“Heydər Əliyev. Şəxsiyyət və Zaman” əsəri Türkiyədə işıq üzü görübbackend

“Heydər Əliyev. Şəxsiyyət və Zaman” əsəri Türkiyədə işıq üzü görüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-tədqiqatı ilk dəfə olaraq “TEAS Press Yayıncılıq” tərəfindən türk dilində nəşr olunub. Üçcildliyi türk dilinə tanınmış yazar Azad Ağaoğlu tərcümə edib.

Interpress.Az xəbər verir ki, Elmira Axundova bununla bağlı AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib:

– Bilirsiniz ki, 2014-cü ildə mənim “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı yeddicildliyim çox yüksək qiymətləndirilərək dövlət mükafatına layiq görülüb. Mükafat təqdim edilərkən mən şəxsən hörmətli Prezidentimizə və dövlət nümayəndələrinə demişdim ki, bundan sonra əsas məqsədim kitabları xarici dillərə çevirərək onları dünyaya tanıtmaqdır. Mən yeddicildliyi yenidən işləyərək demək olar ki, üçcildlik təzə əsər yaratmışam. Sonra müxtəlif səfirliklərə, fondlara, tanınmış insanlarımıza üz tutmuşam. Artıq əsər Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sayəsində işıq üzü görüb. Macarıstanın paytaxtı Budapeşt şəhərində dostum, həmkarım, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin dəstəyi ilə macar dilində nəşr edilib. “TEAS Press” Nəşriyyat evi sayəsində ingilis dilində işıq üzü görmüş kitabları isə Londonda Britaniya parlamentində təqdim etmişik. İndi gördüyünüz kimi, yenə də “TEAS Press” Nəşriyyat evi tərəfindən bu kitablar Türkiyədə çox nəfis şəkildə türk dilində çap olunub.

Bu hadisə məni artıq dərəcədə sevindirdi, çünki dahi Heydər Əliyev haqqında belə geniş formatda, belə dolğun məzmunda kitab qardaş Türkiyədə ilk dəfə olaraq nəşr edilib. İnanıram ki, bu kitablar sayəsində Türkiyə cəmiyyətinin tanınmış simaları Heydər Əliyev kimi dahi siyasətçinin fəaliyyətini, müstəqil Azərbaycan uğrunda çoxillik gərgin mübarizəsini, onun heyrətamiz şəxsi keyfiyyətlərini və bir çox digər maraqlı məqamları dərindən öyrənməyə imkan tapacaqlar. İstərdim ki, bu kitab Türkiyədə geniş yayılsın. İnanıram ki, bu əsər çox geniş oxucu marağına səbəb olacaq. Çünki Heydər Əliyevi Türkiyədə yaxşı tanıyırlar, Azərbaycan-Türkiyə əbədi dostluğunun təməlini qoyan şəxs kimi onun xatirəsini həmişə uca tuturlar.

Sonda “TEAS Press Yayıncılık” Nəşriyyat evinə və kitabın türkdilli versiyasının nəşrində zəhməti olan bütün insanlara dərin təşəkkürümü bildirirəm, onlara yeni-yeni uğurlar, möhtəşəm layihələr arzulayıram. Ümid edirəm ki, bu üçcildlik Heydər Əliyevi sevənlər sayəsində başqa xarici dillərdə də çap ediləcək.

Interpress.Az