“DİDİK-in ləğv edillməsi tamamilə absurd fikirlərdir” – Ekspertbackend

“DİDİK-in ləğv edillməsi tamamilə absurd fikirlərdir” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycanda ciddi kadr və struktur islahatları aparılır. Aparılan islahatlar fonunda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) ləğv olunması və komitənin Xarici İşlər Nazirliyinin (XİN) tabeçiliyinə verillməsi ilə bağlı məlumatlar da sosial şəbəkələrdə, eləcə də bəzi media orqanlarında yer alıb.

İnterpress.az xəbər verir ki, sözügedən məlumatla bağlı bizimyol.info-ya danışan diaspora məsələləri üzrə ekspert Toğrul Allahverdili ilk öncə son günlər aparılan islahatlardan və onun ölkəmiz üçün əhəmiyyətindən danışıb:

“Cənab Prezidentin son iki gündə verdiyi sərəncamlar və struktur islahaltları hər bir azərbaycanlını sevindirdiyi kimi bizi də sevindirdi. Misal üçün, SAM –ın fəaliyyəti demək olar ki, sıfır vəziyyətində idi. Hətta deyərdim ki, Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ təşkilatına xidmət etdiyi də üzə çıxırdı. Bununla bağlı, Azərbaycan mediası qələmi mürəkkəbə boyayaraq həqiqətləri yazırdı”.

Ekspert bildirib ki, hər hansı strukturda dəyişiklik etmək, islahatlar aparmaq, sərəncamlar vermək dövlət başçısının birbaşa səlahiyyətindən asılıdır:“Əgər bu gün DİDK-in fəaliyyəti uğurla davam edirsə, demək, qurum dövlətçiliyimiz üçün bütün xidmətləri layiqincə icra edir. Buna görə də, bəzi şəxslər tərəfindən DİDK-in ləğv olunması və səlahiyyətlərinin XİN-ə verilməsi kimi səsləndirdikləri fikirlər tamamilə absurd fikirlərdir. Çünki qloballaşan dünyada, xüsusilə də müharibə şəraitində olan Azərbaycanın diaspor gücü artırılmalıdır. Bunun üçün də ayrıca bir qurum fəaliyyət göstərməlidir. Necə ki, hazırda bu vəzifəni komitə icra edir. Hətta ölkə başçısı da Azərbaycan diasporunun gücləndirilməsi ilə bağlı dəfələrlə fikirlər səsləndirib. Hesab edirəm ki, hər hansı şəxsin və ya şəxslərin isə komitənin ləğv olunması təklifini irəli sürməsi sifarişlidir. Mən burada hər hansı bir fərdi ittiham etmirəm. Sözümü bu fikri səsləndirənlərə deyirəm. Ona görə də, bu cür insanlar öz şəxsi maraqlarına xidmət edənlərdir. Onların bu fəaliyyəti komitənin sabiq sədrinin vaxtında da mövcud idi”.

T.Allahverdilinin sözlərinə görə, komitənin ləğv olunması fikri absurddur: “Buna görə də, DİDK fəaliyyətini daha da gücləndirməlidir. Eyni zamanda, komitənin səlahiyyətlərinin artırılması çox gözəl olardı. Bununla yanaşı, xaricdə yaşayan diaspor fəalları da vəzifələrini gücləndirilmiş rejimdə icra etməlidirlər. Çünki Avropaya inteqrasiyanın astanasında olan Azərbaycan üçün lobbiçilik mühüm strateji əhəmiyyət daşıyır. Yenə deyirəm ki, müharibə şəraitində yaşayan bir xalqın ölkəsinin buna ehtiyyacı var.

O qeyd edib ki, komitənin fəaliyyətinin hər hansısa bir istiqamətində çatışmazlıqların olması sezilə bilər. Amma bu, o demək deyil ki, hər hansı çatışmazlığa görə, qurumun ləğv olunmasının tərəfdarı olasan: “Qurumda çatışmazlıqlar varsa, sən o çatışmazlıqlar barədə fikirlər səsləndir, tənqid et və ictimai qınaq yaransın ki, problemlər aradan qaldırılsın. Konfutsi təlimində belə bir ideya var ki, qaranlığa lənət oxumaqdansa, dur, bircə dənə şam yandır. Təbii ki, bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlər görülür. Biz ictimaiyyət nümayəndələri olaraq hamısını görürük. Amma buna da zaman lazımdır ki, bütün problemlər aradan qaldırılsın. Komitədə son rəhbər dəyişikliyindən sonra qurumun fəaliyyətində işartıları görməyənlərə oftalmoloqa müraciət etməyi tövsiyyə edirəm. Eyni zamanda, hər hansı bir şəxsin hansısa dövlət qurumunun bağlanmasını tələb etməsi tamamilə yanlışdır. Çünki bu, birbaşa dövlət başçısının səlahiyyətindədir və ölkə başçısı nəyin bağlanması və açılmasına özü qərar verir. Prezidentin sərəncamına dil uzatmaq yumşaq desək, hörmətsizlikdir”.

T.Allahverdili DİDK-in ləğv olunması ilə bağlı fikir səsləndirənləri gördükləri işlər barədə hesabat verməyə çağırıb: “Belələrinə demək lazımdır ki, diaspor fəaliyyəti ilə məşğul olub nə etmisiniz? İllərdir ki, fəaliyyət göstərirsiniz. Fəaliyyətinizi ortaya qoyun. Qarşıdan 20 Yanvar faciəsi yaxınlaşır, deyin görək, hansı ölkədə bu faciə ilə bağlı hansı tədbirləri keçirmisiniz. Hərə özünə bir təşkilat yaradaraq pafoslu təşkilat adı ilə azərbaycançılıq ideologiyasını təbliğ etməyi iddia edir. Amma orta heç bir şey yoxdur. Düşünürəm ki, bunlar təklif vermək əvəzinə gördükləri işlər barədə hesabat versinlər ki, ictimaiyyət nümayəndələri də onların fəaliyyət istiqamətlərindən və gördükləri işlərdən xəbərdar olsunlar Bunların işi bütün günü sosial şəbəkədə status yazmaqdan ibarətdir. Əzizlərim, siz əgər həqiqətən də dövlətçilik, azərbaycançılıq uğrunda xidmət etdiyinizi iddia edirsinizsə, bu xidmətləriniz DİDK və XİN olmadan da davam etdirilməlidir. Siz öz işlərinizi görün, axı nəyinizə lazımdır ki, hər hansı qurumun bağlanmasını təklif edirsiniz”.

İnterpress.az