Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Millət vəkili: Ermənistan hər dəfə Azərbaycanın yeni diplomatik həmlələri ilə təkrar autsayder vəziyyətinə salınır

Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya işğalçı Ermənistanı daima küncə sıxışdırmaqla işğal faktına mümkün qədər tez son qoymağa hesablanıb və mütləq konkret nəticələrə gətirib çıxaracaq. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Dərc edilib: 8 dekabr 2018 [17:00]
Baxış sayı: 3602

H.Babaoğlunun sözlərinə görə, məsələ ondadır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğunu önə çəkməklə bu müttəfiqlikdən işğal etdiyi Azərbaycan torpaqlarını daima nəzarət altında saxlamaq üçün vasitə kimi istifadə etməyə çalışır. Bu kontekstdə MDB məkanında mövcud olan mümkün hərbi-siyasi resursları da öz lehinə çevirməyə cəhd edir:

"Ancaq Ermənistan istisna olmaqla, istər MDB, istərsə də eyni zamanda KTMT-yə üzv ölkələrin hər biri ilə rəsmi Bakı elə səviyyədə münasibətlər qurmağa nail olub ki, bu regional təşkilatlarda mövcud olan bütün hərbi-siyasi resurslar və siyasi-iqtisadi dəstək daha çox Azərbaycan üçün əlçatandır. Belə vəziyyət isə Ermənistanı ciddi şəkildə narahat edir. Strateji balansı öz lehinə dəyişmək istəyən Ermənistan hər dəfə Azərbaycanın yeni diplomatik həmlələri ilə təkrar autsayder vəziyyətinə salınır ki, son dövrlərdə müşahidə etdiyimiz mənzərə də bunu bir daha təsdiq edir”.

Deputat qeyd edib ki, dekabrın 6-da Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında işğalçı ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın istər sözün hərfi mənasında sırf vizual baxımdan, istərsə də diplomatik baxımdan bir daha belə vəziyyətə düşməsi Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü diplomatik gedişlərin nəticəsidir:

“Hətta iş o yerə gəlib çatıb ki, bir zamanlar rəsmi Yerevanın Azərbaycana qarşı təhdid vasitəsi kimi istifadə etməyə çalışdığı KTMT-yə baş katib seçilməsi məsələsi Ermənistanla deyil, bu və ya digər formada Azərbaycanla müzakirə edilir. Görünən odur ki, Ermənistan üzvü olduğu hərbi-siyasi təşkilatda təcrid vəziyyətinə düşüb. Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən KTMT-yə baş katibin kim olması məsələsi həll ediləcək. Yəni Ermənistanın baş katib vəzifəsini özündə saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə Ermənistanın siyasətinin və diplomatiyasının növbəti məğlubiyyətidir”.

Millət vəkilinin fikrincə, şübhəsiz ki, işğalçı dövlət olan Ermənistanın istənilən sahədəki məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər:

“Bütün bunlara baxmayaraq, tədbir çərçivəsində problemin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu bir daha nümayiş etdirən Prezident İlham Əliyevin Paşinyanla söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, girovlar “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməli, Dilqəm Əsgərov və Şahbaz Quliyev də onların arasında yer almalıdır".

H.Babaoğlu əlavə edib ki, humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər: "ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ancaq təəssüf ki, işğalçı ölkənin baş naziri vəzifəsini icra edən Paşinyan ölkəsinə qayıtdıqdan sonra yenə qeyri-ciddi fikirlər səsləndirməklə hərbi siyasi reallığı obyektiv qiymətləndirmək bacarığından uzaq olduğunu göstərdi. Hərbi-siyasi reallıq isə ondan ibarətdir ki, Azərbaycan regionun güc mərkəzidir və bu ölkənin ordusu Aprel döyüşləri kimi əməliyyatları daha geniş miqyasda həyata keçirməyə qadirdir. Ona görə də işğalçı ölkə öz davranışlarında yuxarıda sadaladıqlarımızla bərabər bütün bunları nəzərə almalı, işğal faktının aradan qaldırılması üçün real addımlar atmalıdır”.

Interpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 47