Müəllimlər də dilə gəldi: “Birinci sinif şagirdlərinə yazığımız gəlir”backend

Müəllimlər də dilə gəldi: “Birinci sinif şagirdlərinə yazığımız gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı şagirdlər olsun

Son vaxtlar sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən aktual mövzulardan biri də ibtidai sinif şagirdlərinin dərs yükü ilə bağlıdır. Xüsusən də \”valideyn qrupları”nda da bu məsələ ciddi narazılıq doğurur. \”Oğlum hələ birinci sinifdə oxuyur. Dərsləri o qədər ağır olur ki, uşaq bütün günü kitabla gəzir, amma yenə də çatdıra bilmir. Üstəlik, uşağın psixologiyası da pozulub. Axı birinci sinif şagirdini təhsil adı ilə bu qədər yükləməyin mənası nədir? Uşaqların yaşlara görə diqqət həcmi normaları var. 6-7 yaşlı bir uşağa sözün fonetik təhlilini tapşırmaq nə dərəcədə düzgündür? Biz bu dərsi beşinci sinifdə keçirdik”. Bu, övladı birinci sinfə gedən bir valideynin mövqeyidir.

İbtidai siniflərdə dərslərin çətinliyindən narazı olan valideynlərin sayı çoxdur. Valideynlər 1-4-cü sinif şagirdlərinin normadan artıq yükləndiyindən, uşaqların dərsi qavraya bilməməyindən şikayətlənirlər.

Hətta problem o səviyyəyə çatıb ki, ibtidai sinif müəllimləri belə ibtidai təhsil səviyyəsində tədris olunan fənlər üçün tərtib edilmiş məzmun standartları və dərsliklərə irad tutur: \”İki aydır məktəbə gələn uşağa imkan verin oxumağı, yazmağı öyrənsin.

Uşaq cümləni asta-asta, hecayla oxuyur, təbii olaraq hələ oxuduğunu dərk etməyi bacarmır, uşaqdan soruşulur ki, oxuduğun cümlə sual cümləsidir, yoxsa nida cümləsi? Riyaziyyat dərsində təzəcə 10 rəqəmi öyrənmiş, əli ilə güclə toplayıb-çıxmağı öyrənən uşağa tənlik necə həll olunur, məchul azalan, çıxılan, məchul toplanan necə tapılır, bunları öyrətməyə çalışıram. Yaş səviyyəsi deyilən bir şey var. Birinci sinifdə çətinlikə, uşağa zülm edə-edə öyrətdiyimiz materialı, ikinci-üçüncü sinifdə daha rahatlıqla öyrədə bilərik. Bütün ibtidai sinif müəllimlərinin qarşılaşdığı real problemlərdir. Mənim bir müəllim kimi bu qədər yükləndikləri üçün ibtidai sinif şagirdlərinə yazığım gəlir. Məzmun standartları və həmin standartlara uyğun hazırlanmış dərsliklər sadələşdirilməlidir”.

Bəs ibtidai sinifdə dərslər həqiqətən çətindirmi? Uşaqların və valideynlərin problemini aradan qaldırmaq üçün nə etmək lazımdır?

Təhsil eksperti Kamran Əsədov da orta məktəblərin ibtidai siniflərində tədris proqramının kifayət qədər ağır olduğu qənaətindədir:

\”Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə, 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.

Amma təəssüf ki, bu gün orta məktəblərin ibtidai siniflərində tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə, bu, yüngülləşmir.

Hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər”.

K.Əsədovun sözlərinə görə, indiki dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı şagirdlər olsun:

\”Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər – pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və \”bir udumluq\” olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s.

Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var. ABŞ-da həftənin 5-ci günü isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur”.

İbtidai sinif şagirdlərinin onlara lazım olmayan informasiyalarla həddindən artıq yükləndiyini vurğulayan ekspert deyib ki, Azərbaycanda bir neçə il əvvələ qədər bu təcrübədən istifadə olunmasa da, hazırda birinci siniflərdə ingilis və rus dillərinin tədrisinə üstünlük verilir: \”İbtidai sinifdən xarici dillərin tədrisi təqdirəlayiqdir. Bəs ana dilinin əlifbasını yeni öyrənməyə başlayan uşaqlarda bu, öz təsirini necə göstərir? 3 müxtəlif dili eyni vaxtda öyrənən uşaq üçün qavrama qabiliyyəti, ailədə hansı dilin işlək olması və hansı dildə təhsil alması kimi faktorlar əhəmiyyətlidir. Amma həm xarici dillər, həm digər fənlər şagirdləri hədsiz dərəcədə yükləyir.

Psixoloji araşdırmaların nəticələrinə əsasən xarici dillərin tədrisinin uşaq psixologiyasına mənfi təsir göstərir. Belə ki, 5 yaşdan aşağı uşaqlara xarici dilin öyrədilməsi ilk növbədə nitq inkişafında kəkələmə probleminə gətirib çıxarır. Dünya təhsil praktikasında belə bir norma var ki, hər bir fənn üzrə şagirdin öyrənə biləcəyi sözün miqdarı 20-dir. Bir çox ölkələrdə, məsələn, Rusiya, Gürcüstanda 6 fənn tədris olunursa, bizdə 9 fəndir. Bu o deməkdir ki, həftə ərzində hər fənnə görə şagirdin öyrənəcəyi söz ikidən artıq ola bilməz. Əks halda şagird informasiya ilə yüklənəcək. Bu da onun dərsə, fənnə olan marağını azaldacaq. Hesab edirəm ki, ibtidai siniflərin proqramı ciddi şəkildə sadələşdirilməli, informasiya yükü azaldılmalıdır”. (Azxeber)

Interpress.Az