Ernan Krespo: Bakıdakı finalda “İnter”in qalib olmasını istərdim – MÜSAHİBƏbackend

Ernan Krespo: Bakıdakı finalda “İnter”in qalib olmasını istərdim – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az əfsanəvi hücumçunun müsahibəsini AFFA-nın rəsmi \”facebook\” səhifəsinə istinadən təqdim edir…

– Bir-birindən maraqlı və çılğın derbilərin iştirakçısı olmusunuz: \”River Pleyt\” – \”Boka Xuniors\”, \”Latsio\” – \”Roma\”, \”İnter\” – \”Milan\”, \”Çelsi\” – \”Arsenal\”. Bunlardan hansını sizin üçün xüsusi adlandırmaq olar?

– Həmçinin, Argentina – Braziliya qarşılaşmasını qeyd etmək olar (gülür). Argentinada doğulduğumdan, \”River\” – \”Boka\” derbisinin mənim üçün xüsusi yeri var. Mən bu cəmiyyətdə böyüyüb boya-başa çatdığım üçün hansısa başqa derbinin iştirakçısı olmaq haqqında xəyal qurmamışam. Avropada çıxış etmək arzularım üçün əhəmiyyətli məqam idi və Avropada qeyd olunan bu derbilərin iştirakçısı olmaq mənim üçün böyük qürur mənbəyidir. Amma sözsüz ki, mənə daha yaxın olanı \”River\” – \”Boka\”dır.

– Hazırkı Argentina ilə dünya çempionatının finalında son saniyələrdə qələbə üçün penalti qazansaydınız, özünüz vurardınız, yoxsa Lionel Messiyə həvalə edərdiniz?

– Gözəl sualdır. Hipotetik hissəyə keçirik. Adətən, komandalarda penalti vuran oyunçunun kim olduğu əvvəlcədən müəyyənləşdirilir. Amma bu imkanım olsaydı, böyük məmnuniyyətlə özüm vurardım. Çünki mən futbolu çox sevirəm və dünya çempionatları, Çempionlar Liqası, Avropa Liqası və Yay Olimpiya Oyunları kimi böyük tədbirlərin iştirakçısı olmaq və orada qol vurmaqdan qürur duyuram. Əslində sualda soruşulan yeganə məsələ finaldır ki, onu heç vaxt oynamamışam. Çünki bütün mümkün digər finalları oynamışam və hər birində qol vurmağa nail olmuşam. Ona görə də deyilən hipotetik finalda qol müəllifi olmasaydım, bəlkə də penaltini özüm vurardım.

– Karyeranız boyunca heç vaxt qırmızı vərəqə almamağınızın sirri nədir?

– Bilmirəm.

– O zaman bu, sirr deyil?

– Sadəcə, mən heç vaxt hakimlə bağlı narahat olmamışam. Düzü, hakimlərlə hansısa münaqişələrimin olduğunu xatırlamıram. Çünki onun qərarını heç vaxt dəyişməyəcəyini bilirəm. Əlbəttə, müəyyən məqamları müzakirə etmək olar, amma yekunda qərar dəyişməyəcək. Ona görə heç vaxt oyunu idarə edən hakimin kim olacağı, onun xasiyyəti və s. kimi suallarla maraqlanmamışam. Əsas diqqəti özümə, öz komandama və rəqibə yönəltmişəm.

– Milan şəhərinin hər iki komandasında oynamısınız. Onlardan karyeranızda əsas rol oynayanı hansıdır: \”Milan\”, yoxsa \”İnter\”?

– Hər ikisi. Hər birində fərqli və çox yaxşı vaxt keçirmişəm. Bəli, \”İnter\”də 4, \”Milan\”da 1 mövsüm oynamışam. Amma \”Milan\”dakı 1 mövsüm kifayət qədər gərgin və maraqlı olduğundan, sanki orada bir neçə il çıxış etmişəm. Mənim üçün bu, qürurverici amildir. Çünki bu cür möhtəşəm klublarda oyun imkanı qazanmaq böyük göstəricidir.

– Əlinizdə imkan olsaydı, Argentina yığmasının 1998-ci il heyətindən hansı 3 oyunçunu DÇ-2014-ün heyətinə daxil edərdiniz ki, komandanız dünya çempionu olsun?

– Əvvəla, özümü. Çünki daha bir mundial oynamaq istərdim. Digərləri isə Xuan Sebastyan Veron və Qabriel Batistuta. Beləliklə, olacaqdı Batistuta, Krespo, Messi və Veron. Əla!

– 2000-ci ildə \”Parma\”dan \”Latsio\”ya 56 milyon avroya keçərək, dünyanın ən bahalı futbolçusu oldunuz. Müasir dövrdə isə futbolçulara bundan 3-4 dəfə çox məbləğlər ödənilir. Hazırda futbol oynasaydınız, transfer qiymətiniz nə qədər olardı?

– Düzü, buna heç vaxt fikir verməmişəm. Yəni, bu, məni heç vaxt maraqlandıran məqam olmayıb. Həmişə fikrimi öz işimi yaxşı görməyə, komandam üçün yaxşı oyun göstərməyə, komandamla titullar qazanmağa yönəltmişəm. Çünki bu qiymətləri yekunda klub prezidenti müəyyənləşdirirdi. Əsas marağım işimi yaxşı görmək, meydanın daxilində zövq almaq, məşq etmək, azarkeşlərə, özümə və əmək haqqımı ödəyən rəhbərə hörmət etmək olub. Diqqətimi də məhz bu məqamlara yönəltmişəm. Qiymətin qoyulmasına ciddi yanaşmamışam.

– Bakıdakı Avropa Liqasının finalında \”Çelsi\” və \”İnter\” komandaları qarşılaşsa, hansına azarkeşlik edəcəksiniz?

– Çox maraqlı sualdır. Çox çətin seçimdir. Çünki \”Çelsi\”də 2, \”İnter\”də 4 mövsüm oynamışam və hər ikisi mənə çox gözəl münasibət bəsləyib. Çox çətin qərardır. Amma izləmək üçün çox rahat oyun olardı. Çünki sonda kimi qalib gəlməsindən asılı olmayaraq, sevinərdim. Seçim etməli olsaydım, hər halda \”İnter\” deyərdim. Çünki 20 ildir bu komanda Avroliqada qalib olmur. Düşünürəm ki, bu qələbə İtaliya futbolu üçün böyük uğur olardı.

– Həm Libertadores Kuboku, həm də Çempionlar Liqasının finalında oynamısınız. Sizcə, hansı turnir daha çətin və ciddidir?

– Hər ikisi kifayət qədər çətindir. Həm ortaya çıxan oyunlar, həm də finala vəsiqə qazanmaq çox çətin olur. Hər birinin öz çətinliyi var. Hansısa birini seçmək mümkün deyil. Təbii ki, hər ikisi çox gərgin və ehtiraslıdır. Libertadores Kuboku mənim uşaq vaxtımdan çox sevdiyim və nə vaxtsa iştirak etməyi arzuladığım turnirdir. Çempionlar Liqasını isə artıq bir qədər böyüdükdən sonra izləməyə və sevməyə başladım. Çünki mən uşaq olanda o hələ Çempionlar Kuboku adlanırdı və Argentinada elə də çox izlənmirdi. Əsasən final oyunlarına baxılırdı. Peşəkar futbolçuya çevriləndən sonra və Çempionlar Liqasında oynamağa başladıqda təbii ki, orada da qalib gəlmək istəyirdim. Bir daha qeyd edim ki, hər ikisi çox çətin turnirdir və çox şadam ki, hər iki turnirin finalında oynamaq və qol vurmaq imkanına, bacarığına malik olmuşam. Baxmayaraq ki, yekunda birində qalib gələ bildik, digərində isə yox.

– 2005-ci ildə İstanbuldakı final gecəsində \”Liverpul\”a özünüzün 2-ci, \”Milan\”ın 3-cü qolunu vurduqdan sonra ağlınızda nələr var idi?

– Böyük sevinc hissi. Çünki uşaq olanda \”Milan\”ın oyunlarına, Marko van Bastenin \”Milan\”ına baxırdım və bu klubun formasında Çempionlar Liqasının finalında oynamaq, 2 qol vura bilmək böyük arzum idi. Düzdür, yekun çox kədərli oldu. 3:3 hesablı heç-heçədən sonra penaltilərlə məğlubiyyət – həzm edilməsi çox çətin nəticə idi. Lakin bu yarışın, bu görüşün səviyyəsinə uyğun hazırlıqlı olmaq əslində mənim üçün qürur səbəbi idi. Bu finalda qalib gəlmək üçün əlimdən gələni etmişdim. Təəssüf ki, bu, bəzən mümkün olmur və çox böyük əzab verir. Lakin istər peşəkar futbolçu, istərsə də futbolu sevən insan kimi görüşün səviyyəsinə uyğun olduğum anlayışı bu kədəri qəbul etməyə dəstək olurdu.

– Karyeranız boyunca hansı qolunuz sizi ən çox həyəcanlandırıb və təsirləndirib?

– Müxtəlif komandalarda oynamışam və azarkeşlərlə görüşəndə, danışanda hərəsinin vurğuladığı bir qol olur. Bu, finallarda vurulmayan qol da ola bilər. Xoşbəxtlikdən, iştirak etdiyim bütün finallarda qol vurmağa nail olmuşam. Bəzilərində qalib gəlmişik, bəzilərində uduzmuşuq. Lakin azarkeşlər üçün sevimli qol seçmək səbəbi müxtəlif ola bilər. Məsələn, o oyuna atası və ya qardaşı ilə baxıb. Mən hisslərinə əsaslanaraq, sevimli qol seçən azarkeşlərə böyük hörmətlə yanaşıram. Mənim üçün hər bir qol xüsusidir. Çünki göstərdiyim səylərin, çəkdiyim zəhmətin, tez yatmağın, düzgün qidalanmağımın, hər gün məşq etməyimin nəticəsidir. Təbii ki, bəzi qollar digərlərindən daha əhəmiyyətli ola bilər. Lakin onların hər biri geriyə baxdıqda qürur duyduğum karyeramın formalaşmasına töhvə verib.

Interpress.Az