Ermənistan idmanındakı qalmaqallar: Məşqçi və idmançının atası döyülüb, generalın oğluna cinayət işi açılıb – ARAŞDIRMAbackend

Ermənistan idmanındakı qalmaqallar: Məşqçi və idmançının atası döyülüb, generalın oğluna cinayət işi açılıb – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın məlumatına görə, bu barədə news.am-ın hazırladığı yazıda bildirilir.

Dopinq qalmaqalı: Məşqçi döyüldüyünü necə gizlətməyə çalışdı?

Ötən il işğalçı ölkə üçün dopinq qalmaqalı ilə başlayıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qadınlardan ibarət yığmada dopinqdən istifadə halının baş verdiyini açıqlayıb. 20 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionu, yeniyetmələr arasında dünya çempionatının bürünc mükafatçısı və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının iştirakçısı Sona Poqosyanın dopinq-testi müsbət nəticə verib. 75 kq çəki dərəcəsində yer alan idmançı bütün yarışlardan kənarlaşdırılıb. Bu, həmin vaxt müvəqqəti cəzalı olan Ermənistan millisi üçün daha bir sarsıdıcı zərbə olub.

Ermənistan Ağırlıqqaldırma Federasiyasının iclasında baş məşqçi Artaşes Nersisyan və Poqosyanın şəxsi məşqçisi Arman Kazaryanın istefaya göndərilmələri qərara alınıb. Bundan sonra Kazaryan xəstəxanaya yerləşdirilib. Onu Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Qagik Tsarukyanın döydüyünə dair şayiələr yayılıb. Lakin məşqçinin özü uydurma əhvalat nəql edərək, guya evinin təmiri vaxtı hündürlükdən yıxıldığını bildirib.

Hərbi xidmətdən yayınan boksçunun atası döyüldü, yoxsa yıxıldı?

Daha bir insident boksçuların iştirakı ilə baş verib. Bu dəfə də hadisənin episentrində Tsarukyan olub. Gənclər arasında dünya çempionu Nikolay Arutyunovun 50 yaşlı atası Vyaçeslav Arutyunovun çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun Ermənistan Boks Federasiyası rəsmilərinin Ermənistan MOK-dakı görüşü zamanı döyüldüyü müəyyənləşib. Səbəb isə V.Arutyunovun Rusiyanın paytaxtı Moskvada olan boksçu oğlunun hərbi xidmətdən yayınması olub. Tsarukyan idmançının hərbi xidmət məsələsini həll edəcəyinə dair söz versə də, buna əməl etməyib. Nəticədə onunla boksçunun atası arasında qalmaqal baş verib.

Faktla əlaqədar cinayət işi qaldırılıb. Komitə prezidentinin köməkçisi Eduard Babayan həbs olunub. Bundan sonra boksçunun atası və anası Tsarukyana qarşı verdikləri ilkin ifadələri geri götürərək, V.Arutyunovun təsadüfən yıxılaraq xəsarət aldığını iddia ediblər.

Ermənistan MOK prezidenti niyə federasiyanın işinə burnunu soxdu?

Ermənistan MOK prezidenti ilə bağlı daha bir qalmaqal ötən ilin ikinci yarısına təsadüf edib. Artur Gevorqyan ikinci dəfə Ermənistan Boks Federasiyasının prezidenti seçilməsinə baxmayaraq, Tsarukyandan təlimat alan bir qrup boksçu iclas zalına soxularaq, yeni seçki tələb edib. Gevorqyan isə geri çəkilməyib. O, 2020-ci ildə Ermənistan MOK prezidenti seçkisində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bundan az sonra Ermənistanda alternativ Boks Federasiyası yaradılıb. Gevorqyan bunu qanuni federasiyanın işinə müdaxilə hesab edib. İşə Ermənistan İdman Nazirliyi qarışıb. Nazir səlahiyyətlərini icra edən Qabriel Kazaryan üçtərəfli görüşün keçiriləcəyini vəd edib. Lakin həmin görüşə Gevorqyandan başqa heç kim gəlməyib. Bu problem hələ də həll olunmamış qalır.

Olimpiya çempionunun müalicəsinə pul tapılmadı

Növbəti qalmaqal güləş növündə baş verib. Yunan-Roma güləşi üzrə olimpiya, 3 qat dünya və 4 qat Avropa çempionu Artur Aleksanyanın atası Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatından sonra şok açıqlama verib. O, oğlunun zədələrini öz hesabına müalicə etdiyini və dövlətdən heç bir dəstək almadığını bildirib. Hazırda ABŞ-da olan titullu idmançı yenə müalicəsini özü edir. Aleksanyan Budapeştdəki dünya çempionatında zədəsini səbəb göstərərək, bürünc medal görüşünə çıxmaqdan imtina edib. O, dekabrın 27-də ilin ən yaxşı idmançılarının mükafatlandırma mərasiminə də qatılmayıb. Tədbirdə atası da iştirak etmədiyindən, ona çatacaq avtomobili yığmanın baş məşqçisi Levon Culfalakyan alıb.

Generalın federasiya prezidenti olan oğluna qarşı cinayət işi açıldı

Daha bir qalmaqal Ermənistan Taekvondo Federasiyası ilə bağlı olub. Federasiyanın fəxri prezidenti general Manvel Qriqoryana qarşı cinayət işinin açılmasından sonra quruma rəhbərlik edən oğlu Karen Qriqoryanın istefaya göndərilməsi tələb olunub. Səbəb kimi onun səlahiyyətlərinin başa çatması, federasiyada isə çoxsaylı pozuntuların, maliyyə yeyintilərinin və korrupsiya hallarının aşkarlanması göstərilib. Sadalanan faktlarla əlaqədar cinayət işi qaldırılıb, K.Qriqoryanın səlahiyyətlərinə isə son verilib. Lakin hələ də federasiyaya yeni prezident seçilməyib.

Interpress.Az