Döyülən şagirdlə bağlı rəsmi reaksiya…backend

Döyülən şagirdlə bağlı rəsmi reaksiya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Şöbəsindən verilən cavabda qeyd olunub ki, şagird P. Tanrıverdiyevin döyülməsi faktı ilə bağlı məktəbdə araşdırma aparılıb.

Araşdırmada P. Tanrıverdiyevin valideyni Sitarə Tanriverdiyeva, məktəbin direktoru Elşad Eyvazov, 6b-nin sinif rəhbəri G. Quliyeva, məktəbin tərbiyə işləri üzrə direktor müavini Baba Babayev və məktəbin psixoloqu Zeynəb Akimova iştirak ediblər.

Araşdırma zamanı şagird sinif rəhbərinin onu döymədiyini etiraf edib. Valideyn də söhbət zamanı qeyd edib ki, internet saytına məlumat verərkən övladının sinif rəhbəri tərəfindən döyüldüyünü deyil, sinif yoldaşı Eminlə dalaşdığı və Eminin Pünhanı vurduğunu deyib. Valideyn izahat yazmaqdan imtina edib.

Həmçinin məlum olub ki, E. Məstanovla P. Tanrıverdiyev eyni ərazidə yaşayırlar, bir neçə gün əvvəl uşaqlar həyətdə futbol oynayarkən aralarında mübahisə yaranıb. Yanvarın 9-da tənəffüs zamanı həmin şagirdlər arasında məktəbdə yenidən mübahisə düşüb və onlar bir-birini itələyiblər. Bu zaman P. Tanriverdiyevin başı sinif otağının divarına dəyib. Həmin vaxt otaqda heç bir müəllim olmayıb.

P. Tanrıverdiyev sinif rəhbərinə bu barədə heç bir məlumat verməyib, növbəti günlərdə isə dərslərdə iştirak edib. Sinif rəhbəri G. Quliyeva isə bu barədə yanvarın 14-də məktəbdə araşdırma aparılan zaman xəbər tutub.

Bütün bunlara baxmayaraq, şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi işini zəif təşkil etdiyinə, əlverişli təlim-tərbiyə mühiti yaratmadığına görə G. Quliyeva və məktəbin tərbiyə işləri üzrə direktor müavini B. Babayevə məktəbdaxili töhmət elan edilib, məktəbin psixoloqu Z. Akimovaya isə xəbərdarlıq olunub.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Sumqayıtda yerləşən 37 saylı orta məktəbin VI sinif şagirdi P. Tanrıverdiyevin müəlliməsi və sinif yoldaşı tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd olunub ki, başından çoxsaylı zərbələr alan məktəblinin səhhəti ağırdır (apa).

İnterpress.az