Azərbaycanda qızılca xəstəliyi yayıldıbackend

Azərbaycanda qızılca xəstəliyi yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əhali arasında 6 ildən sonra ilk dəfə qızılcaya yoluxma halları qeydə alınıb.

Bu barədə İnterpress.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) məlumat verilib.

Məlumaat görə, yoluxma əsasən böyüklərdə qeydə alınsa da, uşaqlar arasında da müşahidə edilir:

“Hadisələrin sayı çox azdır, hələ ki, xəstəlikdən ağırlaşma qeydə alınmayıb. Həmin xəstələrin laborator qan analizləri, müayinə və müalicə işləri aparılır. Azərbaycanda bu xəstəliyin yayılma səbəbi bizimlə həmsərhədd olan ölkələrdə, eləcə də bütün Avropa ölkələrində qızılcanın yayılmasıdır. Bu ölkələrlə gediş-gəliş olduğundan tək-tək hallarda ölkəyə virusa yoluxmuş şəxslər gəlir. Onlarda müvafiq əlamətlər büruzə verəndən sonra müalicə tədbirləri görülür”.

Məlumatda bildirilib ki, bu xəstəlikdən qorunmanın başlıca yolu peyvənddir:

“Peyvənd olunmayan uşaqlar ərazi tibb müəssisələrində peyvənd edilməlidir.İmmuniteti olan əhali arasında bu xəstəliyə yoluxma qeydə alınmır. Bu xəstəliyə görə 12 ayın tamamında və ikinci dəfə 7 yaşına qədər peyvənd edilməlidir. Valideynlərə müraciət edirik ki, bu peyvənd təqvimindən müəyyən səbəbdən kənarda qalan uşaqların 10 yaşa qədər peyvənd etdirsinlər. Böyük yaşlı əhali arasında peyvənddən kənarda qalanlar üçün yaxın zamanda ölkəyə vaksinin gətirilməsi gözlənilir. Yaxın bir neçə ay ərzində peyvəndlər gətiriləndən sonra yaşlı əhali arasında da əlavə immunlaşdırma tədbirlərinin aparılması nəzərdə tutulub”.

Sonuncu dəfə ölkəmizdə qızılca 2013-cü ildə yanvar və iyul aylarında qeydə alınıb:

“O vaxt da xəstəlik Rusiyadan gətirilmişdi. Həmin il müəyyən qədər xəstələrimiz oldu. 2013-cü ildən bu ilə qədər qızılca heç vaxt qeydə alınmamışdı. Bu il isə tək-tək hallarda xəstəlik aşkarlanıb. Bu dəfə isə xəstəliyin hansı ölkədən gətirilməsi laborator nəticələr təsdiq ediləndən sonra bəlli olacaq. Lakin gediş-gəlişin ən sıx olduğu ölkə Gürcüstandır. Bildiyiniz kimi həmin ölkədə yanvarın ilk iki həftəsində 312 hadisə qeydə alınıb. Buna görə də Gürcüstandan gətirildiyi ehtimal edilir. Bununla yanaşı Avropa ölkələrində də xəstəliyin yayıldığını nəzərə alaraq digər ölkələrdən də gətirilməsi istisna edilmir”.

İnterpress.az