“Bir münaqişə həll edilmirsə və uzanırsa, başqa münaqişələrə səbəb olur”backend

“Bir münaqişə həll edilmirsə və uzanırsa, başqa münaqişələrə səbəb olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş “Transformasiya prosesində regionlar: Avrasiya” panelində çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan üçün ən böyük problem Dağlıq Qarabağ münaqişəsi və onun həllidir: “Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən törədilmiş işğaldan əziyyət çəkir. 20 ildən çoxdur ki, danışıqlar prosesi heç bir nəticə verməyib. Əgər bir münaqişə həll olunmursa və uzanırsa, o, başqa münaqişələrə səbəb olur. Görürük ki, Orta Asiyanı çıxmaqla, post-sovet ərazisində vəziyyət acınacaqlıdır. Son 1 ildə çox şey dəyişib. Yeni təhdidlərlə qarşılaşmışıq ki, biz bunu heç vaxt təsəvvür belə də bilməzdik. Bunlar tək regional deyil, qlobal təhdidlərdir”.

Dövlət başçısının sözlərinə görə, Avropadakı dəhşətli terror hücumları qeyri-sabitlikdən və ola bilər ki, lokal və ya regional məsələlərə doğru zamanda doğru reaksiya verilməməsi nəticəsində meydana gəlib: “Azərbaycan və Ermənistan arasında münaqişə əlbəttə ki, regional münaqişədir. Lakin onun metodologiya və coğrafiya nöqteyi-nəzərindən geniş miqyasda təsirləri var. Bu münaqişənin beynəlxalq hüquqa söykənən həllinə nail olunmazsa, eyni hadisələrə dünyanın başqa yerlərində də hazır olmaq lazımdır. Bir məsələ də ondan ibarətdir ki, beynəlxalq hüquq normalarına müxtəlif ölkələr tərəfindən öz maraqlarına uyğun şəklində istinad olunmamalıdır. Beynəlxalq hüquq necə var, elə tətbiq edilməlidir. BMT Xartiyasında, ATƏT sənədlərində və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq prinsiplərinin prioritetləri çox aydın şəkildə izah edilir. Onlar hamısı diqqətə alınmalıdır. O zaman biz ikili standartlardan və regionda yeni münaqişələrin yaranmasından yan keçə bilərik”.

İnterpress.az