“Bayram Səfərov bu işin öhdəsindən gələ bilmirdi”backend

“Bayram Səfərov bu işin öhdəsindən gələ bilmirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, indiyədək İcmanın sədri vəzifəsini Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tuturdu.

Interpress.Az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az -a bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərinin dəyişdirilməsi doğru qərardır:

“Açıq demək lazımdır ki, Bayram Səfərov bu işin öhdəsindən gələ bilmirdi. Bu vəzifədə çevik şəxsə ehtiyac var. İcmamızın rəhbəri erməni separatçıları, Ermənistan hakimiyyəti, erməni lobbisi ilə mübarizədə güclü olmalıdır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır. İcma rəhbərinin rus və ingilis dillərində sərbəst danışması da vacibdir. İnanmaq istərdim ki, Qarabağın azərbaycanlı icmasının rəhbəri üçün bütün lazım olan keyfiyyətlər Tural Gəncəliyevdə var. Ona gərgin və məsul fəaliyyətində uğurlar arzulayıram”, – deyə politoloq vurğulayıb.

Xatırladaq ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2006-cı ildə Dağlıq Qarabağın Azərbaycanlı İcması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.

Interpress.Az