Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıbbackend

Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

90-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, xüsusilə də Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Eyni zamanda Azərbaycan dövləti ölkədə mövcud olan çoxmillətliliyi, çoxkonfessiyalılığı qorumağı öz siyasətinin tərkib hissəsinə çevirdi və onların hüquqlarının qorunması istiqamətində mühüm addımlar atdı. Bu gün dövlətimiz dini və milli azlıqların hüquqlarının qorunması ilə bağlı tək hüquqi-normativ sənədlər qəbul etməklə kifayətlənmir, həmçinin bu istiqamətdə digər mühüm işlər də görür. Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərdən biri ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması və bunu təşviq etməkdir. Çünki tolerantlıq, multikulturalizm artıq Azərbaycanın simasına çevrilib… Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Tolerantlıq, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib”. Bu humanist dəyərlərin cəmiyyətimizdə həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir.
Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan dünyada mövcud olan nümunəvi tolerant ölkələrdən biri, bəlkə də birincisidir. Ölkəmizdə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi isə Azərbaycanı dünyada multikulturalizmin mərkəzlərindən birinə çevirib.

Sumqayıt Yəhudiləri Dini İcmasının təsisçisi Nəsimi Əbilovla söhbətimizdə bildirdi ki, Azərbaycanda yaşayan yəhudilər Avropada yaşayan yəhudilərdən daha xoşbəxtdirlər: “Bunun bir sıra özəl səbəbləri var. Təəssüf ki, bir neçə ildir ki, Avropada antisemitizm dalğası güclənir. Hətta artıq bəzi aparıcı Avropa ölkələrinin rəhbərləri səviyyəsində fikirlər eşidirik ki, ölkələri multikulturalizmdən imtina edir… Əslində, Avropada antisemitizm həmişə olub, bu qitədə yəhudilərə qarşı fobiya dalğası bu gün də var. Amma Azərbaycan sanki bu mövzuda cənnəti xatırladır. Yəni Avropadan fərqli olaraq bu ölkədə antisemitizm heç vaxt olmayıb, üstəgəl ilbəil tolerantlıq daha da güclənir. Mən ayrı-ayrı ölkələrdən olan yəhudi qardaşlarımızla söhbətimizdə bu amili xüsusi vurğulayıram ki, Azərbaycanda antisemitizm meyillərinə rast gələ bilməzsiniz. Bu yaxınlarda məşhur CNN-in hesabatında da vurğulandı ki, avropalıların 44 faizi antisemitizm dalğasının gücləndiyi qənaətindədir, onların daha az hissəsi – 18 faizi isə bunun səbəbinin yəhudilərin gündəlik davranışı ilə bağlı olduğunu düşünür. Yəni, doğrudan da, Avropa elə bir istiqamətə gedir ki, bu təhlükəli nüanslardır. Azərbaycanda isə kiməsə desən ki, “yəhudilərlə birgə yaşamaq istəmirəm”, səni cəmiyyətdə qınaq obyektinə çevirərlər. Bu gün tolerantlıq adasını xatırladan Azərbaycanda yəhudilərin, nəinki yəhudilər, bütün xalqların nümayəndələri sərbəst şəkildə yaşayıb, fəaliyyət göstərə bilirlər. Görünür, bu səbəbdəndir ki, qədirbilən yəhudi xalqı da bu yüksək mənəvi keyfiyyəti dəyərləndirir, edilən yaxşılıqları unutmur və İsrail də Azərbaycana özünün ən yaxın müttəfiqlərindən biri, qardaş ölkə kimi baxır. Hər zaman bu fikri xüsusi olaraq qeyd etmişəm ki, Azərbaycanın etnik tərkibinin rəngarəngliyi ölkəmizin zənginliyindən xəbər verir”.
Nəsimi Əbilov deyir ki, Azərbaycanda yaranan bu ürəkaçan mənzərə müxtəlif dini icmaların aktiv fəaliyyətinə də təsir edir. O, ölkəmizdə dindən siyasi məqsədlər üçün istifadə edilməməsini də xüsusi olaraq vurğuladı: “Son illər Yaxın Şərqdə baş verən hadisələr göstərdi ki, dindən siyasi məqsəd üçün istifadə edildikdə bu hansı fəsadlara yol açır. Belə bir şəraitdə dini dözümlülüyün qorunması və dindən siyasi məqsədlər üçün istifadənin qarşısının alınması üçün düzgün dini maarifləndirmənin aparılması böyük əhəmiyyət daşıyır. Bu baxımdan, ölkədə mövcud olan dözümlülük mühitinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirmə işinə daha çox diqqət yetirməsini də təqdir etmək lazımdır.
Qısası, fəxr olunası haldır ki, ölkəmiz tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir, müxtəlif dini icmalara göstərilən diqqət və qayğı isə Azərbaycan dövlətinin nümunəvi siyasəti kimi dəyərləndirilməlidir. Elə təkcə bir məqamı xüsusi olaraq qeyd edək ki, icmalara mütəmadi maddi vəsaitlərin ayrılmasını ölkəmizdəki tolerant mühitin, dinə dövlət qayğısının bariz nümunəsidir”.

“İcmalar Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak
edirlər”

Siyasi şərhçilər də dini və milli tolerantlığın qorunub saxlanması və təşviq edilməsinin təkcə cəmiyyətimiz üçün deyil, elə dövlətin sütunlarının daha da möhkəmlənməsi üçün də vacib olduğunu düşünürlər. Siyasi şərhçi Ramiz Alıyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin bir çox inkişaf etmiş ölkələrə nümunə olduğu qənaətindədir: “Bu gün ölkəmizdə nümunəvi dövlət-din münasibətləri var. Yəni təkcə cəmiyyətimiz dini tolerantlıq, multikultural dəyərləri ortaya qoymur, dövlət də bu istiqamətdə xeyli işlər görür. Digər tərəfdən bu da müsbət haldır ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı tolerant münasibət qarşılıqlı hörmətə və əməkdaşlığa, bir-birini dəstəkləmək prinsipinə əsaslanır. Bütün bunların əsrlərə söykənən bir tarixi var. Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əksər ölkələrin rəhbərləri, din xadimləri tərəfindən xüsusi olaraq qeyd edilir”.
Politoloq Ramiz Alıyev deyir ki, dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycan hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib: “Ölkəmiz bu istiqamətdə müxtəlif konfrans və
forumlara ev sahibliyi edir. Təbii ki, mötəbər tədbirlərin baş tutduğu bir ölkədə multikulturalizm, tolerantlıqla bağlı real durumun necə olmasını görmək üçün qonaqlara, dünyanın hər yerindən gələn müxtəlif millətlərin, dinlərin nümayəndələrinə ideal şərait də yaradılır. Ümumiyyətlə Azərbaycan dövlətinin din, tolerant mühitin qorunub saxlanması istiqamətində sərgilədiyi siyasət, yaratdığı şərait, imkanlar bir sıra inkişaf etmiş ölkələr üçün nümunə ola bilər. Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqların deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst fəaliyyət göstərirlər, eyni zamanda yəhudi icmalarının Azərbaycandakı fəaliyyəti də çox aktivdir. Təsadüfi deyil ki, ölkəmizdə 21-i xristian, 8-i yəhudi, 1-i krişna və 2-si bəhai olmaqla 32 qeyri-müsəlman dini icması dövlət qeydiyyatına alınıb və bu
icmaların Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak edirlər. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının göstəricilərindən danışarkən dini etiqad azadlığının təmin edilməsini, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasını, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin, o cümlədən maliyyə dəstəyinin göstərilməsini, həmçinin Azərbaycanda dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulmasını da qeyd etmək lazımdır.
Əsrlər boyu ayrı-ayrı millətlərin nümayəndələri Azərbaycanda müxtəlif dövrlərdə dini ayrı-seçkiliyə məruz qalmayıb, sülh şəraitində yaşayıblar. Bu bir reallıqdır ki, daim ölkəmizdə müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün daim lazımi şərait yaradılıb. Cəmiyyətimizdə başqa millətlərə, dinlərə qarşı aqressiv münasibət sərgilənməməsi məsələsinə gəldikdə isə, qeyri-sabit regionda yaşamasına baxmayaraq, Azərbaycanda sözügedən aqressiyanın, antisemitizmin mövcud olmamasının dərin səbəbləri var. Tolerantlıq Azərbaycan xalqının xarakterik xüsusiyyətidir”.
Doğrudan da, dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycan bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqlənir. Bu gün Azərbaycan həm də qədim mədəniyyət beşiyi kimi tanınır. Min ildən artıqdır ki, ölkəmiz etnik və dini müxtəliflik baxımından fərqlənir, bu torpaqlarda müxtəlif millət və din nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayır, öz mədəniyyətlərini əsrlər boyu qoruyub saxlayırlar. Bunu başqa ölkələrdə az hallarda müşahidə etmək olar. Son illər dünyamız qaynayan qazana bənzəyir ki, hələ də ayrı-ayrı ölkələrdə dini, milli zəmində yüzlərlə münaqişələrin azalmaq əvəzinə, çoxalmasını müşahidə edirik. Belə bir dünyanın bir hissəsi olan Azərbaycanda bu neqativ proseslərin əksinə addımların atılması bizi qürurlandırmaya bilməz. Həqiqətən də, Azərbaycandakı tolerant mühitdən, multikulturalizmdən ağızdolusu danışmaq olar, qədim tarixə malik tolerantlıq ənənələrini, ölkəmizdə müsəlman, xristian və yəhudilər arasında dinlərarası harmoniyanı və onların sülh şəraitində birgəyaşayışını digər xalqların nümayəndələrinin də dilindən eşitmək olar. Bu dəyərimizi, yaşam tərzimizi, mədəniyyətimizi bütün dünya yüksək qiymətləndirir. Sivilizasiya, mədəniyyət və dinlərin qovuşduğu bir ölkə kimi tanınan Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətin daim diqqətində qalır və qalacaq da…
Qısası, bu gün Azərbaycan dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirir və bu modelin kökündə dini azadlıqların təmin edilməsi dayanır.

İnterpress.az( palitra)