Rövşən Tağıyev: “Ukraynada azərbaycanlılar ciddi, real bir qüvvəyə çevriləcək”backend

Rövşən Tağıyev: “Ukraynada azərbaycanlılar ciddi, real bir qüvvəyə çevriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada yaşayan azərbaycanlıların, Azərbaycan diasporunun həyatında 2018-ci il əvvəlki illərdən fərqli olaraq olduqca əlamətdar hadisələr ilə yadda qaldı. Azərbaycanlıların təşkilatlanması, ümumiyyətlə, fəaliyyətləri baxımından əsl inkişaf prosesi isə ötən il başladı. Bundan irəli gələrək artıq növbəti il üçün azərbaycanlılar ciddi planlar hazırlayıblar”.

İnterpress.az xəbər verir ki, bunu açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, ötən il konqresin Ukraynanın şəhərləri üzrə yerli bölmələrinin sayı daha da artırılıb: “Bu yaxında Ukraynanın Truskavets şəhərində Azərbaycan diasporu tərəfindən Müslüm Maqomayev adına festivalın keçirilməsi ölkədə geniş marağa səbəb oldu. Bundan başqa, diaspor olaraq tərəfimizdən bir sıra şəhərlərdə Azərbaycan mədəniyyət mərkəzləri yaradıldı. Ölkənin ən böyük şəhərlərində Xocalı soyqırımı, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fərqli formatlarda təqdimatlar keçirmişik”.

BUAK sədri onu da bildirib ki, Ukraynada yaşayan azərbaycanlıların hüquqları ilə bağlı diasporun hüquq departamenti ölkənin vilayətləri üzrə yerli qurumlarla əvvəlki illərdən fərqli olaraq daha fəal təmasa keçib.

R.Tağıyev bildirib ki, 2018-ci ildə daha çox yadda qalan o olub ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kiyevə gəlişi ilə bir neçə azərbaycanlı diaspor təşkilatlarının vahid formada birləşməsinə start verilib: “Konkret məqsəd müəyyənləşdi ki, tam birləşməliyik. İşçi Qrupu yaradıldı və 2019-cu ilin yazında artıq ümumi yekun Ukrayna Azərbaycanlılarının qurulatıyını keçirəcəyik. Bütün işlərimizi, planlarımızı məhz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqəli formada həyata keçiririk. Artıq Ukraynada azərbaycanlı diaspor təşkilatları arasında qarşıdurma yoxdur. Təəssüf ki, bu, bəzi şəxsləri, azərbaycanlıların birləşməsini istəməyənləri narahat edir və təxribatlara cəhdlər olur. Amma təcrübə göstərir ki, bu kimi cəhdlərin perspektivi yoxdir. İnanıram ki, bu templə davam etsək, Ukraynada azərbaycanlılar ciddi, real bir qüvvəyə çevriləcəklər”.

O həmçinin deyib ki, BUAK olaraq Ukrayna parlamentinin bütün qurumları ilə birbaşa təmasdadırlar: “Bizim bütün tədbirlərimizə Ukraynadan olan deputatlar qatılırlar”.

R.Tağıyev son vaxtlar bəzilərinin Azərbaycanın Diaspor Komitəsinin ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibinə verilməsi təkliflərini də ciddi səhv adlandırıb: “Bu, dünyadakı azərbaycanlıların, o cümlədən Ukraynadakı azərbaycanlıların fəaliyyətinə ciddi mənfi təsir edə bilər. Komitənin diaspor fəaliyyətində hazırkı müstəqil rolu olduqca önəmlidir. Komitə dünyadakı azərbaycanlıların fəaliyyətini Azərbaycan dövləti adından koordinasiya edən yeganə qurumdur. Bu, XİN tərkibinə verildiyi təqdirdə ciddi fikir ayrılıqlarına səbəb olacaq, problemlər yaranacaq. Çünki tez-tez səfirlər ilə diaspor təşkilatları arasında anlaşılmazlıq yaranır. Bu, reallıqdır. Səslənən təklif reallaşarsa, bu, daha da dərinləşər. Ona görə də dünyadakı azərbaycanlıların Azərbaycan dövləti ətrafında vahid ideya ilə birləşməsində komitənin müstəqil fəaliyyəti real zərurətdir. Məhz 16 il əvvəl Ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə bu komitəni yaradıb”.

BUAK sədri onu da qeyd edib ki, konqres 2019-cu ildə yeni layihələr üzrə hərəkət edəcək: “Ölkədə prezident, parlament seçkiləri keçiriləcək ki, azərbaycanlılar bu prosesdə fəal olacaqlar. Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz konkret olduğu üçün bu kimi siyasi proseslərdə fəalıq. Bizim tarixi vətənimiz Azərbaycan kimi, Ukraynanın da ərazi bütövlüyü təcavüzə məruz qaldığı üçün bu məsələdə mövqeyimiz birmənalıdır”. (Report)

İnterpress.az