Azərbaycanda aqrar sığorta ilə bağlı yeni qanun layihəsi və Türkiyə təcrübəsi…backend

Azərbaycanda aqrar sığorta ilə bağlı yeni qanun layihəsi və Türkiyə təcrübəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aqrar sığorta ilə bağlı yeni qanun layihəsi hazırlanır”. Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov bir neçə gün əvvəl keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda deyib. O qeyd edib ki, aqrar sığorta sahəsində Türkiyənin təcrübəsini nəzərdən keçirdik. Hazırda Türkiyə və digər dövlətlərin təcrübəsini nəzərə almaqla aqrar sığortaya dair yeni qanun layihəsi hazırlanır. Nazir bildirib ki, Türkiyə ilə əməkdaşlıq üçün bir sıra prioritet istiqamətlər müəyyən edilib.

Ekspertlər də kənd təsərrüfatı sahəsinin inkişafı üçün bu sahədə yeni qanunun hazırlanmasının vacib olduğunu düşünürlər. Onların fikrincə, qeyd olunan sahənin inkişafı üçün ilk növbədə aqrar sığorta haqqında qanun qəbul olunmalıdır. Aqrar sahədə sığorta qanun çərçivəsində tətbiq olunarsa, bu sahədə vəziyyət müsbətə doğru dəyişər.

Interpress.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatının əsas problemlərindən biri aqrar sığortanın zəif tətbiq olunmasıdır: “Kənd təsərrüfatı sahəsində çalışan işçilər min bir əziyyətlə yetişdirdiyi məhsullardan bəzən müəyyən səbəblərə görə fayda götürə bilmirlər. Bunu qarşılamaq üçün ən uyğun variant aqro sığortadır. Aqrar sığorta ilə bağlı bir çox ölkənin təcrübəsindən yararlanmaq olar. Zənnimcə, Türkiyə təcrübəsi daha uyğundur. Türkiyə ilə yanaşı, Şərqi Avropa ölkələrinin təcrübəsindən də istifadə etmək olar. Onu da bildirim ki, hər hansı bir ölkənin təcrübəsini öyrənməzdən öncə iqlim şəraitini də nəzərə almaq lazımdır”.

Həmsöhbətimiz hesab edir ki, kənd təsərrüfatı sahəsinin inkişafı üçün bölgələrdə aqrar sektor inkişaf etməlidir. “Aqrar sığorta” haqqında qanun hazırlandıqdan sonra onun yerlərdə icrası və tətbiqi səmərəli şəkildə həyata keçirilərsə, bu, fermerlər üçün böyük bir təşviq vasitəsi olacaq: “Belə olarsa, insanlar daha güvəndə olacaq. Çünki onlar hər hansı bir fövqəladə hadisə zamanı təşviş keçirməyəcəklər. Məlum aqrar sığorta onlara dəymiş ziyanı kompensasiya edəcək.

Ekspertin sözlərinə görə, aqrar sahənin inkişafı üçün fermerlər arasında maarifləndirmə aparılmalıdır. Bu, xüsusi broşur formasında fermerlərə paylana bilər və ya bölgələrdə onlara təlim keçilə bilər. Fermerlər nə qədər çox məlumatlı olarsa, kənd təsərrüfatında qısa müddətdə nailiyyət əldə etmək olar.

Q.Bayramlı hesab edir ki, aqrar sahənin inkişafı şəhərdən kənd yerlərinə dönüş üçün önəmli vasitə ola bilər.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatında sığorta sisteminin işləməməsi regionlarda istehsalçıların iqtisadi aktivliyinə ciddi zərbə vurur. Bu, fermerlər arasında psixoloji inamsızlıq sindromunu getdikcə dərinləşdirir: “Kənd yerlərində yaşayan əhalinin əli iş-gücdən soyuyur, urbanizasiya prosesi güclənir, nəticədə idxala daha çox pul xərcləyirik. Azərbaycan kosmos dövlətinə çevrilmək iddiasında olsa da, potensial olaraq ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır, on milyon nəfərə çatan əhalimizin 47 faizi kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür. Məlumat üçün bildirim ki, 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır. Bunun qarşılığında ÜDM-in cəmi 5,6 faizi aqrar sektorda formalaşır ki, bu çox kiçik göstəricidir. Ölkənin illik idxal-ixrac prosesinin müqayisəsi deyir ki, ortada 150 milyon manatlıq bir fərq var, yəni kənd təsərrüfatı məhsulları ixrac etməyimizə baxmayaraq, ildən-ilə idxala daha çox pul göndəririk, nominal baxımından milli iqtisadiyyatımızın xaricdən asılılığı güclənir”.

Həmsöhbətimizin sözlərinə görə, aqrar sığorta bazarında da vəziyyət acınacaqlıdır. Bu sahəni tənzimləyən qanun mövcuddur, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə strateji yol xəritəsində əksini tapır ki, kənd təsərrüfatı sahəsində maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var: “İlk növbədə aqrar sığorta fondu formalaşdırılaraq bazara təqdim olunmalıdır, ikincisi, bu sahəyə investisiya qoyuluşlarının təşviqi təmin olunmalıdır. Lakin sığorta sisteminin işləməməsi, kənd təsərrüfatında mənfəətin aşağı olması investisiya cəlbediciliyini heçə endirir. Üstəgəl, əkinçilərimizin sığorta sisteminə inamı yoxdur, o inam yaradılmalı, artmalıdır. Müasir iqtisadi münasibətlərdə sığorta mədəniyyətdir, onsuz bazar iştirakçıları inamlı addım atmayacaqlar. Rəqəmlər də bunu deyir: ölkənin sığorta bazarında fəaliyyət göstərən 18 şirkətdən cəmi dördü sığorta məhsullarının satışı ilə məşğuldur. 2018-ci ilin yanvar göstəricilərinə görə, ümumi sığorta yığımları arasında bitkiçilik cəmi 0,01 faiz təşkil edib. Hər il büdcədən kənd təsərrüfatı məhsullarının sığortasına 1 milyon manat vəsait ayrılır, lakin bu vəsait istifadə olunmamış geri qaytarılır. Yalnız ötən il 15 min manat həcmində təbii fəlakətə görə istehsalçılara vəsait ödənilib”.

N.Nəsirli onu da vurğuladı ki, dünyanın hər yerində dövlət aqrar sahəyə yönəlik dəstək tədbirləri həyata keçirir, lakin heç bir ölkə təbii fəlakətlərdən sığortalana bilmir. Bu sistem dövlətin iradəsindən kənarda, özəl münasibətlər zəminində formalaşmalıdır. Sığorta sistemi pərakəndə xarakter daşıyan aqrar istehsalı stabilləşdirən iqtisadi alətdir”.

Interpress.az