Sabir Rüstəmxanlı “Azadlıq” radiosuna etiraz etdibackend

Sabir Rüstəmxanlı “Azadlıq” radiosuna etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən “Azadlıq” radiosu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbəri, tanınmış ziyalı Sabir Rüstəmxanlı da daxil olmaqla bir neçə ziyalıdan bloqqer Mehman Hüseynovun aclıq aksiyası ilə bağlı münasibət öyrənib. Yazıda qeyd olunub ki, S.Rüstəmxanlı hazırda ölkədə olmadığını, müalicədə olduğunu, qayıdandan sonra bu barədə danışacağını deyib.

VHP sədri sözügedən yazıya sosial şəbəkədəki statusunda etiraz edib

Interpress.Az onun statusunu təqdim edir: “”Azadlıq” radiosu jurnalistinin, mən müalicə prosesində olarkən gələn zənginə qısa cavabımı yaydığını görəndə təəccübləndim. Çünki telefonda salamlaşmaq, hal-əhval tutmaq bir şeydir, müsahibə götürmək ayrı şey. Mən qarışıq bir yerdə gələn zəngə cavab verib demişəm ki, indi danışmaq imkanım yoxdur, xaricdəyəm. Hətta yerimi də demişəm ki, müalicədə oldugumu başa düşsün… Yaxşı başa düşüb! Görəsən bizim insanlığımız harda qaldı? Sağlıq diləmək əvəzinə, mənim əvəzimdən rəy də bildirib. Mən heç onun sualını eşitməmiş danışmaq imkanımın olmadığını bildirmişəm”.

S.Rüstəmxanlı yazıb ki, Azərbaycanda gənc fəallara münasibəti bəhanə edib ziyalıları hədəfə çevirmək olmaz. Onun sözlərinə görə, bu riyakar yolla söydürülən adamlar bütün həyatlarını milli- mənəvi, siyasi dirçəlişimizə həsr ediblər, illər uzunu hüququ pozulanların müdafiəçiləri olublar, müdafi komitələrində və ya şəxs olaraq sözlərini deyiblər, çıxışlar ediblər, məktublar yazıblar və nəhayət çox vaxt öz hüquqları da pozulub: “Bizdə gənc fəallara münasibət gələcəyimizlə bagli məsələdir və hamımızı ciddi şəkildə narahat edir. Mən bu barədə fikrimi həmişə demişəm, bundan sonra da deyəcəyəm. Mehman Hüseynovun azadlığa çıxmasına az qalmış haqqında yeni ittiham irəli sürülməsi yolverilməzdir və mən bunu qətiyyətlə pisləyirəm. Lakin istərdim ki, o, aclığı dayandırsın və sağlamlığını qorusun. Dəfələrlə yazmışıq, bu gənclər bizim övladlarımızdır, sabahkı Azərbaycanın silah və fikir əskərləridir, onları sındırmaq xalqı, dövləti zəiflətməkdir və cinayətdir. Bu mənim mövqeyimdir və özünü milli- demokrat düşərgənin təmsilçisi sayan, mətbuatı izləyən hər kəs bunu bilir. Əlavə və yanlış rəy yaratmaq istəyənlər və bunu mənə qarşı kampaniyaya çevirənlər də bizi bu yolla mənəvi baxımdan əzməyə çalışırlar və onların Mehmanlara haqsız cəza verənlərdən heç bir fərqləri yoxdur”.

Interpress.Az