İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti hesabına sahibkarlara 17 mln. manat kredit verilibbackend

İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti hesabına sahibkarlara 17 mln. manat kredit verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın Fonda istinadən verdiyi xəbərə görə, hazırda sahibkarların zəmanət və subsidiya alınması ilə bağlı müvəkkil banklara müraciətlərində dinamik artım müşahidə edilir.

Hazırda Fond tərəfindən sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi, kredit almaq istəyən şəxslər üçün bərabər şəraitin yaradılması, müraciətlərə baxılması zamanı şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi yaradılır. Elektron sistemin növbəti ilin ikinci rübündə istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 dekabr 2017-ci il tarixli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərək “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” (bundan sonra – Fond) qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. Eyni Fərmanla Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsini tənzimləyən qaydalar da təsdiq edilib.

Mövcud Qaydalara əsasən zəmanət veriləcək kreditlərin məbləği 30 min manatdan başlayaraq 5 mln. manata qədər, bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə isə 10 mln. manata qədər təşkil edir. Eyni zamanda, zəmanət verilmiş kreditlərin müddətindən asılı olaraq Fond tərəfindən 8-10% illik faiz subsidiyası ödənilir.

Ötən dövr ərzində Fondun zəmanət və subsidiya mexanizminin tətbiqi üzrə bütün normativ-hüquqi bazası yaradılıb, təşkilati və struktur məsələləri həll edilib və 13 bank müvəkkil qismində əməkdaşlığa cəlb olunub.

Beynəlxalq təcrübə göstərir ki, kredit zəmanət sxemləri kiçik və orta biznes sahəsində maliyyələşdirməni asanlaşdırır və kredit risklərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu baxımdan zəmanət mexanizmləri uğurla tətbiq olunan dövlətlərin təcrübələri araşdırılır və əməkdaşlığın qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Interpress.az