Xəstələrin ödədiyi puldan həkimə faiz çatırmış – TƏSDİQLƏNDİbackend

Xəstələrin ödədiyi puldan həkimə faiz çatırmış – TƏSDİQLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərovun sözlərinə görə, bəzi klinikalarda tanınmış həkimlərin gəlirlərinin əməliyyatdan daxil olmuş məbləğlərin 50-70 faizini əhatə etdiyi aşkar edilib.

“Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib”.

X.İsgəndərov deyib ki, Vergilər Nazirliyi özəl tibb müəssisələrində vergi qanunvericiliyinə əməl olunması ilə bağlı araşdırmaları davam etdirir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək:
“Qeyd etmək istərdim ki, əgər kimsə düşünürsə ki, əməkdaşlıq münasibətləri nəticə etibarilə vergi nəzarətinin zəifləməsinə gətirəcək, bu, tamamilə yanlış fikirdir. Vergilər Nazirliyi yoxlamaların sayını kəmiyyətcə azalda bilər, lakin bu, nəzarət sisteminin zəifləməsi demək deyil. Vergi yoxlamaları məsafədən, vergi risklərinin idarə edilməsi sistemi kimi innovativ alətlərin tətbiqi ilə həyata keçirilir.

Mövcud informasiya texnologiyaları müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün hər hansı riskin mövcudluğunu aşkar etməyə imkan verir. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Lakin fəaliyyət növündən, iqtisadiyyatı əhatə miqyasından asılı olmayaraq, qanunu pozan, dövriyyəsini gizlədən, vergidən yayınan hər bir vergi ödəyicisinin yoxlanılması, qanunla nəzərdə tutulmuş qaydada sanksiyalarla üzləşməsi qaçılmazdır.

Sahibkarlıq subyektlərinin nəzərinə çatdırmaq istərdik ki, təsərrüfat subyektlərinin fəaliyyətində qanunvericiliyin düzgün tətbiqi, işə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin bağlanması, əməkhaqlarının real məbləğlərinin göstərilməsi, vergi və xüsusi razılıq tələb edən sahələrdə qanunvericiliyin tələblərinə əməl edilməsi zəruridir”.

Interpress.Az