyan təbii ki, yalan danışır. 30 ildir özünün işğalçılıq siyasətinin girovu olan, iki ən böyük qonşusu – Azərbaycan və Türkiyə tərəfindən izolyasiyada saxlanılan, dünya okeanına çıxışdan məhrum Ermənistanın, üstəgəl, Rusiyanın marioneti olan bir simvolik dövlətin nə Şərqlə, nə də ələlxüsus Qərblə güclü əlaqələri mümkün deyil, ola bilməz. Regionla, dünya ilə geniş əlaqələrə malik olmaq üçün ilk növbədə qonşularla münasibətlər qaydasında, sərhədlər isə açıq olmalı, kommunikasiyalar, ərazidən keçən iri nəqliyyat arteriyaları, iqtisadiyyat üçün digər mühüm arteriyalar işlək vəziyyətdə çalışmalıdır.

Ermənistan bunların heç birinə malik deyil. Üstəlik, o, Azərbaycanla müharibə vəziyyətindədir. Rusiyadan vassal asılılığı da nəzərə alınarsa, bütün bunlar Qərbin böyük sərmayələrinin ölkəyə cəlb olunmasını mümkünsüz edir. Armen Sərkisyan isə sanki bu reallıqları görməzlikdən gələrək, öz qəpiyinin belə qədrini bilən, tükü tükdən seçən alman iş adamlarını “demokratik Ermənistan”da iş qurmağa çağırır, tər-təmiz blef edir.

Təsadüfi deyil ki, erməni prezidenti öz çağırışlarına qarşı tərəfdən nə müsbət cavab ala bilib, nə də pozitiv vəd. Çünki Qərbdən heç kəs işğalçı ölkəyə “xilas kəməri” atmayacaq – ta ki, Azərbaycanla böyük sülh anlaşması əldə olunana kimi. Bu mənada Ermənistan doğrudan da yol ayrıcındadır…

İnterpress.az (MUSAVAT)