“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edirbackend

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri İranın Büdcə Planlaşdırılması Təşkilatının sədri Məhəmməd Bağır Nobəhdi deyib.

Onun sözlərinə görə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Dəhlizin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsinin inşası üçün büdcədən 952 milyon dollar vəsait xərclənib. Bu yolun İranın Xəzər dənizi sahilindəki Ənzəli şəhərindən keçməsi Gilən vilayətinin ixrac potensialını artıracaq. Məlumdur ki, sitrus meyvələri, düyüsü və dəniz məhsulları ilə zəngin olan Gilan vilayəti istehsal etdiyi məhsulları Rusiya, Ukrayna və Gürcüstana ixrac edir. Hələlik ixrac əməliyyatları irihəcmli yükdaşıyan avtomobillər ilə həyata keçirilir. Ənzəlinin liman şəhəri olmasını nəzərə alsaq gözləmək olar ki, Gilan vilayəti təkcə öz istehsal etdiyi məhsulları deyil, həm də tranzit yükləri qəbul edib yola salmaq imkanı əldə edəcək. Bu isə yüklərin həcminin 10 dəfə artacağından xəbər verir. Təsadüfi deyil ki, M.B.Nobəhdi Qəzvin-Rəşt-Astara dəmir yolu ilə ildə 10 milyon ton yükün daşınacağını bildirib.

Lakin Qəzvin-Rəşt-Astara dəmir yolu istismara verildikdən sonra qatarla daha çox məhsulu və daha sürətlə mənzil başına çatdırmaq olacaq. Əlbəttə yüklərin daşınması Azərbaycan ərazisindən həyata keçiriləcək və bu da ölkəmizin tranzit mərkəzinə çevrilməsi üçün böyük töhfə verəcək.

Qeyd etmək lazımdır ki, Hindistandan Fars körfəzinə oradan Azərbaycana daha sonra isə Rusiya və Avropaya qədər uzanacaq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Mərkəzi Asiya respublikaları da faydalanacaq. İstər İrandan istərsə də Cənub-Şərqi Asiya ölkələrindən Mərkəzi Asiyaya və əks istiqamətə daşınacaq yüklər də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə həyata keçiriləcək. Bu istiqamətdə də Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin rolu böyükdür.

Hələlik yolun Qəzvin-Rəşt hissəsi inşa edilib yekunlaşıb. Yolun Rəşt-Astara hissəsində isə tikinti işləri davam edir.

İnterpress.az (Azertac)