Baxımsız vəziyyətə düşən Salyan-Şirvan yolu müharibə meydanını xatırladır – Sakinlər Prezidentə ŞİKAYƏT ETDİbackend

Baxımsız vəziyyətə düşən Salyan-Şirvan yolu müharibə meydanını xatırladır – Sakinlər Prezidentə ŞİKAYƏT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Demokrat.Az-a istinadən xəbər verir ki, bir müddətdir təmir olunmayan magistral yolda avtomobillərin gediş-gəlişində problemlər yaranır.

Belə ki, yolun Kərimbəyli kəndi ərazisindən başlayan hissəsinin asfalt örtüyü tam sıradan çıxdığından nəqliyyat vasitələri burada çətinliklə hərəkət edirlər. Bu isə öz növbəsində xoşagəlməz halların ortaya çıxmasına, yubanmalara: sərnişin və yük daşımalarının ləngiməsinə, habelə yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur.
Məsələ burasındadır ki, yolun acınacaqlı durumda olması səbəbindən sürücülər avtomobillə hərəkətdə olarkən tez-tez nəqliyyat vasitəsinin yolunu dəyişməsinə, qarşıdan gələn avtomobilin yoluna çıxmağa məcbur olurlar. Bu isə öz növbəsində qəza təhlükələri yaradır.

Sakinlərin sözlərinə görə, yolun sıradan çıxmasına səbəb uzun illərdən bəri təmir edilməməsi və həmin ərazidən ağır tonnajlı yük avtomobillərinin intensiv istifadə etmələridir.

\”Ötən il ərazidə yolun təmiri işləri görülsə də, ancaq bir müddətdən sonra işlər yenə də yarımçıq saxlanılıb. Təmir-bərpa işləri dayandırıldığı üçün yolun son illərdə təmir edilən hissəsi də sıradan çıxmaq üzrədir. Baxmayaraq ki, son illər dövlət büdcəsindən yolun təmir edilməsi üçün bir neçə dəfə milyonlarla vəsait ayrılsa da, amma işlər bir müddətdən sonra saxlanılır. Görünür, icra başçıları bu yolun tezliklə salınmasında maraqlı deyillər. İndiyədək dövlət büdcəsindən bu yolun təmiri üçün dəfələrlə vəsait ayrılıb, üç icra başçısı dəyişib, amma 31 kilometrlik yolun təmiri işi on illərdir ki, bitmək bilmir. Sanki icra başçıları bu yola qazanc yeri kimi baxırlar\”, – deyə sakinlər bildiriblər.

Rayon sakinləri deyir ki, müvafiq qurumun rəsmiləri Salyan-Şirvan yolunun təmirinin yekunlaşmasına maraq göstərmirlər:

\”Hər dəfə cənab Prezident gəlib buradan keçəndə tələsik gətirib yolu yamayırlar, sonra da icra başçısı Prezidenti aldadıb deyir ki, yol tezliklə yekunlaşacaq. Amma on illərdir ki, yekunlaşmaq bilmir. Cənab Prezidenti də, camaatı da aldadırlar. Nəticədə isə biz insanlar əziyyət çəkirik. Uşaqlar məktəbə gedib-gəlməkdə çətinliklər yaşayır, avtomobillər tez sıradan çıxır. Biz buradan cənab Prezidentimiz İlham Əliyevə və hörmətli Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik ki, Salyan-Şirvan yolunun təmir edilməsi üçün lazımı tapşırıqlar verilsin, görülən işlərə şəxsən nəzarət etsinlər. Çünki məmurlar camaatı aldadır, iş görmürlər\”.

Sakinlərin şikayətilə bağlı Salyan Rayon İcra Hakimiyyətinin telefon nömrələri ilə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmayıb.

Qeyd edək ki, Azərbaycanın cənub bölgəsi ilə ölkənin qərb hissəsini birləşdirən avtomobil yolunun bir hissəsi – hər gün minlərlə sərnişinin istifadə etdiyi 31 km uzunluğundakı Şirvan-Salyan yolu istismar müddətini bir neçə onillikdir başa vursa da əsaslı təmir olunmaması ucbatından tamamilə yararsız, bərbad hala düşmüşdü. Bu yolun 8 kilometrlik hissəsi Şirvan Rayon İcra Hakimiyyətinin, 23 kilometri isə Nəqliyyat Nazirliyinin balansındadır.

Hələ 2013-cü ildə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Prezidentin Ehtiyat Fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdı ki, Şirvan-Salyan yolunun tikintisinə başlansın. İşlər başlandıqdan sonra isə bu məqsədlə daha 3 milyon manat vəsait ayrılmışdı. Təmir işləri də başlamışdı.
Amma yolda tikinti işləri bir müddət sonra müəmmalı şəkildə dayandırılmışdı. Bu fasilə yenə də davam edir.

İnterpress.az